Məhkəmə qərarları › İş №2(102)-518/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-518/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-518/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun, kredit üzrə yığılmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyas iya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2746/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxxx 2011-ci il tarixli, 8591 saylı kredit müqaviləsi ilə “xxxx” ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26% ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında xx xxxxx 2012-ci il tarixli, 8591 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin kreditin təminatı olaraq xx xxxxx 2011-ci il tarixli, 8591 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan “xxx” markalı, 1999-ci il buraxılışlı, **-LC-*** dövlət qeydiyyat ni şanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən tərtib olunmuş Maliyyə arayışına əsasən Cavabdeh1 xx xxx 2015ci il tarixə 4846,10 manat əsas borc, 3373,97 manat faiz borcu, 1259 manat dəbbə pulu olmaqla, cəmi 9479,07 manat borcu mövcuddur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/985 saylı rəyinə əsasən Cavabdeh1 tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx xxxxx 2014-cü il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu ümumilikdə 6959,12 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu üzrə 4865,01 manat, faiz bo rcu üzrə 2094,12 manat. Cavabdeh1 və “xxxx” ASC arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli, 8591 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixdən xx xxx 2015-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh1 “xxxx” ASC-yə olan əsas borcu 4865,01 manat, faiz borcu isə 2342,10 manat müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan “xxxx” ASC ləğvedicisi “X1 Company” MMC vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 4846,10 manat əsas borc, 3373,97 manat faiz borcu, 1259 manat dəbbə pulu olmaqla, cəmi 9479,07 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan “xxx” markalı, 1999-cu il buraxılışlı, gümüşü metallik rəngli, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)9005/2015 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4846,10 manat əsas borc, 3373,97 manat faiz borcu, 100 manat dəbbə pulu ol maqla, ümumilikdə 8320,07 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq “xxxx” ASC-nin ləğvedicisi “xxx” MMC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan “xxx” markalı, buraxılış ili - 1999, rəngi - gümüşü metal, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına ümumi borc məbləğinin “xxxx” ASC-nin ləğvedicisi “xxx” MMC-yə ödənilməsi, borcun ödənilməsindən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, müəyyən olunmuş borc ondan tutularaq iddiaçıya öd ənilməli, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş avtomobilə yönəldilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-9005/2015 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(103)-7279/2015 nömrəli qətnaməsi ilə (hakim İ.K.Xəlilovun sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Abdullayevadan və A.Q.Hüseynovdan ibarət tərkibdə) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-9005/2015 saylı qətnaməsi zamin Cavabdeh2 münasibətdə ləğv edilmiş, ona münasibətdə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. c) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Daha sonra Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-9005/2015 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2746/2020 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.Vəkildan ibarət tərkibdə) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-9005/2015 nömrəli qətnaməsi faiz borcu, cəmi məbləğ və dövlət rüsumunun məbləğləri ilə bağlı hissələ rdə dəyişdirilmiş, faiz borcu 2094,12 manat, cəmi məbləğ 7040,22 manat, dövlət rüsumu 22 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə əsas borc və tutmanın ipoteka predmetinə yönəldilmə hissələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin əsas, faiz və cəmi borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə isə MPMnin 119.1-ci maddəsinin müddəasına uyğun olsa da, f aiz borcunun, cəmi məbləğin və dövlət rüsumunun tutulmalı olan məbləğləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmış və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin təd qiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatı aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Ekspert rəyi əsasında müqavilə müddətinin sonuna olan faiz məbləği əsas götürülməli, faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində qətnamə dəyişdirilməli, faiz borcu 2094,12 manat müəyyən olunmalıdır. Əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bu hal ekspert rəyi ilə də, öz təsdiqini tapır. Həmçinin kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi MM-in 467-ci maddəsinə əsasən cərimə məbləğini azaltma qla, cərimənin məbləği ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan “xxxx” ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2746/2020 nömrəli qətnaməsinin qismən – faiz borcu, cəmi məbləğ və dövlət rüsumunun məbləğləri ilə bağlı hissələrdə ləğv edilməsi və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının poz ulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin istinad etdiyi ekspert rəyi əsassız olmuş və məhkəmənin yalnız həmin rəyə əsaslanması qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya məhkəməsi kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün hesablanmış 2094,12 manat məbləğində faiz borcunu əsas götürsə də, əsassız olaraq ekspert rəyi ilə müəyyən edilmiş xx xxxxx 2014-cü il tarixdən xx xxx 2015-ci il tarixədək olan müddət üçün 5 faiz dərəcəsi ilə hesablanmış 247,98 manat borcu nəzərə almamışdır. Həmçinin məhkəmə əsassız olaraq 30 manat dövlət rüsumundan cəmi 22 manat hissəsini təmin etmiş, ekspertiza tədqiqatının dəyərindən 38 manatını iddiaçıdan tutmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarını n izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsindən cavabdeh kassasiya şikayəti verməmişdir. Bu səbəbdən kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçının mübahisələndirdiyi: faiz borcunun azaldılması və məhkəmə məsrəflərinin bölünməs i hissələri üzrə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul b orc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlana n 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhk əmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müna sib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində süb utlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işdə olan sübutları qiymətləndirmiş və Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinə əsasən iş üzrə alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyini mötəbər sübut qismində qəbul etmiş, əsaslı olaraq tutulan faiz borcunun məbləğini tələb edilən həcmdə deyil, həmin rəylə müəyyən edilmiş məbləğdə təmin etmişdir. Belə ki, məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspert rəyi və iddiaçının tələbi arasında borcun hesablanmasında fərq olsa da, rəyin təsviri hissəsindən müəyyən olunur ki, ekspertiza iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş çıxarış məlumatları və kredit müqaviləsinin şərtlərinə uyğun keçirilmişdir. Həmçinin müəyyən olunur ki, borc “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən ilkin olaraq müqavilənin bitdiyi tarixə hesablanmış, sonrakı dövr üçün isə faiz borcu illik 5 faizlə hesablanmışdır. Məhkəmənin kredit müqaviləsi üzrə faiz borcunun müqavilənin sonuna kimi müəyyən etdiyi halda, sonrakı müddət üçün illik 5% dərəcəsi ilə borcun tutulmalı olmasına dair kassasiya şikayətinin dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarından da göstərildiyi kimi, iddiaçının kredit müqaviləsinin müddəti bitdikdən sonra faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ vardır. Lakin iddiaçı tələbində yalnız müqavilə üzrə faizin tutulmasını xahiş etmiş, zərər tələbini irəli sürməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi qeyd olunan hissədə Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə uyğun olmuşdur. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbləri son nəticədə qismən təmin olunduğundan məhkəmə məsrəflərin bölünməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə də Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2746/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni faiz və cəmi borcunun azaldılması, məhkəmə məsrəflərinin bölünməsi hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar