Məhkəmə qərarları › İş №2(102)-520/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-520/2023

09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-520/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1403/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan bir əlyazma qəbzdə “8 may 2019 c ildə X1 Akif Yaqub oğlunan 1120 (min yüz irmi) manat yoldaşlar işdirakıylə pul göturdum” və “Mən Bu pulu 2 ay kaytaracam, qaytarmasam məkəməyə müracyət edə bilər” yazıları icra edilmiş, Cavabdeh, Hüseynov Fikrət, Səfərov Babək və İddiaçı tərəfindən imza çəkilmişdir.

2. İş materiallarında olan digər əlyazma qəbzdə “Mən X2 Akif Yaquv oğlunan 600 mat pul götürdüm 15 may 2019ç ildə pul götürdüm 20 may 2019 ildə qaytarmaq şərtilə əgər pulu geç qaytarsam məykəməyə ver bilər” yazıları icra edilmiş, Cavabdeh, Hüseynov Fikrət, Səfərov Babək, Alıyev Cəsarət və İddiaçı tərəfindən imza çəkilmişdir. 3. xx.xx.2019-cu il tarixli texniki vasitə ilə yazılmış qəbzdə “Cavabdeh (AZE-14386671, xx.xx.2014, Ağcabədi RPŞ) Mən İddiaçı (AZE-07837874, xx.xx.2010, Ağcabədi RPŞ) 20000 (iyirmi min) manat pul aldım, 8 ay müddətinə bu pulu qaytarmasam yaşadığım ev yoldaşımla mənim adıma olmadığına baxmayaraq pulumun əvəzinə evim ona qalacaq məhkəməyə verməyə heç bir ehtirazım yoxdu və vəkili iştirak edə bilər.” yazısı icra edilmiş, Cavabdeh, X16, X17, X3 və İddiaçı tərəfindən imza çəkilmişdir. Həmçinin həmin qəbzdə əlyazısı ilə “Qəbz bizim iştirakımızla imzalandı. Odur ki, imzaların doğruluğunu təsdiq edirəm. Ağcabədi İƏD-si üzrə nümayəndəsi: V.Mehdiyev” yazılmış, imza icra edilmiş və qəbzə Ağcabədi RİHB-nin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin möhürü vurulmuşdur.

4. Cinayət işinin başlamasının rədd edilməsi barədə 18 may 2020-ci il tarixli qərara əsasən Cavabdeh borc olaraq İddiaçı ayrı-ayrı vaxtlarda 20000 manat, 1120 manat və 600 manat məbləğində b orc almasını və buna dair qəbz yazdığını təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21720 manat məbləğində pulun, 22000 manat məbləğində zərərin, cəmi 43720 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə məcburi qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 15 may 2019-cu il tarixində ondan 5 gün sonra qaytarmaq şərti ilə 600 manat, 10 iyul 2019-cu il tarixli qəbzlə 8 ay müddətinə qaytarmaq şərti ilə 20000 manat, 08 may 2019-cu il il tarixində isə 2 ay müddətinə qaytarmaq şərt i ilə 1120 manat borc pul götürmüş, bu barədə öz xətti ilə yazaraq qəbz vermiş, qəbzlərdə göstərilən müddət başa çatdıqdan sonra dəfələrlə tələb etməsinə baxmayaraq, pulunu qaytarmamaqla iddiaçıya 21720 manat pul ziyanı, öz vəsaitindən istifadə edə bilmədiyinə görə 22000 manat ziyan, cəmi 43720 manat əmlak ziyanı vurmuşdur.

7. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.

8. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(017)-47/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.B.Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 21720 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmiş dir ki, cavabdeh iddiaçıdan xx.xx.2019cu il tarixdə 1120 manat, xx.xx.2019-cu il tarixdə 600 manat, 10.072019-cu il tarixdə isə 20000 manat olmaqla, cəmi 21720 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin məbləği hal-hazıradək iddiaçıya qaytarmamışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 21720 manat məbləğində borc pul alınaraq iddiaçıya verilməlidir.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının əldən çıxmış faydanın alınıb verilməsinə dair hissəsində iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 157.2, 386.1, 442, 448.1, 739 və Mülki Prosessual Məcəllənin (bundan son ra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh iddiaçını təxminən iki ildir ki, tanıyır və onun evində usta kimi işləmişdir. O, 04 may 2019-cu il tarixində iddiaçıdan 400 manat pulu Ağdam rayonu, Əffətli kənd sakini Fikrət Həsənov və Ağcabədi şəhər sakini X9 yanında almış və bununla bağlı qəbz yazmış, orada olan şahidlər də həmin qəbzi imzalamışdır. 15 may 2019-cu il tarixində cavabdehə pul lazım olduğu üçün yenidən iddiaçıdan pul istəmiş, 600 manat pulu yenə də Fikrət Həsənov və Babək Səfərovun yanında almış və bununla bağlı da qəbz yazmış, şahidlər isə həmin qəbzi də imzalamışlar. xx.xx.2019-cu il tarixində Ağcabədi şəhər sakini X3 cavabdehin yanına gələrək, ona 2000 manat pul lazım olduğunu bildirmiş, Laçın rayon sakini X11 problemi olduğu üçün ona 2000 manat pul axtardığını demişdir. Cavabdeh isə Zamiq və Elmirlə birlikdə iddiaçının yaşadığı Avşar kəndinə gedib onunla görüşmüş, Zamiqə 2000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı isə qeyd etmi şdir ki, o, cavabdehi tanıyır, əgər o, zamin dursa, pul verər. Bundan sonra, iddiaçı cavabdehdən pul götürməsi ilə bağlı qəbz yazmasını istəmişdir. Cavabdeh həmin qəbzi yazan zaman iddiaçı etibarlı olması üçün qəbzə 2000 manat əvəzinə, 20000 manat yazmasını istəmişdir. Həmin vaxt Zamiqə pul lazım olduğu üçün cavabdeh məcbur qalıb qəbzə 2000 manat əvəzinə 20000 manat yazmışdır. İddiaçı həmin vaxt cavabdehin savadsız və pula ehtiyacının olmasından istifadə edərək, belə bir qəbz yazdırmışdır. Həmin 2000 manat pulu təxminən 2019-cu ilin iyul ayında Ağcabədi şəhərində Ağcabədi Rayon İcra Hakimiyyətinin Şəhər Ərazi Nümayəndəliyinin inzibati binasının qarşısında almışdır. Həmin vaxt orada X18 və X5 da olmuş, cavabdehin yazmış olduğu qəbzi imzalamışlar. İddiaçı hər dəfə cavabdeh pul götürən zaman etibarlı olması üçün qəbz yazdırmış və həmin qəbzlərdə götürülmüş pulların məbləğlərinin artıq yazılmasını istəmişdir. Əslində isə o, iddiaçıdan həmin məbləğlərdə pul almamış, hissə-hissə olmaqla, ümumilikdə 3000 manat pul almış və həmin məbləğdə pula görə öhdəlik daşıyır. Məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilməmiş, həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Belə ki, iddiaçı ona 2019-cu ilin may ayının 8-də 1120 manat, may ayının 15-də 600 manat, iyul ayının 10-da isə 20000 manat borc pul verdiyini bildirsə də, məhkəmə bu halların sübut edilməsini cavabdehdən tələb etməmiş, iddiaçı tərəfindən nə məqsədlə bu məbləğdə pulların cavabdehə verilməsini aydınlaşdırmamışdır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini nəzər ə almadan səhv nəticəyə gəlmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1403/2022 nömrəli mülki iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və N.T.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi qəbzlər tərəflər arasında öhdəlik münasibətini təsdiq etməklə yanaşı, həm də müqavilə hesab edilir. Cavabdeh isə həmin borc qəbzlərində göstərilmiş rəqəmlərin həqiqətə uyğun olmadığını və iddiaçının qəbzlərin et ibarlı olması üçün məbləğlərin yuxarı göstərilməsi barədə istəyinə əsasən miqdarın 600, 1120 və 20000 manat göstərilməsinə razı olduğunu və qəbzləri imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin borc məbləğlərinin etibarlı olması üçün yuxarı həddə yazılması ilə bağlı söylədiklərini inandırıcı hesab etmir. Belə ki, cavabdeh həmin halı təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmiş, yalnız borcu götürərkən və qəbzlər yazılarkən yanında bir neçə şahidin olduğunu qeyd etmişdir. Lakin cavabdehin şahid kimi göstərdiyi şəxslər də iddiaçının istinad etdiyi qəbzləri imzalamış və həmin qəbzlərin doğruluğunu öz imzaları ilə təsdiq etmişlər.

17. Kollegiya qeyd etmişdir ki, qəbzdə olan imzalar məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabd eh və onun şahid kimi göstərdiyi şəxslər də öz imzaları ilə iradələrini bəyan etmiş və qəbzin məzmununun həqiqiliyini təsdiq etmişlər.

18. Apellyasiya instansiyası məhkəməsi bu səbəbdən də cavabdehin həqiqi borc məbləğinin 400, 600 və 2000 manat olması ilə bağlı bildirdiklərini formal mülahizə hesab etmiş və onun ağlabatan olmadığı nəticəsinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının cavabdehin apellyasiya şikayətinə etirazının dəlillərini əsaslı hesab etmişdir.

19. Beləliklə, iş materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qəbzlərlə cavabdehin iddiaçıdan müvafiq olaraq 1120, 600 və 20000 manat borc alması və cavabdehin həmin borc məbləğini ödəməməsi faktı öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya m əhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbinin qismən təmin edilməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi çıxış edən halları təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, cavabdeh yalnız formal mülahizələrlə kifayətlənmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qəbzləri vacib yanıltmanın təsiri altında imzalamış, iddiaçı onun savadsızlığından istifadə etmiş, məhkəmələr mübahisəyə hərfi mənada qiymət vermişlər.İddiaçı onu ç ıxılmaz vəziyyətə salmaqla, o cümlədən onun ağır vəziyyətə düşməyindən istifadə etməklə imzalatdığı qəbzlərin hansı şəraitdə verilməsi və işin bu və ya digər halları araşdırılmalı idi.Şəxsi ağır vəziyyətə salmaqla onunla bağlanmış əqd bağlandığı andan etibarsız hesab edilməlidir.İddiaçı ilə onun arasında bağlanmış əqd onun iradəsini ifadə etməmişdir. Əgər iddiaçı ona 20000 manat pul vəsaiti borc verirdisə bunun qanuni olaraq notariat qaydasında təsdiqlənmiş borc müqaviləsi ilə tənzimlənməsi düzgün olmazdımı? Əgər, əslində 20000 manat borc pul verilirdisə notariat qaydasında təsdiqlənmiş müqavilənin bağlanması zəruri olardı və bütün xərclər ondan tutulardı. İşin faktiki halları araşdırılmamış, düzgün olmayan maddi hüquq normasına istinad edilməklə səhv nəticəyə gəlinmişdir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, cavabdeh borunu təsdiq edən qəbzləri mübahisələndirməmiş, əksinə könüllü imzaladığını, borc aldığını təsdiqləmişdir.Borcun məbləği barədə cavabdehin göstərdikləri yalandır, çünki apelyasiya şikayətində göstərdiyi kimi qəbzləri könüllü imzalamışdır, ondan heç bir asılılığı olmamışdır.Aldığı borcu 10 dəfə artıq göstərməsi üçün əsas olmamışdır, yəni alacağı borcun heç bir şərti onu aldığından 10 qat artıq qəbz imzalamağa vadar etmirdi

23. İddiaçı şərh olunanlara əsasən kassasiya şikayətinin rədd edilməsinə, Şirvan Apellyasiya Məhkəməsinin mülki iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 385.1. Öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 406.3. yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

27. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

28. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

31. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

32. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki 20000 manat borc pul verilməsi barədə notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmayıb.Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir.Çünki Mülki Məcəllənin 740.1 və 740.2-ci maddələrinin tələbinə müvafiq olaraq borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yəni, borc müqaviləsinin notariat qaydasında təsdiqlənməli olması nəzərdə tutulmamışdır.Apell yasiya instansiyası məhkəməsi də digər məbləğlərdən əlavə 20000 manat pul borc verilməsi ilə əlaqədar da tərəflər arasında yazılı müqavilə bağlandığını müəyyən etmişdir.

46. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının araşdırılmaması ilə əlaqədardır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən belə dəlillər araşdırılmır.

47. Qeyd olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.Ona görə də kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2(106)1403/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar