Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-527/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X7, X3 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(104)-2172/2022 nömrəli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 10 oktyabr 2011-ci il tarixli, 10-S-1-0-703-11 saylı Əsas kredit müqaviləsi ilə "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) tərəfindən Cavabdeh1 60 ay müddətinə 162000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti ayrılmışdır.
2. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq 10 oktyabr 2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsi ilə X8 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, 10 otaqlı fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. 3. 26 fevral 2013-cü il tarixli, 10-S-2-0-350-13 saylı Əlavə kredit müqaviləsi ilə Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, 26 fevral 2016-cı il tarixədək, illik 22 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 156000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X7, X3 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada iddiaçının xeyrinə 26 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 24699,84 manat faiz borcu, 5589,79 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1349,65 manat əldən çıxmış fayda olmaqla, cəmi 31639,28 manatın və ödənilmiş 30 manat dövlət r üsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın X5 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X4, Cavabdeh3, X6, X2 və Cavabdeh6 həmin evə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların fərdi yaşayış evindən çıxarılmaları, evi n boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.
6. Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə ərizə verərək, iddia müddətinin tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının 21 oktyabr 2021-ci il tarixli hesabatına əsasən, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, 10 otaqlı fərdi yaşayış evinin və 0,12 ha torpaq sahəsinin likvid dəyəri 239200 manat müəyyən edilmişdir.
8. Gəncə şə həri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(044)164/2021 nömrəli qərardadı ilə İddiaçı ASC-nin iddiası üzrə mülki işə Cavabdeh3 münasibətdə həmin cavabdeh 20 fevral 2014-cü il tarixdə vəfat etdiyindən Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə istinad edilməklə xitam verilmişdir.
9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(044)164/2021 nömrəli qətnaməsi ilə (hakim G.Ə.Şirinov) iddia rədd olunmuşdur.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 372.1, 372.2, 372.3, 373.2, 375.2, 377.1 385-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və “Azərbaycan Respublikası MM-in 373-cü maddəsinin şərh edilməsinə dair” 27 de kabr 2001-ci il tarixli qərarlarına istinad edərək göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi 26 fevral 2013-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı ASC apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(044)-164/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(104)-2172/2022 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlə r A.H.Hüseynzadənin və İ.T.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(044)-164/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməklə, müqavilə şərtlərini pozmuş və əsas kredit və faiz borcundan ibarət pul vəsaitini müəyyən olunmuş qaydada və müddətdə banka geri qaytarmamışdır ki, bununla da iddiaçı bankın ödənilməmiş kredit borcunun (habelə hesablanmış cərimə və illik 5% məbləğində faiz) cavabdehdən tutulmasına dair subyektiv hüququ əmələ gəlmişdir.
14. Lakin tərəflər arasında 26 fevral 2013- cü il tarixdə əlavə kredit müqaviləsi 36 ay müddətində bağlanmış və müqavilənin icra müddətinin son tarixi 26 fevral 2016-cı il tarixi müəyyən olunmuşdur. Cavabdeh isə müqavilə müddəti bitdikdən sonra – 15 may 2017-ci il tarixdə 5032,90 manat məbləğində əsas, 1 manat faiz borcundan ödəniş etmiş və iddia müddətinin axımının kəsilməsi həmin vaxtdan baş vermişdir. İddiaçı bank 02 iyul 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüş və işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərin dən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi də mülki dövriyyədə ən çox istifadə olunan müqavilələrdəndir. Bu baxımdan, məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsinin qanunla müəyyənləşdirilən müddət çərçivəsində edilməsi çox vacibdir.
16. Apellyasiya məhkəməsi iddiaçının tələb etdikləri illik 5% pul tələbinin kredit müqaviləsindən irəli gələn tələb olmaması, kreditorun bu tələbi irəli sürməsinin müqavilənin yox, qanundan irəli gəlməsinə dair dəlillərini də əsassız saymış və qeyd etmişdir ki, sözügedən tələbin əsası Mü lki Məcəllənin 445.7-ci maddəsinə söykənmişdir ki, həmin maddə borclunun müqavilə üzrə öhdəliklərin icrasını gecikdirilməsi zamanı faiz qismində tətbiq edilən sanksiyanı nəzərdə tutur. Bu isə o deməkdir ki, həmin tələb də kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməməsi səbəbindən, müqavilə tələblərinin pozulması əsası ilə əlavə tələb kimi irəli sürülmüşdür. Əsas tələb üzrə iddia müddəti keçmişsə, onda əlavə tələb üzrə iddia müddəti ötmüş hesab edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı ASC kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(104)-2172/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilm əsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 373, 384, 399, 445-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 26 fevral 2016-cı il tarixdə başa çatmalı olsa da, borclu öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən kredit müqaviləsi qüvvədə sayılır. Digər tərəfdən, illik 5 faizlə pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş, bundan sonra Bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdır ması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti ya lnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilmə zdir. 24. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayəti nə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razıdır.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında irəli sürdüyü mövqeyə uyğun olaraq cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra etmədiyini və onun kredit müqaviləsi üzrə borcunun yaranmasını, yəni iddiaçının subyektiv hüququnun pozulmasını müəyyən etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməklə iddia müddətini tətbiq etmişdir. Bu zaman məhkəmə iddia müddətinin axımının əvvəlini düzgün müəyyən etmiş və iddia verilən tarixədək 3 illik iddia müddəti keçdiyindən Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən iddiadan imtina edilməli olması barədə nəticəyə gəlmişdir.
30. Kassasiya şikayətinin digər dəlili üzrə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçının 5% hesablanmış əldən çıxmış fayda tələbi kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin yerinə yetirməməsinə əsaslandığından və əsas tələb üzrə iddia müddətinin keçməsi qənaətinə gəlindiyindən iddia qeyd olunan hissədə də rədd olunmalıdır.
31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tət biq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(104)-2172/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.