Məhkəmə qərarları › İş №2(102)-5290/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5290/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5290/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)4333/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov, iş 2(004)-1178/2020) iddiaçı ləğv prosesində olan “xxxx” KB QSC-nin cavabdeh X1 qarşı 3768,05 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, F.F.Babayev və A.N.İmanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə QSC “xxxx” Kommersiya Bankı müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 2020-ci ilin yanvar ayında ləğv prosesində olan bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən banka cəmi 3768,05 ABŞ dolları məbləğində borcunun qalm asını əsas göstərməklə həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB kassasiya şikayəti verərək, onlar tərəfindən məhkəməyə kredit müqaviləsi üzrə borcun olması haqqında maliyyə arayışının, bütün ödənişlərin qeyd olunduğu hesabatdan çıxarışın təqdim olunmasını və kredit müqaviləsi üzrə müvafiq ödənişlərin edilməsini, həmin sənədlərin borcun olmasını təsdiq etməsini, lakin işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılaraq iddianın rədd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini x ahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ləğv prosesində olan bank hazırkı tələblə məhkəməyə müraciət edərkən xx xxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsaslanmış və hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında icra olunmamış öhdəliyi qalmışdır. Lakin işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən məhkəmə instansiyalarına bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsi təqdim olunmamışdır. Tərəflərin öhdəliklərini müəyyən edən kredit müqaviləsi olmadan, yalnız bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışı iş üzrə konkret nəticəyə gəlməyə əsas vermədiyindən, apelyasiya instansiyası məhkəməsi cavabdehin bank qarşısında icra edilməmiş öhdəliyinin qalması barədə əsasların olmaması nəticəsinə gəlmişdir. “Banklar haqqında” Azərbaycan Resp ublikası Qanununun 39.1-ci maddəsinə görə banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Azərbaycan Respublikası Mərkəzi X3 xx xxxx 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın İİ fəslinin 55-ci bəndinə görə kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barə də bank sənədləri və kredit dosyesinə aid digər sənədlər-kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. İddiaçı tələb etdiyi borc öhdəliyini təsdiq edən müqaviləni və kassa məxaric sənədini məhkəməyə təqdim etmədiyindən, həmin sənədlərin saxlanılması və məhkəməyə təqdim edilməsi məsuliyyəti isə bankın üzərinə düşdüyündən, məhkəmə kollegiyasının iddianın rədd edilməsinin qanuni və əsaslı olması barədə gəldiyi nəticəni kassasiya kollegiyası əsaslı sayır. Kollegiya göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALD İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar