Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5345/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5345/21 (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Zalıyev Mayis Mayıl oğlunun, Cavabdeh oğlunun, onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3864/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh oğlu arasında 40000 manata dair 25 oktyabr 2014-cü il tarixdə borc müqaviləsi bağlanıb.
2. Müqaviləyə əsasən “İlqar-7T MMC”-nin direktoru X3 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin elan etdiyi LOT1 üzrə N saylı hərbi hissələrdə bədii tərtibat işlərinin görülməsi üçün “X5” MMC-nin direktoru İddiaçı 50000 (əlli min)manat məbləğində aldığı mal-materiala görə İddiaçı 50000 manat pul borcludur.
3. X3 25 oktyabr 2014-cü il tarixdə İddiaçı 50000 (əlli min) manat borcundan 10000 (on min) manat qaytarıb və 40000 (qırx min) manat pul borcu qalıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dövlət rüsumu ilə birgə 26210 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddia tələbi belə əsaslandırılıb ki, Cavabdeh oğlu almış olduğu pulu qaytarmağa söz versə də, borcdan 13820 manat qaytarıb, qalan 26180 manatı qaytarmaqdan imtina edir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 740 və 743-cü maddələrinə istinad etmişdir.
7. Cavabdeh iddiaya yazılı etiraz verib və etirazını belə əsaslandırıb ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 1(001)-316/2019 saylı qanuni qüvvəyə minmiş hökmü vardır ki, həmin hökmə əsasən onun iddiaçıya vurduğu maddi zərər ta m olaraq ödənilib və bu səbəbdən iddiaçı ondan heç bir şikayətinin olmadığı barədə ərizə təqdim edib.
8. Nərimanov Rayon Məhkəməsinin 2(005)-345/20210 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Aytən Novruzova)
9. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, tərəflər arasında borc münasibətləri olmuş, həmin halla bağlı cinayət işi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 1(001)-316/2019 saylı hökmü mövcuddur. Cinayət işi üzrə iddiaçı tərəfindən Cavabdeh oğluna qarşı şikayət və tələbinin olmadığı, cinayət nəticəsində dəymiş ziyanın Cavabdeh oğlu tərəfindən tamamilə ödənilməsi barədə ərizə verilmişdir. Buna baxmayaraq, İddiaçı Cavabdeh oğlunun ona 26210 manat borcunun qaldığını iddia edir.
10. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edib və gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının 26210 manat məbləğində pulun alınıb ona verilməsi tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur və İddiaçı ona dəymiş zərərin ödənilməsini əks etdirən ərizə vermişdir. Bu hallar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 1(001)-316/2019 saylı hökmü ilə müəyyən olunmuşdur. Belə olan halda, cavabdehdən pulun tutulması barədə iddianın təmin olunması preyudisiya institutunun prinsiplərinə ziddir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1093.1 və Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verib, qə tnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işin hallarına və sübutlara düzgün hüquqi qiymət verməyib; - barışıq ərizəsini cavabdehin və onun qohumlarının xahişi ilə verib. - cavabdehin ona borcundan 13790 manat ödəməsi faktiki olaraq borclu olduğunu etiraf etməsi deməkdir, bunu təsdiq edən sənədləri məhkəmə nəzərə almayıb.
14. Cavabdeh apellyasiya baxışında iddiaya etiraz olaraq göstərib ki, o, məhkəmə hökmü çıxana qədər borcunu demək olar ki, ödəmiş, cüzi məbləğdə borcu qalmış, buna görə də iddiaçı məhkəməyə ona zərərin tam olaraq ödənilməsi barədə ərizə təqdim etmişdir. Hökm çıxdıqdan sonra da qalan borcu ödəmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3864/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-345/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov )
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmış olduğu qənaətinə gəlmək mümkün olsa belə, həmin halla bağlı cinayət işi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 1(001)316/2019 saylı hökmü mövcuddur. Cinayət işi üzrə iddiaçı tərəfindən Cavabdeh oğluna qarşı şikayət və tələbinin olmadığı, cinayət nəticəsində dəymiş ziyanın Cavabdeh oğlu tərəfindən tamamilə ödənilməsi barədə ərizə verilmişdir. Hökm çıxan tarixdən sonra Cavabdeh iddiaçıya 26210 manat borclu olması ilə bağlı isə sübut yoxdur.
17. Apellyasiya məhkəməsi hesab edib ki, cinayət işinə baxmış məhkəmənin qanuni qüvvədə olan hökmü ilə iddiaçıya cavabdeh tərəfindən borcunun tam ödənildiyi müəyyən olunduğundan, hökm çıxarılandan sonra iddiaçı cavabdehin ona borclu olduğunu sübuta yetirə bilmədiyindən, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsası ilə uzlaşmamaqdadır və buna görə də iddia tələbi təmin oluna bilməz.
18. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı, apellyasiya şikayətinin dəlillərini isə əsassız sayıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a ) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil Zalıyev Mayis Mayıl oğlu) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili Zalıyev Mayis Mayıl oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Cavabdeh oğlu və onun vəkili X2 isə şikayətə etiraz edədək onun təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanması nəticəsinə gələrkən səhvə yol vermişdir.
26. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının 26210 manat məbləğində pulun alınıb ona verilməsi tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur və İddiaçı ona dəymiş zərərin ödənilməsini əks etdirən ərizə vermişdir. Bu hallar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 1(001)-316/2019 saylı hökmü ilə müəyyən olunmuşdur. Belə olan halda, cavabdehdən pulun tutulması barədə iddianın təmin olunması preyudisiya institutunun prinsiplərinə ziddir.
27. Apellyasiya məhkəməsi də eyni mövqe nümayiş etdirmişdir.
28. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli hökmündən sonra cavabdehin ona pul ödəməsini bildirmiş, bu barədə iş materiallarına qəbz (i.v.6) əlavə etmiş, lakin birinci instansiya məhkəməsi həmin qəbzə sübut kimi qiymət verməmiş, hökm çıxana qədər borcun u tam ödədiyini bildirdiyi halda, cavabdehin hökmdən sonra nəyə görə iddiaçıya pul ödəməsinə aydınlıq gətirməmişdir.
29. İddiaçı bu barədə dəlillərini apellyasiya şikayətində də bildirmiş, üstəlik apellyasiya şikayətinə cavabdehin hökmdən sonra müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə poçt vasitəsilə pul göndərməsinə dair sübutlar əlavə etsə də, apellyasiya məhkəməsi nə həmin sübutların qəbul edilənliyi ilə bağlı məsələyə aydınlıq gətirmiş, nə də onlara hər hansı qiymət verməməklə, apellyasiya şikayətinin dəlillərini açıq saxlamışdır.
30. Halbuki apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi iddianın obyektiv və qanuni həlli, eləcə də qətnamənin əsaslılığı baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
31. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
32. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair”)
33. Bundan əlavə, iddiaçının cinayət işində verdiyi ərizəyə istinad edən apellyasiya məhkəməsi həmin ərizənin məzmununa da diqqət yetirməmişdir. Həmin ərizədə hazırki iş üzrə iddiaçı dəymiş ziyanın ödənilməsini deyil, ziyanın hissə-hissə ödənilməsini qeyd etmişdir. Bu da göstərir ki, qeyd edilən ərizəni apellyasiya məhkəməsi MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirməyib.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3864/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.