Məhkəmə qərarları › İş №2(102)-5437/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5437/2019

18.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5437/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, tərcüməçi X1, kassator İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-1193/2018, hakim X.B.Məhərrəmova) İddiaçı cavabdehlə r Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Xaçmaz Gömrük İdarəsinə qarşı iddası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-6020/2018, hakimlər S.F.Hacıyev, R.Ə.Eyvazov. F.Ş.Talışinski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində həmin qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı içərisində qadın xəz şubaları olan üç ədəd çanta ilə 23 sentyabr 2014-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna daxil olmuş, həmin bağlamalar Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna müvəqqəti saxlanca verilmişdir. Qeyd edilən malların m üvəqqəti saxlanca verilməsi ilə əlaqədar Samur gömrük postunun əməkdaşları tərəfindən 23 sentyabr 2014-cü il tarixli 216 saylı protokol tərtib edilməklə imzalanmışdır. İddiaçı 29.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı ərizəsində kommersiya fəaliyyəti ilə məşğul olduğundan, Çindən xəz şubaları gətirərək Azərbaycandan tranzit yolu ilə Dağıstana apardığını qeyd etmişdir. Gətirilən şubalardan 52 ədədi qüsurlu olduğundan həmin malların Çinə qaytarılması üçün Samur gömrük postunda saxlanca verildiyini, sonradan həmin malların qaytarılmadığını qeyd edərək, ona həmin malların qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı Xaçmaz rayon Prokurorluğuna müraciət edərək 23 sentyabr 2014-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük postunda ümumi dəyəri 93.950 ABŞ dolları xəz şubalarının rəsmi qaydada təhvil verilməsinə baxmayaraq sonradan malların geri qaytarılmadığını bildirmiş, Xaçmaz rayon prokurorunun cavab məktubunda həmin müraciətin mülki xarakterli olması müəyyən edildiyindən məhkəmə tərəfindən qəbul ediləcək qərarla razılaşmadığı halda aidiyyəti üzrə yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 28 iyun 2016-ci il tarixli qətnaməsi ilə İddiaçı Xaçmaz Gömrük İdarəsinə qarşı hər birində 21 ədəd qadın xəz şubası olmaqla üç bağlama yükün itirilməsi nəticəsində ona dəymiş 95.000 ABŞ dolları məbləğində ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya məxsus 63 ədəd qadın xəz şuba və ya onların dəyəri olan 95.000 ABŞ dolları nın ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, həmin işdə cavabdeh qismində göstərilən Xaçmaz Gömrük İdarəsi iddiaya cavab verməli olan şəxs deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 20 dekabr 2017 -ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Xaçmaz Gömrük İdarəsinə qarşı Xaçmaz Gömrük İdarəsində müvəqqəti saxlama kamerasında itirilmiş və ya oğurlanmış xəz dəri olan 63 ədəd şubanın geri qaytarılması və ya dəymiş ziyanın ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlarla və işin faktiki halları ilə sübut olunur ki, o 63 ədəd xəz şubalarının olduğu 3 ədəd çantanı cavabdeh orqana təhvil vermiş və həmin çantalar cavabdeh orqan tərəfindən ona qaytarılmamışdır. Apellyasiya instansiyası məhkəməsini n istinad etdiyi qüvvədə olan digər məhkəmə qətnaməsindən də göründüyü kimi həmin iddia əsl cavabdehə qarşı qaldırılmadığından rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti də, həmin əsasla təmin edilməmiş, bununla bərabər kassasiya məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarında göstərilmişdir ki, bu hal eyni tələblər üzrə məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə iddia verilməsini istisna etmir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını gömrükdə saxlanca verilmiş iddiaçıya məxsus əşyaların itrilməsi nətiəsində ona vurulmuş zərər qismində həmin əşyaların dəyərinin ödənilməsi təşkil edir. İddianı rədd edən birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddia tələbinin məzmunu formal olaraq delikt tələbi kimi qoyulsa da, hazırki iş üzrə məhkəmə tərəfindən dövlət orqanları tərəfində hər hansı mülki hüquq pozuntusunun qeydə alınması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən əşyaların saxlanca verilməsi protokolu ilə müəyyən edilmiş müddəti həddən artıq çox ötürməsi və əşyaların aqibətinə xeyli vaxt ərzində etinasız yanaşması həmin əşyaların müsadirə edilməsinə səbəb olmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən malların sayı, dəyəri və malların götürülməsi ilə bağlı orqanlara vaxtında müraciət etməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında olan qanuni qüvvəyə məhkəmə aktlarından görünür ki, hazırki iddia tələbi əvvəllər də Xaçmaz Gömrük İdarəsinə qarşı qaldırılmış, lakin iddia tələbində göstərilmiş dəlillər həmin işdə də öz təsdiqini tapmamışdır. İddiaçı həmin qətna mədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlarla və işin faktiki halları ilə sübut olunur ki, o 63 ədəd xəz şubalarının olduğu 3 ədəd çantanı cavabdeh orqana təhvil vermiş və həmin çantalar cavabdeh orqan tərəfindən ona qaytarılmamışdır. Qətnamədə əmlakının müsadirə olunması qanuni hesab edilsə də, həmin müsadirənin hansı qanun əsasında aparılması göstərilməmişdir. Qanunla saxlama kamerasında saxlanan əmlakın hər hansı əsaslarla müsadirəsi nəzərdə tutulubsa, bu barədə ona xəbərdarlıq edilməli idi. Əvvəlcədən xəbərdarlıq olunmamışdırsa belə, heç olmasa əmlakı müsadirə olunduqdan sonra ona rəsmi məlumat verilməli idi. Digər tərəfdən qüvvədə olan digər məhkəmə qətnaməsindən də göründüyü kimi həmin iddia əsl cavabdehə qarşı qaldırılmadığından rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti də məhz həmin əsasla təmin edilməmişdir. Kassasiya məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarında göstərilmişdir ki, bu hal eyni tələblər üzrə məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə iddia verilməsini istisna etmir. Apellyasiya şikayətini rədd edərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin müsadirənin qanuni olması ilə bağlı gəldiyi nəticə razılaşmasa da, iddia tələbinin sübut edilməməsi əsası ilə rədd edilməsindən ibarət qənaəti əsaslıdır. İddiaçı tərəf zərər qismində cavabdehə saxlanc üçün verdiyi 3 çanta xəz dərinin dəyərinin tutulmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi həmin malların müsad irənin qanuni və yaxud qanunsuz olduğuna qiymət vermədən hesab etmişdir ki, tələb edilən zərərin məbləği sübuta yetirilməlidir. İşdə olan sübutlarla 3 çanta xəzin cavabdehə təhvil verilməsi öz təsdiqini tapsa da, tələbin həmin malların geri qaytarılmasından deyil, onların dəyərinin alınmasından ibarət olması baxımından iddianın təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından həmin malların dəqiq dəyərinə iddiaçı tərəfindən sübutlar təqdim edilməlidir. İş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə eləcə də, hazırki iş üzrə iddiaçı tərəfin təqdim etdiyi aktla xəz dəri mallarının nə dəyəri, nə də ki sayı müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, dəyəri tələb ed ilən xəz dəri mallarının fərqləndirici əlamətləri (istehsalçının adı, kodu, modeli, xəz dərinin növü və s.) təhvil-təslim aktında qeyd edilməməklə, qeyri-müəyyən olduğundan iddiaçı tərəfin təqdim etdiyi bu maliyyə sənədlərindəki qiymətlərin məhz bu mallara aid olması qənaətinə gəlməyə imkan vermir. Digər tərəfdən həmin maliyyə sənədlərində müvafiq gömrük rəsmiləşdirilməsindən keçməsini təsdiq edən qeydlər də olmadığından, bu sənədlərin məhz həmin mallara aid olması ilə bağlı nəticəyə gəlmək mümkünsüzdür. Eyni zamanda cavabdehin tabeçiliyində olan “Azərterminalkompleks” Birliyinə sorğunun verilməsi yolu ilə də həmin malların dəyərinin müəyyən edilməsi mümkünsüz olmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilıən əsaslarla əsassız olmaql a qanuni və işin hallarına uyğun olan qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın həddləri müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə iddiaçıya məxsus olan cavabdeh orqan tərəfindən saxlanca götürülmüş mallarla bağlı yaranmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçıya məxsus bağlamalar “əşyaların götürülməsinə dair” 23 sentyabr 2014-cü il tarixli 216 saylı protokolla rəsmiləşdirilməklə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda saxlanca verilmişdir. Həmin protokolda İddiaçı 3 çantada ümumi dəyəri 95.000 ABŞ dolları olan şubaların götü rüldüyü qeyd edilmişdir. İddiaçı hazırda həmin malların cavabdeh orqan tərəfindən heç bir səbəb olmadan qaytarılmamasına istinad edərək şubaların dəyəri kimi 93.950 ABŞ dolları məbləğində pulun cavabdeh orqandan tutulmasını tələb edir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində saxlanca verilən qadın xəz şubalarının sayının 63 ədəd, dəyərinin 95.000 ABŞ dolları olduğunu bildirmişdir. X3 İdarəsinin Samur gömrük postunda tərtib edilən 23 sentyabr 2014-cü il tarixli 216 saylı əşyaların götürülməsi barədə protokolun Dövlət Gömrük Komitəsində olan nisxəsində malın ədədlə sayı və dəyəri göstərilməmişdir. Həmçinin iddiaçı 29 iyun 2015-ci il tarixdə Dövlət Gömrük Komitəsinə ünvanladığı əriz ədə və 28 iyun 2016-cı il tarixli teleqramda gətirdiyi qadın xəz şubalarının sayının 52 ədəd olduğunu qeyd etmişdir. Bu hal iddiaçının yalan ifadə verdiyi nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda Qamidova Sefiyatın 2 ilə yaxın müddətdə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postundan dəfələrlə keçməyinə və İddiaçı 2014-cü ilin sentyabr ayından sonra yalnız 13 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçməsinə baxmayaraq, hansı səbəbdən bu müddətlərdə malları ilə maraqlanmaması şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsinin yuxarıda qeyd edilən ümum i qaydası ilə bərabər, sübutetmə baxımından imkanları məhdud olan tərəfi müəyyən faktın mövcudluğunu sübut etmək vəzifəsindən azad edən və digər tərəf əksini sübut edənədək bu faktın mövcudluğu ehtimal edilən xüsusi qayda da nəzərdə tutulmuşdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin məzmununa görə dövlət orqanlarının, icra və s. orqanların aktlarında, hərəkət və ya hərəkətsziliyi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş, hərəkəti (və ya hərəkətsizliyi) icra etmiş orqanın üzərinə düşür. Cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş protokolla malların sayı və dəyərinin düzgün göstərilməməsi əsası ilə razılaşmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki əşyaların götürülməs i barədə protokol əşyanın adı, əşyanın gətirildiyi ölkə, miqdarı, çəkisi, faktura dəyəri qrafalarına bölünməklə əşyanı təhvil alan həmin qrafaların dəqiq doldurulmasını təmin etməlidir. İddiaçının təqdim etdiyi protokolda malların dəyərinin göstərilməsi, cavabdeh orqanda saxlanılan surətində isə malların dəyərinin göstərilməməsi iddiaçının iddiasının əsası kimi istinad etdiyi halları sübut etmədiyi nəticəsinə gəlməyə əsas vermir. Çünki, cavabdeh orqan malların sayının və dəyərinin iddiaçının göstərdiyi miqdarda və məbləğdə olmadığını bildirsə də, həmin malların əslində hansı miqdarda olduğu və faktura dəyərinin nə qədər təşkil etdiyi barədə heç bir sübut təqdim etməmişdir. Bununla bərabər cavabdeh tərəfindən təqdim edilmiş 29 dekabr 2014-cü il tarixli 75 saylı aktdan görünür ki, 2 bağlama şuba “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verilmişdir. Göründüyü kimi, cavabdeh orqanın iddiaçıdan qadın xəz şubalarını təhvil alaraq saxlanca qəbul etməsi işin mübahisəsiz halı olmaqla cavabdeh yalnız iddiaçının malların sayı və dəyərinin düzgün göstərilmədiyini bildirir. Lakin hazırki mübahisə üzrə iddiaçı təqdim etdiyi protokolun həqiqiliyini sübut etmək vəzifəsi daşımamaqla, həmin sənədin faktiki təhvil götürülən əşyaların sayı və miqdarına uyğun olmadığını sübut etmək və saxlanca götürülmüş malların sayı və dəyərinin dəqiq göstərildiyi sənədi təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bu halda, iddiaçı tərəfindən qadın xəz şubalarının sayının bəzi halda 52, bəzi halda 63 ədəd göstərilməsi, öz-özlüyündə iddianın tam olaraq rədd edilməsi üçü n hesab edilə bilməz. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə sorğu göndərilərək Xirdalan şəhərində yerləşən anbarına təhvil erilmiş 2 bağlama şubanın satılıb-satılmaması barədə məlumatın, satıldığı təqdirdə hərracın keçirilməsinə dair protokolun və digər sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsi ilə sübutların təqdim edilməsi və tələb olunması əsasları müəyyən edilmişdir. Verilən sorğu Birlik tərəfindən ümumiyyətlə cavablandırılmamışdır. Apellyasiya məhkəməsi mübahisəyə sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaçının cavabdeh orqana saxl anca verdiyi malların sayını və dəyərini sübut edə bilmədiyinə istinad edərək iddianın rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqs ədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, ya xud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası iddiaçının işin faktiki halları barədə irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar