Məhkəmə qərarları › İş №2(102)-547/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-547/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-547/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(104)1676/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkə məsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 19 yanvar 2021-ci il tarixli kredit müqaviləsi ilə Cəfərov X1 Zaur Əvəz oğluna 31 mart 2022-ci il tarixədək qaytarmaq şərti ilə 6126 manat məbləğində pul borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6126 manat məbləğində pulun və 82 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh borcunu qaytarmamış və qaytarmaqdan imtina etmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək, borcundan 700 manat məbləğində pulu iddiaçının özünə, 2000 man at pulu isə atasının dostuna verdiyini bildirməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Mustafayev) iddia təmin edilmiş, Cavabdeh 6126 manat məbləğində pulun və ödənilmiş 82 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 6126 manat borc pul verilmiş, cavabdeh isə iddiaçıya borcun hər hansı məbləğinin qaytarılmasını təsdiqləyəcək sübutları təqdim etməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 739.1, 739.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü madd ələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın qismən, 3416 manat hissəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(104)-1676/2023 nömrəli qətnaməsi ilə (hakimlər L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, A.V.İsgəndərovadan və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

11. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(104)-1676/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3, 14.2, 76.1, 76.2, 76.3, 88, 106.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi borcun iddiaçı tərəfindən cavabdehə notariusun bankda açdığı depozit hesabı vasitəsilə veribverməməsini araşdırmamış, borcdan 2700 manat məbləğində pulun isə qay tardığını araşdırmamış, bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəm əsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, hazırki kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul qərardadı ləğv edilərək, iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

18. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddianın qiyməti (iddia ərizəsində tələb edilən məbləğ) 6126 manat təş kil edir. Lakin, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddianın rədd olunmasını xahiş etsə də, etirazının dəlilini borcdan 2700 manat məbləğində vəsaitin qaytarması təşkil etmişdir.

19. Həmçinin cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə yanaşı, iddianın 3416 manat hissəsində təmin edilməsini xahiş etmişdir.

20. Beləliklə müəyyən olunur ki, hazırki kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etsə də, onun iddianın mübahisələndirdiyi hissəsi yalnız 2700 manat təşkil edir. Bu kassasiya şikayətinin dəlillərində də əksini tapmışdır.

21. Belə olduğu halda, mübahisələndirilən hissədə iddianın qiymətinin 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən belə qətnamədən kassasiya şikayəti verilə bilməz.

22. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və cavabdehin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 2(102)5170/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Gəncə Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(104)-1676/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar