Məhkəmə qərarları › İş №2(102)-5618/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5618/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5618/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti (yeni adı “xxxx” Açıq Səhmdar Cəmiyyəti) Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1033/2020 nömrəli iş üzrə xx xxxxxx 2020 -ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrıqlıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya illik 28% olmaqla, 24 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq həmin tarixdə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxxx 2015-ci il tarixdə İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixinədək ödənilməmiş 13794 ABŞ dolları əsas borc, 10150 ABŞ dolları faiz borcu, 4137 ABŞ dolları cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə alınmış xx xxxxxx 2017-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyinə əsasən iş materiallarında olan çıxarış məlumatları, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixinə banka ödənilməli olan əsas borc 13.910 ABŞ dolları dolları, faiz borcu 3797 ABŞ dolları olmaqla, cəmi borcu 17.708 ABŞ dolları, xx.xx.2016-cı il tarixə isə əsas borc 13.910 ABŞ dolları, faiz borcu 4976,98 ABŞ dolları olmaqla, cəmi borcu 18.887 ABŞ doll arı məbləğində müəyyən edilir xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə əsas borc 13.910 ABŞ dolları, faiz borcu 3797 ABŞ dolları olmaqla, cəmi borc 17.708 ABŞ dolları, xx.xx.2016-cı il tarixə isə əsas borc 13.910 ABŞ dolları, faiz borcu 4976 ABŞ dolları olmaqla, cəmi borcu 18.887 ABŞ dolları məbləğində müəyyən edilir. xx xxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən əsas borc 13.910 ABŞ dolları, faiz borcu 4976 ABŞ dolları olmaqla, cəmi borc 18.887 ABŞ dolları müəyyən edilir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(008)-6/2019 nömrəli iş üzə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Hacıyev) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 13.793 ABŞ dolları əsas borc, 4976 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azər baycan manatı məzənnəsi ilə cəmi 18.820 ABŞ dolları məbləğində borcun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayətində qətnamənin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini, Cavabdeh1 isə qətamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1033/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə iddiaçı və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 739.1, 741, 467-ci maddələrinin tələbləri, məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə əsaslandırmış və göstərmişdir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə əsas kredit borcunu maliyyə arayışına, faiz borcunu isə ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir. Belə ki, əsas borcun iddiaçının tələbi olmadığı halda ekspert rəyində göstərilən həddə tutulması hüquqi müəyyənlik prinsipinə ziddir. Faiz borcu isə maliyyə arayışında göstərilən həddən aşağı müəyyən edildiyindən qətnamə ekspert rəyini əsas götürmüşdür. Borcun düzgün hesablanmaması bardə tərəflər hər-hansı sübut təqdim etmədiklə rindən, birinci instansiya məhkəməsi əsas və faiz borcunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. İddianın cərimə borcu hissəsi ilə bağlı apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Ekspert cərimə borcu üzrə hesablama aparmamış, bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermiş, məhkəmə isə ekspert rəyini iddiaçının təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirməmiş, iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndəriılməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, təqdim edilmiş sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, kredit müqaviləsi üzrə borc onun tərəfindən götürülməməsi barədə dəlilləri ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və Cavabdeh1 kasasiya şikayət üzrə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni n övlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pu lunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilmə si zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmişdir. Cavabdehin hazırda da mübahisələndirdiyi, məzmunca apelyasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənl ərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar