Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5621/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2(103)72/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2018-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmova, iş 2(001)-1638/2018) iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qis mən təmin edilərək Cavabdeh1 cəmi 335.184,05 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub “xxxx” KB ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,40 ha torpaq sahəsinə və X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,1076 ha torpaq sahəsinə yönəldilməsi, 0,40 ha torpaq sahəsinin ilkin satış qiymətinin 240.000 manat, 0,1076 ha torpaq sahəsinin və orada yerləşən bağ evinin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə edilmiş vəsaitin hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, artıq qalan pul vəsaitinin daşınmaz əmlakın mülkiyyətçilərinə verilməsi, əmlaklar satıldıqdan 1 ay sonra cavabdehlərin o radan çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova, R.Ə.Qurbanov və C.A.Yusifov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi qismən - ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətləri ilə bağlı hissədə dəyişdirilib, sahəsi 0,40 kv.metr olan torpaq sahəsinin ilkin satış qiymətinin 480.000 manat, sahəsi 0,1076 ha olan torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiymətinin 180.000 manat məbləğində müəyyən olunması, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda qiymətləndirmə xərcinə gör ə Cavabdeh1 bankın xeyrinə 600 manat tutulmuşdur. İşin halları: 08 fevral 2013-cü il tarixdə bankla Cavabdeh1 arasında bağlanmış əsas kredit müqaviləsi çərçivəsində 30 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 17 faiz olmaqla 42 ay müddətinə 308.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 13 fevral 2014-cü il tarixli Sazişə əsasən kreditin məbləği 1.000.000 manat, kredit müqaviləsinin müddəti isə 13 fevral 2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh1 məxsus Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0,40 ha torpaq sahəsi, Cavabdeh2 məxsus isə Novxanı kəndində yerləşən 0,1076 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi ipot eka ilə yüklü edilmişdir. İpoteka müqavilələri dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin fevral ayında “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən 06 yanvar 2017-ci il tarixə 360.508,37 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə Cavabdeh1 həmin borcun tutulması. tutmanın ipoteka predmetlərinə yönəldilməsinə və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 oğlu kassasiya şikayəti verərək onun tərəfindən həyata keçirilmiş ödənişlərin düzgün olmayaraq faizlərə və cərimə borclarına çıxılmasını, manatın öz dəyərini devalvasiya nəticəsində itirməsi ilə əlaqədar kredit müqaviləsi bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini və bunun onun tərəfindən müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etməsini, ipoteka predmetlərinin ilkin satış qiymətinin onların real bazar dəyərindən aşağı qiymətləndirilməsini, faiz borclarının və dəbbə pulunun şişirdilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Tərəflər hazırkı mübahisənin yaranmasına səbəb olmuş kredit müqaviləsini bağlayarkən üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank müqavilə üzrə öhdəliyini icra edib müəyyən olunmuş kredit məbləğinin Cavabdeh1 verilməsini təmin etsə də, işdən görünür ki, sonuncu kreditin müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyin icrasını lazımınca təmin etməmiş, banka borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində bank Cavabdeh1 əsas borca görə 298.981,00 ABŞ dolları, faiz borcuna görə 30.253,69 ABŞ dolları, cəriməyə görə 31.273,68 ABŞ dolları tələb etsə də, işdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının 12 yanvar 2018-ci il tarixli rəyi ilə Cavabdeh1 banka 06 yanvar 2017-ci il tarixə əsas borcunun 296.368,54 ABŞ dolları, faiz borcunun 28.815,51 ABŞ dolları, cəmi 325.184,05 ABŞ dolları məbləğində borcunun olması müəyyən olunmuşdur. Cavabdehdən tələb edilən cərimə borcu isə ondan tələb edilən 31.273,68 ABŞ dollarından Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə istinad olunmaqla 10.000 ABŞ dollarına qədər azaldılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəm ə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilən vəziyyətdə cərimənin məbləğinin şişirdilməsinə dair kassasiya şikayətinin dəlilini kollegiya əsassız sayır. Faizlərin məbləği isə ekspert tərəfindən müəyyən olunmaqla əsaslılığı şübhə doğurmadığından, faizlərin düzgün hesablanmaması barədə kassasiya şikayətinin dəlilləri də əsaslı sayıla bilməz. İşdən görünür ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri apelyasiya instansiyası məhkəməsi tərəfindən əmlakların qiymətləndirilməsinə dair hesabatlara istinad olunmaqla birinci instansiya məhkəməsi tərəfindən 0,40 ha to rpaq sahəsinə münasibətdə müəyyən olunmuş 240.000 manatdan 480.000 manata qədər, 0,1076 hektar torpaq sahəsi və orada yerləşən bağ evinə münasibətdə isə 170.000 manatdan 180.000 manata qədər artırılmışdır. Cavabdeh1 ipoteka predmetlərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş qiymətləri ilə razılaşmasa da, həmin əmlakların daha yüksək dəyərə malik olmalarını məhkəmədə sübuta yetirə bilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmamasına dair kassasiya şikayətinin dəlilləri ilə də razılaşmır. Kollegiya göstərilənlərlə əlaqədar kredit müqaviləsi üzrə borcun məbləğinin və ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən olunması barədə nəticəyə gəlir və hesab edir ki, qətnamə müəyyən olunmu ş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyun 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5621/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5621/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver