Məhkəmə qərarları › İş №2(102)-5662/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5662/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5662/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2 və Cavabdeh2 qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5662/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 02 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi İddiaçının vəkili Qədirova Vəfa İdris qızının iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanı n ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7844/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə X2 arasında bağlanmış 19.03.2015-ci il tarixli, 1858/15 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik faiz dərəcəsi 24% olmaqla, 24 ay müddətinə 160000 ABŞ dolları kredit verilmiş, borcalan isə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaç ı ASC ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli (19.03.2015-ci il tarixli), 1858-01/15 və 1858-02/15 saylı ipoteka müqavilələrinə əsasən, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, 17C saylı evin 489 və 490 saylı mənzilləri kredit müqaviləsinin təminatı qismində Bank qarşısında ipoteka ilə yüklü edilmiş, hər iki yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu əvvəlcə iddia ərizəsi, sonra isə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 157,590.59 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 63,981.77 ABŞ dolları faiz, 229,418.10 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 12 fevral 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 22,831.27 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 473,821.73 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 62 manat pulun cavabdeh Nüsrət Garayevdən iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus olan ipoteka predmetlərinə yönəldilməsi, ilkin satış qiymətlərinin müəyyən edilməsi, mənzillərin açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzillərə tutma yönəldikdə və onlar satıl dıqdan 1 ay sonra cavabdehlərin həmin mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, onların mənzillərdən çıxarılması, mənzillərin boşaldılması və iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.

5. Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(001)-32/2020 nömrəli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia qismən təmin edilmiş, cavabdeh Nüsrət Garayevdən 157590,58 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 63981,77 ABŞ dolları faiz, 1048,12 ABŞ dolları cərimə borcu, 7879,53 ABŞ dolları müqavilənin bitdiyi tarixdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 230500 ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş rüsumun 30,16 manat hissəsinin və ödənilmiş dövlət rüsumunun 14,59 manat hissəsinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 490 nömrəli və ünvan 2 ünvanında yerləşən 489 nömrəli mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiymətinin 70000 manat, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiy mətinin 156000 manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh Nüsrət Garayevdən tutulması, mənzillərin açıq hərracdan satıldığı gündən 1 ay müddətində cavabdehlər tərəfindən boşaldılması və onların həmin mənzillərə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 195 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 1352 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumlarının 47,25 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə əsas və faiz borcunu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 1048,12 ABŞ dolları cərimə tutulmalıdır.

7. Eyni zamanda, məhkəmə iddia tələbinin müqavilənin bit diyi tarixdən 12 fevral 2020- ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 22831,27 ABŞ dolları məbləğində pulun ödənilməsi hissəsinə də münasibət bildirməyi zəruri hesab edərək bildirmişdir ki, tərəflər arasında müqavilə 19 mart 2015-ci il tarixdə 24 ay müddətinə bağlanmış və 05 iyul 2017-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edildikdən sonra işə üç il müddətində baxılmasına görə məsuliyyəti cavabdehin üzərinə qoymaq olmaz.

8. Belə olan halda, məhkəmə müqavilənin bitdiyi tarixdən sonra 1 il üçün faiz tutulmasını ədalətli hesab etmişdir.

9. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 442, 448.1, 462.1, 467, 317–ci və “İpoteka haqqında” Qanunun 34.1.1, 39.3.3-cü maddələri nə istinad etmişdir.

10. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər X2 və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 02.11.2020-ci il tarixli, 2(103)-7844/2020 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(001)-32/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, tutulması qət edilmiş kredit borcu (o cümlədən ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti hesabına borc məbləği) və məhkəmə məsrəflərinin (rüsuml arının), "xxxx" MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh X1 tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə (hansıki idiaçı həmin dəlillərlə bağlı kassasiya şikayəti verib) münasibətdə qeyd etmişdir:

13. İllik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun əsassız azaldılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan normanın məzmunundan müəyyən edildiyi kimi, əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir. Məhkəmə bu hissədə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında müqavilə 19 mart 2015ci il tarixdə 24 ay müddətinə bağlanmış və 05 iyul 2017-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edildikdən sonra işə üç il müddətində baxılmasına görə məsuliyyəti cavabdehin üzərinə qoymaq olmaz. Belə olan halda, məhkəmə müqavilənin bitdiyi tarixdən sonra 1 il üçün faiz tutulmasını ədalətli hesab etmişdir. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti doğrudur, çünki işə baxılmasının bu qədər uzanmasında cavabdehlərin hər hansı təqsiri müəyyən edilmir.

14. İddiaçının apellyasiya şikayətinin digər dəlili cərimə borcunun azaldılması ilə bağlı olmuşdur. Apellyasiya Məhkəməsi borclunun və kr editorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi cərimə məbləğini azaldaraq 1048,12 ABŞ dolları həddində müəyyən etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən kassasiya şikayəti verərək, qətnamənin cərimə hissəsində və gecikdirilmiş 5% hissəsində dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirak çılarının izahatları

17. İddiaçının vəkili Qədirova Vəfa İdris qızı kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

21. Maddə. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Maddə.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

23. Maddə. 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

24. Maddə 1.0.9. İlkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Kollegiya hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəliləri əsasında düzgün nəticəyə gəlmişdir.

29. Belə ki, kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya ş ikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir.

30. Kollegiya apellyasiya məhkəməsinin mövqeyinin əsaslı olması ilə bağlı bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında kredit müqaviləsi ABŞ dolları ilə bağlanmış və həmin müqavilə bağlanarkən manatın məzənnəsi bir ABŞ dollarına nisbətdə 1.05 manat təşkil edirdi. Elə kredit verilən ilin sonunda ölkədə ikinci devalvasiya baş vermiş və manatın məzənnəsi daha da ucuzlaşaraq 1.70 manat təşkil etmişdir. Bu halın baş verməsi borclunun vəziyyətini kəskin dəyişməsi (ağırlaşması) kimi dəyərləndirilə bilər. Baş verənlərdən sonra borclunu daha ağır şərtlərlə, əlavə faiz və cərimələrlə yükləmək onsuz da ağır vəziyyətə düş müş tərəfin ödəniş qabiliyyətini heçə endirmiş olur. Əslində ağır şərtlərin irəli sürülməsi kreditorun özünün də mənafeyinə uyğun deyil. Çünki daha ağır şərtlər borcun ödənilməsini çətinləşdirir, mümkünsüz edir. Ona görə apellyasiya məhkəməsi həmin halları nəzərə alaraq ədalətli tarazlığı gözləməklə əldən çıxmış fayda və cərimə məbləğini müəyyən etmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İdidaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7844/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar