Məhkəmə qərarları › İş №2(102)-569/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-569/2019

17.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-569/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-569/2019 Bakı şəhəri 17 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(075)-133/2017, hakim E.M.Meh diyev) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 8.737 ABŞ dolları əsas borc və 2.659 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.396 ABŞ dolları borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-1395/2018 Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkə məsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında sonuncuya 36 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasənCavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. 06.06.2017-ci il tarixdə İddiaçı ASC məhkəməyə müraciət edərəkCavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 8.737 ABŞ dolları əsas, 3.131 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.868 ABŞ dolları məbləğində borcun bankın xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məh kəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun borclu və zamindən müştərək qaydada tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya e yni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmə dikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə borc vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhz cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar