Məhkəmə qərarları › İş №2(102)-5696/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5696/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5696/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil Məhəbbət oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (iş № 2(022)354/2020, hakim R.Ə.Əliyev) LPO İddiaçı ASC-nin ləğvedicisi XXXnun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə 2(106)-2054/2020, hakimlər M.K.Həsənov, İ.Q.Əsədov, Z.A.Zeynalov ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXXnun apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX cavabdeh X1 qarşı kredit üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, AZ-İ seriyalı, 757846 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49-cu maddələsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX xx.xx.2020-ci il tarixdə - cavabdeh Nurudin Bayramovun ölümündən 4 il 5 ay sonra ona qarşı iddia qaldırmışdır. Fiziki şəxsin hüquq qabiliyyətinə onun ölümü ilə xitam verildiyindən ölmüş şəxsə qarşı iddia qaldırılması da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzr ə icraata xitam verilir. Apelyasiya instansiyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, hazırkı iddia yolverilməz olmaqla məhkəmədə baxılmalı deyildir. Həmçinin, apelyasiya məhkəməsi hesab etmişdir ki, Nurudin Bayramov məhkəmədə iş üzrə tərəf kimi tanınmadığı üçün onun hüquqi varisi müəyyən olunana və iş üzrə cavabdehin hüquqi varisi kimi cavabdeh qismində cəlb olunana kimi mülki iş üzrə icraatın dayandırılmasına əsas yoxdur. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə icraata xitam verilməsi əsaslarını müəyyən edən prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar