Məhkəmə qərarları › İş №2(102)-5717/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5717/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5717/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)1084/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov, iş 2(036)-2772/2019) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək birgə nikahlarından doğulmuş 2005, 2008 və 2011-ci il təvəllüdlü üç uşağının yetk inlik yaşına çatanadək saxlanılması üçün onların hər birinə görə 150 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.K.Soltanov, T.S.Kərimov və İ.H.Əhmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin məbləğinin artırılmasına dair hissədə dəyişdirilib cavabdehdən tutulan alimentin miqdarı hər uşaq üçün 120 manat məbləğində müəyyən olunmuşdur. İşin halları: Tərəflər 2004-cü ildən faktiki nikah münasibətində olmuş, həmin nikahdan 2005, 2008 və 2011-ci illərdə üç uşaqları doğulmuşdur. İmişli Rayon Qeydiyyat şöbəsi tərəfindən Cavabdeh uşaqların atası hesab edilmiş və adlarına müvafiq şəhadətnamələr verilmişdir. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə üç uşağa görə 240 manat məbləğində aliment tutulmuşdur. 2019-cu ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının uşaqlarının daim artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət etməməsini əsas göstərməklə hər uşağa görə tutulan alimentin miqdarının artırılaraq 160 manat məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla aylıq qazancının 300 manat təşkil etməsini və belə vəziyyətdə məhkəmənin qət etdiyi 360 manat məbləğində alimenti ödəmək iqtidarında olmamasını, lakin məhkəmə kollegiyasının bunu nəzərə almadan ondan qazancını aşan məbləğdə alimentin tutulması barədə qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilib iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, hazırkı tələb qət olunmuş alimentin miqdarının artırılması ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apelyasiya instansiyası məhkəməsi alimentin miqdarını dəyişdirərək hər uşağa görə tutulacaq alimenti 120 manat məbləğində (cəmi 360 manat) müəyyən edərkən alimentin miqdarının müəyyən olunduğu vaxtdan 3 il müddət keçməsinə və bu müddət ərzində böyüməkdə olan uşaqların ehtiyaclarının daha da artmasını və həmin məbləğin (üç uşağa görə 240 manatın) uşaqların saxlanılması üçün kifayət etməməsini əsas göstərmişdir. Cavabdeh aylıq qazancının 300 manat təşkil etməsini iddia etsə də məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul m əbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa, “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 2020-ci il üçün 170 manat məbləğində müəyyən olunmuşdur. İşin göstərilən halları alimentin miqdarının artırılması üçün əsas verdiyindən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar