Məhkəmə qərarları › İş №2(102)-5736/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5736/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5736/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2020-ci il tarixli 2(107)1377/2020 saylı qətnaməsindən cavabdeh N tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.H.Həsənov, iş 2(033)-130/2020) iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 3492,35 manatın tutul araq iddiaçıya verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Ə.Əsədli, Ə.T.Məcidov və A.A.Mahmudov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 19 yanvar 2019-cu il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən MMC tərəfindən Cavabdeh 12 ay müddətinə 3779 manat məbləğində faizsiz kredit verilmişdir. 2019-cu ilin oktyabr ayında BOKT “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən onun iddiaçıya 3492,35 manat məbləğində kredit borcunun yaranmasını və bununla əlaqədar ona 393,47 manat məbləğində cərimənin hesablanmasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ilə birlikdə 3916,22 manatın tutulub MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh N oğlu kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, 19 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 3779 manat məbləğində ist ehlak krediti (mebellərin alınması üçün) verilmiş və sonuncu həmin məbləği 12 ay müddətində MMC-yə qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət də və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müəyyən olunduğu kimi Cavabdeh kreditin müqavilədə müəyyən olunmuş qaydada və müddətdə qaytarılmasını təmin etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən vəziyyətdə iddianın qismən təmin olunması m üəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 02 iyul 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar