Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5768/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) 29.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-737/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 26 may 2017-ci il tarixdə Cavabdeh İddiaçı MMC-də işə qəbul edilmiş, 10 noyabr 2017-ci il tarixdən satış əməliyyatları şöbəsinə baş satıcı vəzifəsində, 23 yanvar 2018-ci il tarixdən isə administrator vəzifəsində işləmiş, 10 aprel 2019-cu il tarixdə tərəflər bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. 2. 26 may 2017-ci il tarixdə və 23 yanvar 2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüş və müəyyən edilmiş vəzifələri icra etməyə borclu olmuşdur.
3. İddiaçı MMC tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayış”dan görünür ki, 19 yanvar 2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir. 01 may 2020-ci il tarixli arayışla çatışmazlıq müəyyən edilən məbləğdən şirkət tərəfindən 2900 (iki min doqquz yüz) manat güzəşt edilmişdir. Cavabdeh faktiki qalıq borcu 16037 (18937-2900) manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 16037 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, 19 yanvar 2019-cu il tarixdə Oba-Bakıxanov 9 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 18937 manat olması məlum olmuşdur. Cavabdehə şirkət tərəfindən 2900 manat güzəşt edilmişdir.
6. Qusar Rayon Məhkəməsinin (hakim R.V.Kazımov) 19 iyun 2020-ci il tarixli, 2(029)295/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 16037 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 191.2, 192, 194, 198, 200, 202-ci maddələrinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 442, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək qanunvericiliyi əmək münasibətləri prosesində vurulmuş ziyana görə məsuliyyəti, məsuliyyətin yaranması üçün zəruri olan şərtləri, məsuliyyətin həcmini, o cümlədən işçinin tam həcmdə maddi məsuliyyət daşıması üçün yalnız tam maddi məsuliyyət haqqında işəgötürənlə yazılı müqavilə bağlanmasını nəzərdə tutmuşdur. 26 may 2017-ci il ta rixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüş və müəyyən edilmiş vəzifələri icra etməyə borclu olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/6029 saylı rəyi ilə qeyd olunur ki, 19 yanvar 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktı” X1 tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin iş materiallarında X1 tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışında Cavabdeh hesab ında yaranmış çatışmazlığın 16.037 manat olması göstərilmiş və maliyyə arayışına əsasən Cavabdeh güzəşt tətbiq edilmişdir. Lakin həmin arayışda göstərilən çatışmazlıqla bağlı hər hansı mühasibatlıq sənədləri mövcud deyildir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)-360/2021 nömrəli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı MMC-nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ek spertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/6029 saylı rəyi ilə, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 19 yanvar 2019-cu tarixli OBA Bakıxanov 9 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlığın miqdarı 16.037 manat məbləğində müəyyən edilmişdir. Lakin həmin arayışda göstərilən çatışmazlıqla da bağlı hər hansı mühasibatlıq sənədləri mövcud deyildir.
12. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək hesab etmişdir ki, 19 yanvar 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair y ekun Akt” X1 tələblərinə uyğun tərtib edilməmiş və həmin aktın düzgünlüyü məhkəmə tərəfindən qəbul edilmir, iddiaçı tərəfindən iddianın təmin olunmasına dair başqa bir sübut təqdim edilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamədən iddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)-360/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiya sının (hakimlər-Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) 2(102)-5740/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)-360/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
15. Kassasiya instansiya məhkəməsi tərəfindən qeyd olunmuşdur ki, həqiqətən iş üzrə keçirilmiş ekspertiza rəyinin əsaslandırıcı hissəsində 19 yanvar 2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktın X1 tələblərinə uyğun olmaması göstərilmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 19 yan var 2019-cu il tarixli Oba Bakıxanov 9 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda, cavabdehin hesabında olan çatışmazlığın 16.037 manat məbləğində müəyyən olunur.
16. İş materiallarında olan İddiaçı MMC-nin Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun 19 yanvar 2019-cu il tarixli akta əsasən Oba Bakıxanov 9 (302) mağazasında siyahıya alınmış mallar üzrə 18.937,22 manat çatışmazlıq müəyyən olunmuşdur. Həmin aktın sonunda “Bu yekun aktda qeyd olunan bütün material qiymətliləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldum:” qeyd edilm əklə, Cavabdeh tərəfindən imzalanmışdır.
17. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən aktı iddia tələbi üzrə mötəbər olmayan sübut qismində qiymətləndirərkən, aktın cavabdeh tərəfindən imzalanmasını nəzərə almamışdır. Halbuki, cavabdeh apellyasiya məhkəməsində 18 noyabr 2020-ci il tarixdə verdiyi izahatında malların üzləşmə aktının olmamasını göstərmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin göstərdiyi kimi inventarizasiya keçirilmədiyi halda, bunun nəticələrinə dair aktı imzalanmasının səbəblərini, bu imza ilə həmin aktda göstərilənlərlə razılığını ifadə edibetməməsini araşdırmadan, yalnız ekspert rəyinin əsaslandırıcı hissəsində göstərilənlərə istinad etməklə, iddianı rədd edərək Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 1 03.1-ci maddəsinin tələblərini pozmuş və bu prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) 15 iyul 2022-ci il tarixli, 2(105)-737/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)- 295/2020 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul olunması, iddia tələbinin təmin olunmaması qət edilmişdir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əsas sübut kimi istinad etdiyi 19 yanvar 2019-cu il tarixli “Aktivlər üz rə inventarizasiya nəticələrinə dair yekun Akt” X1 tələblərinə uyğun tərtib edilməmişdir. Göstərilən çatışmazlıqla bağlı hər hansı mühasibatlıq sənədləri mövcud deyildir.
21. Ona görə də məhkəmə kollegiyası, digər sübutlarla öz təsdiqini tapmadığından, həmin aktı iddianın təmin edilməsi üçün yetərli hesab etməmişdir.
22. Cavabdeh izahatında onun administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasının ümumiyyətlə dəqiqləşdirilmədiyini, orta təhsilli, ticarət sahəsində heç bir təhsilə və ixtisasa malik olmadığını, tutuduğu vəzifənin məsuliyyətini tam anlamadığını, inventarizasiyanın gecə, qeyri-iş vaxtı aparıldığını, ona hazır akta imza etdirildiyini, inventarizasiya aparılarkən mal əksikliyi olduğu iddia edildiyi halda ondan izahat alınmadığını, ona heç bir irad bildirilmədiyini, ondan sonra digər şəxsin administrator təyin edildiyini, sonradan onun da mal əksikliyi ilə işdən çıxarıldığını, bundan 9 ay sonra ondan ziyan tələb edildiyini, işəgötürənə borcu olduğu halda üç ay sonra öz ərizəsi ilə işdən azad edilməsinin və əmək haqqı almasının ağlabatan olmadığını, sadalanan sübutların araşdırılmadığını və onlara hüquqi qiymət verilmədiyini bildirmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi bu halların heç birinə qiymət verməmişdir. Halbuki, işin obyektiv və ədalətli araşdırılması üçün bu hallar daha öncə sadalanan hüquq normaları baxımından qiymətləndirilməli və yekun nəticəyə gəlinməli idi.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məc əlləsinin 191, 192, 199, 203 və 206dı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı MMC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiaçı "xxxx" MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 16.037 (on altı min otuz yeddi) manat, dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manatın Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, 19 yanvar 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”ın sonunda Cavabdeh qeyd etmişdir ki, “Bu yekun aktda qeyd olunan bütün material qiymətliləri mənim iştirakımla inventarizasiya komis siyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldum:” akt Cavabdeh tərəfindən imzalanmışdır. Lakin apellyasiya instansiya məhkəməsi göstərilən aktı iddia tələbi üzrə mötəbər olmayan sübut qismində qiymətləndirərkən, aktın cavabdeh tərəfindən imzalanmasını nəzərə almamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi inventarizasiya nəticələrinə dair aktın cavabdeh tərəfindən imzalanmasının səbəblərini, bu imza həmin aktda göstərilənlərlə razılığını ifadə edib-etməməsini araşdırmadan, yalnız ekspert rəyinin əsaslandırıcı hissəsində göstərilənlərə istinad etməklə, iddianı rədd etmişdir. Halbuki, ekspertiza rəyində də cavabdehin borcunun mövcud olduğu təsbit edilmişdi r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Əmək Məcəlləsi
30. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
31. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
32. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borclud ur.
33. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
34. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
35. Maddə 200.3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə 3
6. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
43. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən bax an məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
47. Belə ki, apellyasiya məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarında şərh edilən və hazırki qərarın 18-ci bəndində qeyd edilən göstərişlərə əməl etməmişdir.
48. İşin əvvəlki kassasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsinə “inventarizasiya keçirilmədiyi halda cavabdehin aktın imzalanmasının səbəblərini, bu imza ilə həmin aktda göstərilənlərlə razılığını ifadə edib-etməməsinin araşdırılması” barədə göstərişlər qoyulsa da, apellyasiya instansiyası məhkəməsi bunlarla bağlı hər hansı bir araşdırma aparmadan təkrar olaraq yalnız ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdir.
49. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktiki halları tam araşdırılmış olması, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmasına dair göstərişlərini tam və lazımınca yerinə yetirməmi şdir
50. Halbuki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
51. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarı).
52. Qeyd olunanları nəzərə alaraq məhk əmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-737/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.