Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5778/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5778/21 (Açar sözlər: alimentin artırılması) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5542/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Məmmədova (Vəliyeva) Mina Məhəmməd qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "tutulmuş aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan 25 iyul 2012ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüldü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ay hər bir uşağa görə hər ay 150,00 (bir yüz əlli) manat sabit pul məbləğində tutulmuş alimentin məbləğini hər bir uşağa görə hər ay 200,00 (iki yüz) manata, cəmi 400 manat sabit pul məbləğinə artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan onların 25 iyul 2012-ci il təvəllüdlü X4 və 16 iyul 2014cü il təvəllüldü X3 adlı uşaqları anadan olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 21 oktyabr 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2257 № ilə qeyd edilmiş nikahın pozulması, 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək onun himayəsində saxlanılmaları, 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün Cavabdeh 29 oktyab r 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Belə ki, yuxarda qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin məbləği uşaqların təminatının təmin edilməsi üçün bugünki, günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Ərzaq qiymətlərin qalxması, uşaqların böyüməsi, onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşaqların saxlanılmasında o, bir valideyn kimi iştirak etməyinə baxmayaraq, onların maddi təminatının təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Uşaqların maddi təminatının təmin edilməsi onunla yanaşı həm də cavabdehin də vəzifə borcudur. Uşaqların saxlanılmasında Cavabdeh hər bir uşaq üçün tutulan 150 manat azlıq təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəm əsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 mart 2021-ci il tarixli, 2(007)-1066/2021 nömrəli (hakim Babək Qasımov) qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli 2(007)-394/2020 saylı qətnaməsi ilə 25 iyul 2012-ci il təvəllüdlü X2 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Cavabdeh 29 oktyabr 2019cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda isə İddiaçı maddi cəhətdən çətinlik çəkməsi əsası ilə aliment məbləğinin dəyişdirilərək artırılması tələbini irəli sürmüşdür. Alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyil. Eyni zamanda iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsinə dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməm işdir. Eyni zamanda uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Əksinə cavabdeh maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, daha artıq aliment tələb olunması onun özünü ağır maddi duruma saldığını, iddia tələbində qeyd olunan alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olması halını sübut edə bilmədiyinə görə iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələri və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin 27.07.2016-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 2(103)-5542/2021 saylı, 09 iyun 2021ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(007)-1066/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 150 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyiş dirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Məmmədova (Vəliyeva) Mina Məhəmməd qızı (vəkili Vəkil) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(103)-5542/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların saxlanması, onların maddi və mənəvi tələbatının ödənilməsi bir valideyn kimi həm də cavabdehin borcudur. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 133K ünvanında yerləşən (46 nömrəli ma ğaza) qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsi hazırda 1000 manata icarəyə verilməkdədir. Cavabdeh özü Qaradağ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində çalışır və hər sabit pul məbləğində əmək haqqı alır. Təyin edilmiş aliment uşaqların saxlanması üçün azlıq təşkil edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı Məmmədova (Vəliyeva) Mina Məhəmməd qızı, vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflərin uşaqlarının saxlanması üçün alimentin məhkəmə qətnaməsi ilə tutulması zamanından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi zamanadək olan müddətdə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. İddiaçı kasasiya şikayətində cavabdehə məxsus qeyri-yaşayış sahəsinin olmasını, həmin sahənin icarəyə verilib əlavə gəlir əldə edilməsini göstərsə də, bu barədə də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini əsaslandıra bilməmişdir. Belə hal isə kasasiya yoxlaması nəticəsində müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Məmmədova (Vəliyeva) Mina Məhəmməd qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5542/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.