Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5798/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5798/21 (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlundan və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4798/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə iş ə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh «Muğanbank” ASC-nə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 14 iyul 2020-ci il tarixli MGT2464161A112 saylı müqavilənin və müqavilə üzrə ödəniş cədvəlinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon məhkəmsinin 2(002)-3074/2016 saylı mülki iş üzrə 03 may 2016-cı il tarixli məhkəmə əmri ilə ondan Cavabdeh ASC-nin xeyrinə 5372 manat əsas borcu, 1660,35 manat faiz borcu, cəmi 7032,35 manat və 20 manat dövlət rüsumu məbləğində pul tutulması əmr edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-3074/2016 saylı mülki iş üzrə 03 may 2016-cı il tarixli məhkəmə əmri qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən tutmanın pensiya haqqına yönəldilməsi və hər ay pensiya haqqından 199,58 manat məbləğində pulun tutularaq Cavabdeh ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin vaxtdan 2020-ci ilin avqust ayınadək hər ay 199,58 manat məbləğində pul pensiyadan tutularaq cavabdehə ödənilmişdir. 2020-ci ilin avqust ayında Cavabdeh ASC-nin əməkdaşları ona zəng edərək bildirmişlər ki, guya bir neçə aydır onların hesabına ödənişlər edilməmişdir və buna görə də onun banka əlavə borcu yaranmışdır. O, deyilənə etirazını bldirərək belə olmadığını, hər ay pensiyadan tutulmalar edildiyini bildirmişdir. Bank işçiləri təkid edərək, ödənişin vaxtını uzatmaqla yeni ödəniş cədvəli tərtib edib ona təqdim etmiş və bununla da banka olan borcunun həcmi süni surətdə artırılmışdır. Onlar bunu onunla əsaslandırmışlar ki, guya aylıq ödənişlər tam olaraq yerinə yetirilməmiş, yəni bir neçə ay pensiyadan tutulmamışdır və guya bununla bağlı yeni kredit müqaviləsi bağlanmalıdır. Lakin o, bildirmişdir ki, elə bir ay olmamışdır ki, onun pensiya haqqı məbləğindən tutma həyata keçirilməsin. Bunu sübut etmək üçün o, “Dost” mərkəzinə müraciət etmiş və aylar üzrə ödənişlərin tam şəkildə pensiyadan tutulduğu müəyyən edilmişdir. Onlar ona heç bir müqavilə təqdim etməmiş, yalnız ödəniş cədvəlini vermiş və hər ay 64,06 manat olmaqla 2 il müddətinə bu ödənişləri həyat a keçirməyinin vacib olduğunu söyləmişlər. Sonradan ödəniş cədvəlinə nəzər yetirərkən aydın olmuşdur ki, sən demə Cavabdeh ASC ilə 14 iyul 2020-ci il tarixdə MGT2464161A112 saylı müqavilə bağlanmışdır. Həmin müqavilədən onun xəbəri olmamış, sözügedən müqavilə onun tərəfindən imzalanmamışdır. Bank işçilərinə müraciət edərək müqaviləni ona təqdim etmələrini tələb etsə də, həmin müqavilə ona təqdim edilməmişdir. Göründüyü kimi yeni tərtib edilmiş ödəniş cədvəlinə əməl olunarsa o, əlavə olaraq xeyli miqdarda pul ödəməliydi. Bu isə qanunsuz bir tələb olmaqla bərabər, onsuz da ağır olan maddi duruma əlavə zərbədir. Yeni müqavilə və müqavilə üzrə ödəniş cədvəli qanunsuz bir sənəddirlər və ona görə də etibarsız hesab edilməlidirlər. O, Cavabdeh ASCnin əməkdaşlarına təkidlə müraciət edərək anlaşman ın ləğv edilməsini xahiş etsə də, buna əməl olunmamış, hər ay ondan əlavə ödəniş tələb edilməkdədir. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə, iş üzrə ekspertiza təyin olunaraq obyektiv gerçəkliyin müəyyən edilməsinə zərurət yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 fevral 2021-ci il tarixli 2(005)-741/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Göründüyü kimi İddiaçı Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3074/2016 №-li, 03.05.2016-cı il tarixli məhkəmə əmri ilə 7032,35 manat əsas və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Həmin tarixdən 2020-ci ilin avqust ayınadək iddiaçıdan 6 556 manatdan artıq məbləğ tutulmuşdur. İddiaçının 500 manatdan da az borcu olduğu halda yenidən tərəflər arasında bağlanmış 14.07.2020-ci il tarixli MGT2464161A112 saylı kredit müqaviləsi ilə 1198 manat məbləğində pul vəsaitinin alınmasına dair müqavilə bağlanmışdır. Tərəflər 14.07.2020-ci il tarixli MGT2464161A112 saylı kredit müqaviləsi ilə 1198 manat məbləğində pul vəsaitinin əvvəlki borcla əvəzləşdirilməsini və iddiaçıya bu məbləğin real olaraq yenidən verilməməsini mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən iddiaçının yenidən 14.07.2020-ci il tarixli MGT2464161A112 saylı kredit müqaviləsi əsasında nağd pul krediti əldə etmədiyi məhkəmə iclasında işin mübahisəsiz halı kimi qəbul edilmişdir. İşin hallarından göründüyü kimi iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 347-ci mad dəsində nəzərdə tutulan dizpozitiv şərtlər təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işin məhkəmə iclasında tədqiq edilmiş halları iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlarla uyğunluq təşkil etdiyindən müqavilələrin etibarsız hesab edilməsinə məhkəmədə inamlı şərait yaradır. Odur ki, iddiaçı 14.07.2020-ci il tarixli MGT2464161A112 saylı kredit müqaviləsinin etibarsızlığını tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 337.1, 337.2, 337.3, 337.4, 347.1, 347.2, 347.3, 347.5, 347.7, 404.1, 404.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.1, 217.3, 218.1, 218.3, 220.4-cü maddələri və Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 06.08.2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.07.2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev- sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-4798/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə apelyas iya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(005)-741/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış 14.07.2020-ci il tarixli, MGTK2464161A112 nömrəli kredit müqaviləsinin surətinə əsasən, borcalana müqavilənin 1.1-ci bəndinə görə 1198 manat məbləğində kredit verilir, borcalan isə əsas borcu, kreditdən istifadəyə görə hesablanacaq faizləri və digər borcları bu müqavilə ilə müəyyən olunan müddətdə və qaydada kreditora ödəyir. Cavabdeh ASC-nin 14.07.2020-ci il tarixli kassa məxaric qəbzinin surətinə əsasən İddiaçı bankdan 1198 manat məbləğində vəsai t aldığını təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Hazırkı iş üzrə, tərəflər arasında bağlanılmış 14.07.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyinə uyğun olaraq borcalana kredit vermişdir. İddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməsini, krediti və ona hesablanmış faizləri tam ödəməsini, və (ya) həmin müqavilənin etibarsız hesab edilməsi hallarını sübuta yetirə bilməmişdir. Habelə, nəzərə alınmalıdır ki, apelyasiya baxışı zamanı iddiaçı məhkəməyə təqdim etdiyi yazılı ərizə bildirmişdir ki, iş üzrə 14.06.2020-ci il tarixli müqaviləni və həmin müqavilə üzrə kassa məxarış qəbzini özü imzalamışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, qanunvericiliklə əqdin etibarsız hesab edilməsi əsasları müəyyən edilmişdir. Kollegiya tərəfindən işin tədqiq edilmiş hallarında qanunvericiliyin həmin əsasları müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsində göstərilən hallar reallığı əks etdirmir və məhkəmənin səhv nəticəyə gəlməsinə əsas yaratmışdır. Belə ki, onunla yeni kredit müqaviləsi bağlanarkən ona bir manat da olsun pul vəsaiti verilməmişdir. Sadəcə olaraq yeni müqavilə bağlandıqdan sonra onun pensiyasından həm köhnə, həm də yeni müqavilələr üzrə tutulma həyata keçirilmişdir. Sadəcə “KapitalBank”a davamlı müraciətlərindən sonra müqavilə üzrə “Kapitalbank” tərəfindən artıq tutularaq Cavabdeha artıq ödənilmiş 1198 manat ona qaytarılmışdır. Cavabdeh bankın əməkdaşları onun ahıl və savadsız olmasından suiistifadə edərək aralarında yeni müqaviləni rəsmiləşdirmiş və 2 il müddətinə yenidən özlərindən asılı vəziyyətə salmışlar. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı vəkili Vəkil və Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uy ğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Maddə 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağl anmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində ona yeni müqavilə üzrə hər hansı pul vəsaiti ödənilmədiyini, 1198 manat pulun onun tərəfindən artıq ödənilmiş pul olduğunu, həmin vəsaitin ona qaytarıldığını dəlil olaraq göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində kredit müqaviləsindən xəbəri olmadığını, müqaviləni imzalamadığını göstərsə də, apelyasiya baxışı zamanı izahat verərkən (səh 83) müqaviləni və kassa məxaric qəbzini özünün imza etdiyi bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı heç bir məbləğdə pul vəsa itini almadığını bildirsə də, bununla bağlı apelyasiya baxışında izahatının alınması üzrə məhkəmə iclas protokoluna hər hansı qeyd tərtib edib işə baxmış məhkəməyə təqdim etməmiş, bununla da o, apelyasiya baxışı zamanı verdiyi izahatla razılaşmış olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-4798/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.