Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5813/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgənlərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(107)1177/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(033)-1156/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.İsmayılov) İddiaçı Cavabdeh qarş ı “fərdi yaşayış evindən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, əşyaların fərdi yaşayış evindən çıxarılması” barədə ilk iddia ərizəsi rədd, Cavabdeh İddiaçı və X1 qarşı “fərdi yaşayış evindən istifadə hüququnun tanınması və övladları ilə birlikdə evə köçürülmə” barədə qarşılıqlı iddia ərizəsi təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 evdən istifadə hüququ tanınmaqla, onun övladları ilə birlikdə həmin evə köçürülməsi qət edilib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-ci il tarixli, 2(107)1177/2019 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov sədrlik edən, məruzəçi A.A.Mahmudov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, əşyaların fərdi yaşayış evindən çıxarılması” barədə ilk iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, oğlu X 22 avqust 2006-cı il tarixdə Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeydə aldırmaqla ailə qurmuş və onların birgə nikahından iki uşaqları doğulub. Zaqatala rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozularaq uşaqların Cavabdeh yanında saxlanılmaları qət edilib. Nikahları pozulduqdan sonra Cavabdeh uşaqlarını da götürərək valideynlərinə məxsus olan evə qayıtmışdır. Dəfələrlə əşyalarını evdən götürməsini Cavabdeh xahiş etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək bundan imtina edib. Cavabdeh hərəkətləri mülkiyyətçi kimi onun hüquqlarını pozur, məhdudlaşdırır və bu səbəbdən də evə sahiblik edə, ondan istədiyi kimi istifadə edə bilmir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə məhkəmədə İddiaçı və Xa qarşı “gəlin köçdüyü fərdi yaşayış evindən istifadə hüququnun tanınması və övladları ilə birlikdə həmin evə köçürülməsi” barədə qarşılıqlı iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, o, İddiaçı oğlu Xla 22 avqust 2006-cı il tarixdə rəsmi nikah əsasında ailə qurub və birgə nikahlarından 15 dekabr 2006-cı il tarixdə X1, 05 sentyabr 2008-ci il tarixdə X2 adlı iki uşaqları doğulub. Ailə qurduqdan sonra qayına tası İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən evə gəlin köçüb və nikahları pozulanadək həmin evdə yaşayıb. Gəlin köçərkən evin sənədləri olmadığı üçün qayınatası İddiaçıla müqavilə bağlaya bilməyib. X9 ailə münasibətləri pozulduğu üçün aralarında olan nikah məhkəmənin qətnaməsinə əsasən pozulub. Nikahları pozulduqdan sonra ona övladları ilə birlikdə gəlin köçdüyü evdə yaşamağa imkan verməyiblər. Hazırda cehiz əşyaları həmin evdədir.Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı vəkili X3 məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh və X məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili X3un izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, Cavabdeh İddiaçı ailə üzvü kimi mübahisəli evə gəlin köçməsinə, tərəflərin həmin evdə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmələrinə, İddiaçı həmin ev üzərində mülkiyyət hüququnun sonradan əmələ gəlməsinə və beləliklə də ilk iddia ərizəsini rədd, qarşılıqlı iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, İddiaçı oğlu X 22 avqust 2006-cı il tarixdə Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeydə aldırmaqla ailə qurmuş və onların birgə nikahından iki uşaqları doğulub. Zaqatala rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozularaq uşaqların Cavabdeh yanında saxlanılmaları qət edilib. Nikahları pozulduqdan sonra Cavabdeh uşaqlarını da götürərək valideynlərinə məxsus olan evə qayıtmışdır. 04 iyun 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Zaqatala şəhəri, Nizami küçəsi, 0,05011 ha yaşayış məntəqəsinin torpaq sahəsində yerləşən, ümumi sahəsi 119,55 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Eləcə də Zaqatala rayon İHB-nın Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 16 avqust 2018-ci il tarixli arayışına görə Zaqatala şəhəri, Nizami küçəsində yerləşən 124 saylı fərdi yaşayış evi üzrə tərtib edilmiş 32 saylı ev təsərrüfatının uçotu kitabına əsasən Cavabdeh iki uşaqları ilə birlikdə İddiaçı ailə üzvü kimi göstərilib. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarand ığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanı n olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olanAzərbaycan Respublikası Mənzil Məcəlləsi nin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş yuxarıda qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əl avə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Digər tərəfdən işdən görünür ki, Cavabdeh İddiaçı və Xun ailə üzvü kimi mübahisəli evə gəlin köçərkən, həmin ev mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmamışdır və sonuncunun həmin ev üzərində mülkiyyət hüququ 04 iyun 2018-ci il tarixdən əmələ gəlmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, İddiaçı kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından da əsassızdır. Belə ki, həmin maddənin mənasına görə,heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırkı işdə birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. Ona görə də üçüncü halın mövcud olub-olmadığı aydınlaşdırı lmalıdır. Məhrumetmə o, halda qanuni sayıla bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və sair) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İşdən görünür ki, Cavabdeh mübahisəli evə gəlin köçərkən, həmin ev hüquqi statusuna görə özbaşına tikili olub, nə İddiaçı, nə də Cavabdeh həmin ev üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir və tərəflər mübahisəli evə münasibətdə faktiki olaraq bərəbər statusda olmuşlar. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh qarşı törətdiyi məhrumetmə (evdən məcburi qaydada çıxarma; sonradan evə buraxmama) ilk gündən qa nunsuz olmuşdur və İddiaçı yuxarıda qeyd olunan maddənin qadağanedici tələblərini pozmuşdur və pozuntunun nəticələri bu gündə davam etməkdədir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, konstitusiyanın norması birbaşa hüquqi qüvvəyə malikdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən maddənin pozuntusunu aradan qaldırmaqla, ilk iddia ərizəsini rədd, qarşılıqlı iddia ərizəsini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şər h olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(107)-1177/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5813/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5813/2019
01.10.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver