Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5838/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminə qarşı iddianın zaminliyə xitam verilməsi əsası ilə təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili Abışova Günay Rza qızının, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-623/2021 saylı qətnaməsindən Cavabdeh1 tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında 01.10.2014-cü il tarixdə 100.LN.1604.011014.00001 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətinə 10.000 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC 25.09.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6312,24 manat əsas, 2015,23 manat faiz və 1585,53 manat cərimə olmaqla, cəmi 9913 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 01.06.2017-ci il tarixə Cavabdeh2 banka kredit müqaviləsi üzrə 6312,24 manat əsas, 2015,23 manat faiz və 1585,53 manat cərimə olmaqla, cəmi 9913 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır.
4. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6312,24 manat əsas, 2015,23 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 8377,47 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, borclu Cavabdeh2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
6. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin (birgə borcluların) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər Cavabdeh1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərə k qətnamənin qismən ləğv olunması və iddianın Cavabdeh1 aid olan hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-623/2021 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6312,24 manat əsas, 2015,23 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 8377,47 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instans iya məhkəməsində işə baxılarkən Cavabdeh1 məlumat verilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ona qarşı iddiaya müddətin tətbiq edilməsi və bu əsasla ona qarşı iddianın rədd olunması barədə dəlillərinə münasibətdə bildirmişdir ki, Cavabdeh1 iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəni (məhkəmə kollegiyasının iclasında və ya apellyasiya şikayətinə əlavə etməklə) təqdim etməli olduğu halda belə bir ərizəni məhkəmə kollegiyasına təqdim etməmiş, yalnız apellyasiya şikayətində ümumi şəkildə qeyd etməklə kifayətlənmişdir. Cavabdeh iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəni məhkəmə kollegiyasına təqdim etmədiyindən, bu əsasla iddianın rədd edilməsi barədə apellyasiya dəlili əsaslı və qanuni hesab edilə bilməz.
11. Apellyasiya instansiyası məhkəm əsi işin hallarına Mülki Məcəllənin 385.1., 386.1., 442, 445, 448.1, 739.1., 739.2., 472.1-ci maddələrinə istinadən qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyırlar. İddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır, buna görə də iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6312,24 manat əsas, 2015,23 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 8377,47 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. C avabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyinə görə, ona aid olan hissədə iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qənaətinə gələrək, Abşeron Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli qətnaməsini ləğv etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mahiyyət etibarilə təkrarən eyni məzmunda yeni qətnamə qəbul etmişdir. İşə baxılarkən y enə Cavabdeh1 məhkəmə iclasında iştirakı təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi.
16. İddiaçı ASC-nin vəkili Abışova Günay Rza qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Cavabdeh2 heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüq uq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin raz ılaşması müqavilə sayılır. Maddə
399. Müqavilənin qüvvəsi 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçıla rdan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
20. MPM-in 4 07.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının Cavabdeh1 aid olan hissədə ləğv olunması və ona qarşı iddianın rədd edilməsi xahiş edildiyindən, məhkəmə a ktı həmin hissədə yoxlanılır. Qətnamənin Cavabdeh2 qarşı hissəsi yoxlanmır və bu hissəyə münasibət bildirilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə Cavabdeh1 borcun tutulmasına aid hissədə ləğv edilməli və Cavabdeh1 aid hissədə iddia təmin edilməməlidir.
25. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 qarşı iddianı təmin edərkən ona əsaslanmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 01.10.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra olunması üçün Cavabdeh1 zamin kimi öhdəlik götürmüşdür.
26. Cavabdeh1 birinci instansiya məhkəməsin in qətnaməsindən verdiyi apellyasiya şikayətində irəli sürdüyü əsas dəlilləri isə ondan ibarət idi ki, işə baxılarkən ona məlumat verilməmişdir və ona qarşı iddia müddəti keçdiyinə görə iddia tələbi rədd olunmalıdır.
27. Cavabdeh müddətlə bağlı mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin müəyyən olunmasına və Mülki Məcəllənin 477.04-cü maddəsində zaminliyə xitam verilməsi üçün müəyyən olunmuş müddətlərə istinad etmişdir.
28. Cavabdeh bu dəlilləri irəli sürərkən ona əsaslanırdı ki, onunla bağlanmış 01.10.2014-cü il tarixli zaminlik müqaviləsində icrasına təminat verilən 01.10.2014-cü il tarixli əsas kredit müqaviləsinin müddəti 2 il müəyyən edilmişdi və 01.10.2016-cı ildə bitmişdi. İddia ərizəsi isə zaminə qarşı həmin ta rixdən bir il müddətində verilməli olduğu halda 2019-cu ilin sentyabr ayında verilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi haqqında dəlilini əsaslı sayaraq qətnaməni ləğv edərək yeni qətnamə çıxarmaqda haqlı olsa da, Cavabdeh1 qarşı iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə bağlı qeyd etmişdir ki, «qanun məhkəmə tərəfindən iddia müddətinin mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2. maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
31. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və cavabdeh tərəfin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
32. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə istinadla və yaxud həmin Məcəllənin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.
33. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etd iyi digər hüquqi mövqeyi də nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahiş əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiya məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir (Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli və L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarları).
34. İşdən göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatsız olduğundan, yuxarıda qeyd olunan qanunvericiliyin tələbi baxımından iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəni (məhkəmə kollegiyasının iclasında və ya apellyasiya şikayətinə əlavə etməklə) təqdim etməli olduğu halda belə bir ərizəni məhkəmə kollegiyasına təqdim etməmiş, yalnız apellyasiya şikayətində ümumi şəkildə qeyd etməklə kifayətlənmişdir.
35. Cavabdeh iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəni məhkəmə kollegiyasına təqdim etmədiyindən, bu əsasla iddianın rədd edilməsi barədə apellyasiya dəlili əsaslı və qanuni hesab edilə bilməz».
36. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmır. Çünki Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edlimiş müddət iddia müddəti deyil, kəsici müddətdir.
37. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
38. Baxılan işdə də Cavabdeh1 tərəfindən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmışdı. 01.10.2014-cü il tarixli zaminlik müqaviləsində zaminlik müddəti 2 il müəyyən edilmişdi və 01.10.2016-cı ildə bitmişdi. İddia ərizəsi isə zaminə qarşı həmin tarixdən bir il müd dətində verilməmişdir. Yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığına görə, zaminliyə xitam verilməsi kimi hüquqi nəticə yaranmışdı. Bu hal zaminə qarşı iddianın rədd olunması üçün müstəqil əsasdır.
39. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, Cavabdeh1 qarşı iddia rədd edilməli olduğu halda, ona qarşı iddia təmin edilmişdir.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-623/2021 saylı qətnaməsi Cavabdeh1 borcun tutulmasına aid hissədə ləğv edilsin və Cavabdeh1 aid hissədə iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.