Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-586/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1636/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2010-cu il tarixli, 2(008)-3109/2010 saylı qətnaməsi ilə C avabdeh alınmalı olan alimentin məbləğinin dəyişdirilərək cavabdehdən hər ay 154 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2010-cu il tarixli, 2(008)-3109/2010 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş 26.12.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay aylıq qazancının ¼ hissəsi məbləğində 60 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək alimentin məbləği 154 manat müəyyən edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı mübahisə kassasiya baxışının predmeti ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1.-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istis na olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 417.1.7.-ci maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, kassasiya şikayəti mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan ləğv edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1636/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli 2(102)-7354/2021 saylı qərardadı ləğv edilsin. Kassasiya şikayəti baxışdan çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-586/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-586/2022
07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver