Məhkəmə qərarları › İş №2(102)-5886/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5886/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5886/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2(103)-4153/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2007-ci il tarixli, 1054-180-07 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Milli Bankı və "xxxx" SKB arasında 180 gün müddətində 3 000 000 manat məbləğinə dair kredit müqaviləsi bağlanmışdır. 2. xx.xx.2008-ci il tarixli, 1054-180-07 nömrəli kredit müqaviləsinin əlavəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Milli Bankı və "xxxx" SKB arasında bağlanmış müqaviləyə əsasən verilmiş kredit resursunun ödənilmə vaxtı 18 dekabr 2008ci il tarixinədək uzadılmışdır. 3. xx.xx.2007-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka müqaviləsinin predmetini, ilkin satış qiyməti tərəflər arasında ** ***** manat məbləğində qiymətləndirilən, 24 noyabr 2006-cı il tarixli ipoteka müqaviləsi və 06 dekabr 2006-cı il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmiş X6 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi-yaşayış sahəsi təşkil edir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 32 saylı fərdi yaşayış evi 1054-180-07 saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi və xx.xx.2008ci il tarixli kredi t müqaviləsinə əlavə əsasında xx.xx.2007-ci il tarixli sonrakı ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evi xx.xx.1997-ci il tarixdə X4 adına qeydiyyata alınmış, xx.xx.2006-cı il tarixdə isə vətəndaşın əvvəllər yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin 4Ə-364 saylı, xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi X9 tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılmışdır. xx.xx.2017-ci il tarixinə olan məlumata əsasən Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 32 saylı fərdi yaşayış evi xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixindən Azərbaycan Respublikası Milli Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 5. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-3323/2010 nömrəli, 15 dekabr 2010-cu il tarixli qərarına əsasən, "xxxx" ASC-nin müflis elan edilərək müəssisənin iflas prosesinin başlanması, "xxxx" ASC-nin ləğvedicisi qismində "xxxx" MMC-nin təyin edilməsi qərara alınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)653/2017 nömrəli qətnaməsinə əsasən, “X17” ASC-nin xx.xx.2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə 1 470 065,10 manat əsas borc, 365.214,21 manat faiz borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdeh X3 xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 1 0 otaqlı 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc və tutmanın yönəldilməsi ilə bağlı xərcin əvəzi Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ödənilməsi, ipoteka predmeti olan - Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1 500 000 manat müəyyən edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 2(103)-10758/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X2 ayrıca, iş üzrə tərəf olmadıqları üçün rayon Məhkəməsi tərəf indən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onların maraqlarına toxunduğunu bildirən Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi tələbi barədə” irəli sürdüyü iddianın təmin olunmaması qət edilmişdir.

8. Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə xx.xx.2007-ci il tarixli 1054-180-07 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipotekanın dövlət qeydiyyatı ilə bağlı xx.xx.2017-ci il tarixli arayışından görünür ki, 95718006 nömrəli kredit müqaviləsi üzrə X7 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 32 nömrəli fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən və həmin müqavilə üzrə öhdəliklərin 24-xx.xx.2007-ci il tarixlərində icrası ilə Mərkəzi Bank tərəfindən 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2007-ci il tarixində yeni kreditin verilməsi ilə eyni tarixlərə düşdüyündən, həm də ipoteka predmetinin Mərkəzi Bankın xeyrinə yüklü olunduğu nəzərə alınaraq 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə ipotekanın təkrar qeydiyyatının aparılması üçün müraciət olunmamışdır.

9. Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 12 may 2014-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinin Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz etmir. "xxxx" SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak girovdan azad ediləcəkdir. 10. 07 fevral 2017-ci il tarixli maliyyə arayışına əsasən, "xxxx" SKB ASC-nin xx.xx.2017-ci il tarixə olan əsas borcu 1470.065.10 manat, faiz borcu isə 365.214.21 manat təşkil edir.

11. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»-ın surətindən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evi Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir.

12. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 242 saylı sərəncamından görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2016-cı il tarixli, İ-48-159-№li ərizə ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, rayonun M.K.Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yerləşən özlərinə məxsus ərazidə qəzalı vəziyyətdə olan yaşayış və q eyri-yaşayış binalarının öz vəsaitləri hesabına sökülməsini və həmin mülklərin yerində yeni yaşayış və qeyri-yaşayış binasının tikintisinə razılıq verilməsini xahiş etmişlər. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH mülki mənzil, şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülərək, yerində yaşayış və qeyri-yaşayış binasının təqdim olunmuş layihəyə uyğun tikintisi nəzərdə tutulmuşdur. Qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2016-cı il tarixli 02/05-801 No-li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq rayonun M.K.Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yerləşən özlərinə məxsus 0,24 ha ərazidə yeni yaşayış və qeyri-yaşayış binasının təqdim olunmuş layihəyə uyğun tikintisinin aparılmasına icazə verilməsi, rayonun M.K.Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yaşayış və qeyri-yaşayış binasının tikintisinə başlanılması məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 aşağıdakıların həvalə edilməsi qərara alınmışdır.

13. Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 21 və 22 noyabr 2015-ci il tarixli müraciətlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pros pektində istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224.7 kv.metr yaşayış, 303.2 kv.metr köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evi adlarına alqı-satqı edildiyindən əmlakın girovdan azad edilməsi üçün 2 000 000 manat ödənişdən 1 505 000 manat artıq icra edilmiş qalan 495 000 manat vəsait bir ay müddətinə ödəməyi öhdəsinə götürürlər. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən məhkəmə hərəkətlərini bir ay müddətinə təxirə salınması ilə bağlı köməklik göstərilməsini xahiş edirlər.

14. Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 22 noyabr 2016-cı il tarixli müraciətlərdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına 21 noyabr 2016-cı il tarixli müraciətlərində 1 ay müddətinə ödənilməli olan məbləğin texniki səhv nəticəsində 1.495.000 manat kimi göstərildiyini nəzərə alaraq həmin məbləğin 495 000 manat kimi qəbul edilməsini, 21 noyabr 2016-cı il tarixli məktubdakı qeyd edilmiş ödənilməli olan 1.495.000 manat məbləğin etibarsız hesab edilməsini xahiş etmişlər.

15. Məhkəmə mühasibatlıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 9/5220 saylı rəyindən də görünür ki, 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 19 iyun 2008-ci il tarixli əlavənin şərtləri nəzərə alınaraq “X17” ASCnin Azərbaycan Respublikası Mərkəzi Bankına istər iddia qaldırıldığı 06 sentyabr 2018-ci il tarixinə, istərsə də qərardad çıxarılan 14 iyul 2021-ci il tarixinə borcu olduğu kimi qalır. (əsas borc 1470065,10 manat, faiz borcu 365214,21 manat) a) Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsinin cavabdehlər tərəfindən sökülməsi nəticəsində Mərkəzi Bank tərəfindən "X17” ASC-yə verilmiş kreditin təminatsız qalması ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq borc tələbi həddində, yəni 1.470.065.10 manat əsas, 365 214.21 manat faiz borcu, cəmi 1.835.279.31 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Mərkəzi Banka ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə qalıq borc məbləğləri həcmində Azərbaycan Respublikasının Mərkəzi Bankının kreditor tələbləri “X17” ASC-nin ləğvedicisinə xx.xx.2011-ci il tarixli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyədək mümkün olmamışdır. Qeyd olunan kredit müqaviləsi üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2011-ci il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Mərkəzi Bank ipoteka saxlayan kimi qeyd olunan ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia qaldırmış, lakin məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, ipoteka predmeti olan əmlak Cavabde h2 satıldıqdan sonra ipoteka predmeti qanunsuz olaraq sökülmüşdür. Belə ki, söküntü prosesi ilə əlaqədar ipoteka saxlayan kimi Mərkəzi Banka heç bir məlumat verilməmiş və beləliklə də, verilmiş kreditin təminatı olan ipoteka predmetinin qanunsuz olaraq söküntüsü nəticəsində Mərkəzi Bankın qanuni mənafeləri tam olaraq pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-653/2017 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan belə bəlli olmuşdur ki, adı çəkilən şəxslər qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə, yüklü əmlakı qanunsuz olaraq tamamilə məhv edərək Mərkəzi Bankın xeyrinə yüklü olan əmlakı sökmüş və yerinə yeni binanın inşasını həyata keçirmişlər. İpoteka il ə yüklü edilən əmlakın söküntüsü kobud qanun pozuntusudur və delikt törətmiş şəxslər mülki hüquq məsuliyyəti daşımalıdır. Hazırda “X17” ASC-nin xx.xx.2007- ci il tarixli, 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında ödənilməmiş cəmi 1 835 279.31 manat kredit borcu vardır. İddiaçı onu da qeyd edir ki, özünü yeni mülkiyyətçi kimi təqdim edən Cavabdeh1 qeyri-prudensial idarəetmə nəticəsində müflis vəziyyətə düşmüş “X17” ASCnin səhmdarlarından biridir. Bu baxımdan da, bankın müflis vəziyyətə düşməsinə, məsuliyyət daşıyan şəxslərdən biri də odur. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü əmlakın sökülməsi ilə təqsirli və hüquqazidd əməllərə yol verilməklə nəticədə dövlətin maraqlarına külli miqdarda zərər vurulmuş və bu da hazırk i iddianın irəli sürülməsi zərurətini yaratmışdır. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-317/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin olunmamışdır.

19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, araşdırma zamanı cavabdehlər tərəfindən iddiaçıya delikt nəticəsində maddi zərər vurulması halı öz təsdiqini tapmamışdır. Cavabdehlər iddiaçı ilə müqavilə tərəfləri olmayaraq onun qarşısında mülki məsuliyyətlə bağlı öhdəlik daşıyıcısı olmamışlar. İpoteka predmeti olan əmlakın cavabdehlərə ipoteka verən tərəfindən satılması isə ipoteka saxlayan kimi iddiaçının rəsmi razılığı ilə baş vermiş və sonuncu bu özgəninkiləşdirmənin h üquqi nəticələrini əvvəlcədən bilməli idi və bilirdi. Belə ki, cavabdehlər əldə etdikləri daşınmaz əmlakla bağlı onlara verilmiş mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədlər əsasında heç bir yüklülük və qadağa olmadığı halda artıq özlərinə məxsus mübahisəli sahədən mülahizələrinə görə istifadə etməyə başlamış, onun sökülərək yenidən inşa edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmiş və onlara təqdim olunmuş lahiyəyə uyğun tikinti işlərinin aparılmasına icazə verilmişdir. Belə olan halda ipoteka predmetinin qanunsuz olaraq sökülməsi, söküntü prosesi ilə əlaqədar ipoteka saxlayan kimi Mərkəzi Banka məlumat verilməli olması və beləliklə də, verilmiş kreditin təminatı olan ipoteka predmetinin qanunsuz olaraq söküntüsü nəticəsində Mərkəzi Bankın qanuni mənafeləri tam olaraq pozulmas ına dair iddiaçının dəlillərini məhkəmə əsassız sayır və hesab edir ki, cavabdehlər tərəfindən müvafiq sənədlər əsasında və qanunun tələblərinə riayət olunmaqla söküntü işləri həyata keçirilmişdir.

20. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 269.4, 307.6, 307.7, 309.1, 310, 317.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10.4, 25.1, 25.1.3, 30.1, 30.2, 33, 34.1, 35.1, 35.1.3, 39.3.3-cü maddələrinə və “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununu n 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6289/2019 nömrəli, 04 iyun 2019- cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(005)-317/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, zərərin mövcud olması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya real zərərin vurulması hazırkı işdə təsdiq olunmur. Həmçinin, hal-hazırda iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə borcun qaytarılmaması və bununla da, iddiaçıya zərər dəyməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. İpoteka müqaviləsinin qüvvəyə minməsinin imperativ şərti onun dövlət qeydiyyatına alınmasıdır. Lakin iş materiallarından müəyyən olunur ki, xx.xx.2007-ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə həmin ipoteka müqaviləsi qüvvəyə minməmiş və X9, daha sonra isə Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyan statusunu əldə etməmişlər, bu səbəbdən ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək vəzifələri daşımamışlar. Ona görə də, cavabdehlər öz mülkiyyətlərində olan əmlakı söküb və yerində başqa bir tikili inşa etməklə iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkətə yol verməmişlər.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi MM-in 21, 309.2, 309.1, 312.1, 1096, 1097.1, “İpoteka haqqında” Azərbaycan Respublika sı Qanununun 10.4, 11.1, 11.2, 25.3, 30.2-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

27. Kassasiya şikayəti iddia ərizəsinə uyğun məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması, iş üçün əhəmiyyətli olan sübutlara düzgün və obyektiv hüquqi qiymət verilməməsi nəticəsində çıxarılan qətnamə qanunun tələblərinə ziddir və Mərkəzi Bankın əmlak maraqlarını pozur. Bu səbəbdən Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 417-ci maddəsinə əsasən kassasiya məhkəməsi tərəfindən Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-42/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və S.F.Hacıyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli 2(103)-6289/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

29. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansi yası məhkəməsi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə istinad edərək zərərin mövcud olması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya real zərərin vurulmasının təsdiq olunmaması nəticəsinə gələrkən nəzərə almamışdır ki, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi X10 tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılarkən sonuncular həmin evi yüklü vəziyyətdə almışlar. Əmlakın satılmasına dair məktubda evin Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu halına və Cavabdeh1 və Cavabdeh2 Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 242 saylı sərəncamı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyi, X18 Xidmətinin müvafiq rəyi əsasında ümumi birgə mülkiyyətinə verilmiş, lakin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış sahəsini sökməklə faktiki olaraq ipoteka predmetini ləğv etmələrinə, alqı-satqı müqaviləsi əsasında aldıqları və sökdükləri əmlakın ipoteka ilə yüklü olmasından tam xəbərdar olmasına hüquqi qiymət verməmişdir. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 30.2-ci maddəsinin hazırki mübahisəyə tətbiq edilməli olmasına qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək və 1054180-07 nömrəli kredit müqaviləsi üzrə adı çəkilən əmlakın Mərkəzi Bankın xeyrinə ipotekada olmasının heç vaxt ipoteka qoyan tərəfindən mübahisələndirilməməsin ə də diqqət yetirməmişdir. Həmçinin, kollegiyanın qənaətinə görə həmin əmlakın 2014-cü ildə digər şəxsə satılmasına dair ipoteka saxlayan kimi Mərkəzi Bankdan razılığın alınması üçün müraciət olunması da əmlakın Mərkəzi Bankın xeyrinə yüklü olması faktının bir daha təsdiqi olub olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq hüquqi qiymət verilməmişdir. Kollegiya hesab etmişdir ki, xx.xx.2007-ci il tarixli 1054-180-07 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipotekanın dövlət qeydiyyatına alınmamasına dair nəticəsi əsaslandırılmamış, X9, daha sonra isə Cavabdeh1, Cavabdeh2 ipoteka qoyan statusunu əldə edib-etməmələrinə, cavabdehlərin öz mülkiyyətlərində olan əmlakı söküb və yerində başqa bir tikili inşa etməklə iddiaçıya münasibətdə qanunsuz hərəkətə yol verib-verməmələrinə düzgün hüquqi qiymət verilməmişdir.

30. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi MM-in 21, 1096, 1097.1, MPM-in 417.1.4, 418.1, 88-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-335/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(005)-317/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 1835279,31 manat məbləğində pul birgə qaydada tutularaq Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ipoteka qoyanın qanunla müəyyən edilmiş vəzifələri cavabdehlər tərəfindən sökülən əmlakın yüklülüyünə dair Mərkəzi Bankla ipoteka qoyan arasında bağlanmış 24 dekabr 2007-ci il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndində də ipoteka qoyanın öhdəliyi kimi göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 1054-180-07 saylı kredit müqaviləsi üzrə adı çəkilən əmlakın Mərkəzi Bankın xeyrinə ipotekada olmasını ipoteka qoyan mübahisələndirməmişdir. Əksinə, ilkin ipoteka qoyan X5 iştirakı ilə notarial qaydada təsdiq edilmiş 19 aprel 2011-ci il tarixli “İpoteka predmetinə tutma yönəldilməsi haqqında razılaşma”nın predmetini Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 32 saylı fərdi yaşayış evinə məhkəmədənkənar qaydada tutmanın yönəldilməsi, ipoteka predmetinin satılması və əldə edilmiş gəlirlərin bölüşdürülməsi təşkil etmişdir. Həmin razılaşmada 1054-180-07 saylı kredit müqaviləsi üzrə ipoteka saxlayana ödənilməli olan 3 milyon manat da öz əksini tapmışdır. Həmin əmlakın 2014-cü ildə digər şəxsə satılmasına dair ipoteka saxlayan kimi Mərkəzi Bankdan razılığın alınması üçün müraciət olunması da əmlakın Mərkəzi Bankın xeyrinə yüklü olması faktını bir daha təsdiq edir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 9/5220 saylı rəyindən də görünür ki, 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 19 iyun 2008-ci il tarixli əlavənin şərtləri nəzərə alınaraq “X17” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına istər iddia qaldırıldığı 06 sentyabr 2018-ci il tarixinə, istərsə də qərardad çıxarılan 14 iyul 2021-ci il tarixinə borcu olduğu kimi qalır. (əsas borc 1470065,10 manat, faiz borcu 365214,21 manat). Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi MM-in 21, 274, 312.1, 1096, 1097.1, 1113.1, MPM-in 385.1.4, 390, 384.0.2, “İpoteka haqqında” Azərbaycan Respublikası qanun unun 25.3, 30.2-ci maddələrinə istinad etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-335/2021 nömrəli, 08 dekabr 2021ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının hazırkı iş üzrə cavabdehlər tərəfindən sökülmüş girova görə «X17» ASC-yə verilmiş kreditin təminatsız qalması ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq tələb etdiyi məbləği başqa bir şəxsdən tələb edərək pulun tutulmasının onun mülkiyyətində olan əmlakına yönəldilməsi qət edilmiş və iş icraya yönəldi lmişdir. Həmin məhkəmə qərarlarına əsasən iddiaçı xx.xx.2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi (hazırkı iş üzrə tələb həmin müqavilə üzrə və həmin məbləğdədir) üzrə 1.515.065,10 manat əsas və 365.214,21 manat faiz borcunun tutulması X11 (baxılan iş üzrə cavabdeh olmayan şəxs) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,02107 ha torpaq sahəsində yerləşən 38 a nömrəli binanın birinci mərtəbəsində 640.2 kv.m ümumi, 11,1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi qərara alınmışdır. Belə olan halda hazırkı ipoteka predmetinin sökülməsi nəticəsində kredit müqaviləsinin təminatsız qalmasına dair mövqeyi düzgün deyildir, belə ki, kredit müqaviləsi üzrə qoyulmuş 2 girovdan biri sökülsə də digəri mövcuddur. Cavabde hlər əldə etdikləri daşınmaz əmlakla bağlı onlara verilmiş mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədlər əsasında heç bir yüklülük və qadağa olmadığı halda artıq özlərinə məxsus mübahisəli sahədən öz mülahizələrinə görə istifadə etməyə başlamış, onun sökülərək yenidən inşa edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmiş və onlara təqdim olunmuş layihəyə uyğun tikinti işlərinin aparılmasına icazə verilmişdir. "xxxx" ASC-in ləğvetmə prosesi hələ başa çatmayıb və hal-hazırda davam edir. Həmin bankın iddiaçıya olan kredit borcu ləğvetmə prosesində qanunla müəyyən edilmiş növbəlilik qaydasında ödənilə bilər. Həmçinin bu səbəblə də iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə borcu qaytarmaması və bununla da iddiaçıya zərər dəyməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Cavabde hlər iddiaçı ilə müqavilə tərəfləri olmadığı üçün onun qarşısında mülki məsuliyyətlə bağlı öhdəlik daşıyıcısı olmamışlar. İpoteka predmeti olan əmlakın cavabdehlərə ipoteka verən tərəfindən satılması isə ipoteka saxlayan kimi iddiaçının razılığı ilə baş vermiş və sonuncu bu özgəninkiləşdirmənin hüquqi nəticələrini əvvəlcədən bilirdi.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli 2(102)-2539/2022 saylı qərarı ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.Ə.Şəfiyev) kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-335/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

37. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi sözügedən fərdi yaşayış sahəsini cavabdehlərin özbaşına sökməsini, kreditin təminatsız qalmasını və faktiki olaraq ipoteka saxlayanın zərərə məruz qalmasını düzgün müəyyən etdiyindən hissə üzrə cavabdeh tərəfin dəlilləri əsassızdır. Lakin zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi hüquq normalarının tələblərinə uyğun deyildir. İlkin olaraq qeyd olunmalıdır ki, baxılan iş üzrə tələb irəli sürülən şəxslər ipoteka qoyan statusundadırlar. Onlar kredit müqaviləsinin tərəfi deyildirlər, yalnız kreditin təminatı olan ipoteka predmetini alqı-satqı müqaviləsi əsasında əldə etmiş, ipoteka qoyanın hüquq və vəzifələri onlara keçmişdir. Apellyasiya instansiyası məhkəməsi zərəri n məbləğini müəyyən edərkən müvafiq kredit müqaviləsi üzrə mühasibatlıq ekspertizası təyin etmiş və tələb olunan müddət üçün kredit müqaviləsi üzrə əsas borclunun icra edilməli olan öhdəliyinin həddini müəyyən etmiş (1835279,31 manat məbləğində) və həmin məbləğdə pulun cavabdehlərdən (Cavabdeh2 və Cavabdeh1) birgə qaydada tutulmalı olmasını qeyd etmişdir. Lakin göstərildiyi kimi nəzərə alınmamışdır ki, ipotekanın cavabdehlər ipoteka qoyanın hüquq və vəzifələrini əldə etmişlər, ipoteka saxlayanın tələbini faktiki təminat məqamında malik olduğu həcmdə təmin edə bilərlər. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi zərəri kredit müqaviləsi üzrə yaranmış borca münasibətdə deyil, ilkin olaraq ipotekanın faktiki təminat məqamında malik olduğu həcmini araşdırmalı və həcmə münasibətdə z ərər məbləğini müəyyən edilməsi məsələsinin müzakirəsini təmin etməli idi. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini müəyyən edərkən kassasiya şikayətində göstərilən dəlillə bağlı istinad olunan məhkəmə aktlarının mövcud olması, qanuni qüvvədə olub-olmaması, icraya yönədilməsi və icrasının nəticəsinin araşdırılmasını təmin etməli, tələbin əmlaka yönəldilməsinin başa çatıbçatmamasını müəyyən etməklə (hansı həcmdə icranın təmin edilməsini) qalıq zərər məbləğini baxılan iş üzrə ipoteka predmetinin faktiki təminat məqamında malik olduğu həcmə münasibətdə qiymətləndirilməlidir.

38. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi MM-in 21,1, 21.2, 21.3, 269.7, 272, 274, 279, 312, 1096.1, 1096.2, 1097.1, 1113.1, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 218.3, 416.1, 416.2, 417.1.3-cü maddələrinə istinad etmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

39. Apellyasiya instansiyası məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(103)4153/2022 nömrəli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 600.000 (altı yüz min) manat pulun müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin hallarından da müəyyən olunur ki, Azərbaycan Respublik ası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsini cavabdehlərin özbaşına sökməsi nəticəsində faktiki olaraq ipoteka saxlayan zərərə məruz qalmışdır. Vurulmuş ziyanın məbləği ilə bağlı hissədə kollegiya qeyd edir ki, iş materiallarında olan Mərkəzi Bankın 12 may 2014-cü il tarixli 05-00283-2014 saylı məktubda qeyd olunmuşdur ki, "xxxx" SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak yüklülükdən azad ediləcəkdir. İş materiallarında olan olan Mərkəzi Bankın xx.xx.2017-ci il ta rixli 05-000992017 saylı maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixədək 1.480.000 manat məbləğində əsas borc üzrə ödəniş edilmişdir. Həmçinin, mübahisəsiz qaydada müəyyən edilmişdir ki, qeyd olunan məbləğin 1.400.000 manat hissəsi hazırki iş üzrə cavabdehlər tərəfindən ipoteka əmlakı əldə ediləndən sonra məhz hazırki iş üzrə cavabdehlər tərəfindən ödənilmişdir. Ona görə də, kollegiya hesab edir ki, cavabdehlər tərəfindən vurulmuş ziyanın məbləği 600.000 manat (2.000.000-1.400.000) müəyyən edilməlidir və həmin məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mütərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməlidir. Həmçinin, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-490/2 017 nömrəli, 17 may 2017-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "X17" ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 986-180-07 nömrəli kredit müqaviləsi üzrə 7.222,25 manat faiz borcu, xx.xx.2007ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə 1.515.065,10 manat əsas borc və 365.214,21 manat faiz borcu, xx.xx.2008-ci il tarixli 1073-180-08 nömrəli kredit müqaviləsi üzrə isə 1.700.000 manat əsas və 209.555,56 manat faiz borcu olmaqla, ümumilikdə 3.215.065,10 manat əsas, 581.992,02 manat faiz borcu, xx.xx.2007-ci il tarixli ipoteka və xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli sonrakı ipoteka müqavilələrinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş, X13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahə sində yerləşən 38a nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.m ümumi, 11.1 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin X13 verilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10212/2017 nömrəli iş üzrə 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-490/2017 nömrəli, 17 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd olunan əmlak artıq satılmış və digər müqavilə üzrə borca yönəldilmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi MM-in 21, 274, 312.1, 1113.1 1096, 1097.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3, 30.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın d əlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4153/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını, zərərin tam məbləğdə (1,835,279.31 manat) cavabdehlər tərəfindən müştərək qaydada kreditor-ipoteka saxlayan qismində çıxış edən və hazırda zərərçəkən Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti iddia ərizəsinə uyğun məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, Mərkəzi Bank tərəfindən ƏMDK yanında DƏDRX Bakı Ərazi idarəsinə və müvafiq notariat kontoruna ünvanlanmış 12 may 2014-cü il tarixli 05-00283-2014 saylı məktub əsasında qeyd olunan əmlakın Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz edilməməsi, həmçinin, "xxxx" SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad ediləcək olması qeyd olunmuşdur. Qeyd olunan məktubla bağlı bildirir ki, məktubun əsas məqsədi əmlakın ipotekada qalması şərtilə özgəninkiləşdirilməsinə etiraz edilməməsi olmuşdur. Məktubdakı öhdəliyin icrası ilə bağlı qeyd isə "xxxx" SKB-nin kredit borcunun bir neçə kredit müqaviləsi üzrə yaranması və ipoteka ilə təmin olunması ilə əlaqədar idi. Qeyd edir ki, xx.xx.2007-ci il tarixli, 1054180-07 nömrəli kredit öhdəliyindən fərqli olaraq, xx.xx.2007-ci il tarixli, 986-180-07 nömrəli və xx.xx.2008-ci il tarixli, 1073-180-08 nömr əli kredit öhdəliklərinin başqa təminatı olmamış, yeganə təminat kimi X13 məxsus qeyri-yaşayış sahəsi çıxış etmişdir. Bu səbəbdən də, qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsait 986-180-07 nömrəli və 1073- 180-08 nömrəli kredit öhdəlikləri üzrə borcun ödənilməsinə yönəldilmiş, lakin bununla belə, 1073-180-08 nömrəli kredit müqaviləsi üzrə 1,056,777.81 manat borc hələ də ödənilməmiş olaraq qalır. Beləliklə, Mərkəzi Bank tərəfindən ƏMDK yanında DƏDRX Bakı Ərazi idarəsinə və müvafiq notariat kontoruna ünvanlanmış 12 may 2014-cü il tarixli 05-00283-2014 saylı məktub tərtib olunduğu zaman bankın kredit borcunun tezliklə tam məbləğdə ödənilməsi barədə vədlərini nəzərə alaraq ümid edilirdi ki, xx.xx.2007-ci il tarixli, 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə 2 mln. manat borc ödənild iyi halda borcun qalıq hissəsinin ən pis halda X13 məxsus qeyri-yaşayış sahəsi hesabına ödənilməsi mümkün olacaqdır. Lakin, göründüyü kimi, X13 məxsus qeyri-yaşayış sahəsinin satış qiyməti heç xx.xx.2008-ci il tarixli, 1073-180-08 nömrəli kredit müqaviləsi üzrə borcu tam bağlamağa kifayət etməmişdir. Digər tərəfdən, tərəflər arasındakı münasibətlər ipoteka müqaviləsi üzrə yaranmışdır və müqaviləyə dəyişiklik etmədən hər hansı yazışma məcburi qaydada tərəflərin hüquq və ya öhdəliklərin dəyişməsinə hüquqi əsas verə bilməz. Onu da qeyd edir ki, qanunsuz olaraq Bakı şəhərinin görkəmli ərazilərindən olan Atatürk prospektində yerləşən sökülmüş ipoteka predmetinin ipoteka müqaviləsi üzrə dəyəri hələ 2007-ci il tarixində 1.500.000 manat müəyyən edilmişdir. Hazırda qeyd olunan kredit müqaviləsi üzr ə ləğv prosesində olan bankın Mərkəzi Bank qarşısında 1,470,065.10 manat əsas borc, 365,214.21 manat faiz borcu olmaqla ümumilikdə 1,835,279.31 manat kredit borcu vardır. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ipoteka predmetinin sökülməsi qalıq borcun ipoteka əmlakı hesabına ödənilməsini mümkünsüz etmişdir. Bu səbəbdən də, cavabdehlər kredit üzrə qalıq borc məbləği həddində məsuliyyət daşımalı və həmin vəsaitin cavabdehlərdən müştərək qaydada tutulması təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respulikasının Qanunu

45. Maddə 25.3., 25.3.1-3.5. İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır: ipoteka predmetinin saxlanılmasını və salamatlığını tə min etmək; ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək; ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək; ipoteka predmetinə tutma yönəldildikdə həmin əşyanı almaq istəyən şəxslərə ipoteka predmetinə yerində baxış keçirmək üçün şərait yaratmaq; bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayandan əsas öhdəliyin həcmi barədə arayış alaraq notariusa təqdim etmək.

46. Maddə 30.2. Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqavil əsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16]

48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

49. Maddə 21.3. Zərərin əvəzinin ödənil məsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

50. Maddə

274. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi girov və ya ipoteka hüququnu dəyişdirmir.

51. Maddə 312.1. İpoteka verən əşyanın real dəyərini qorumağa borcludur. Əgər şəraitin pisləşməsi nəticəsində ipoteka üçün təhl ükə yaranırsa, ipoteka saxlayan bu təhlükəni aradan qaldırmaq üçün ipoteka verənə müvafiq müddət təyin edə bilər.

52. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

53. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

54. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

55. Maddə 111 3.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şər ait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4153/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar