Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-594/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: suaxma nəticəsində dəymiş ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-316/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 96 saylı mənzil xx.xx.2019-cu il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) satılmış, mənzil xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır.
2. Həmin mənzildə yuxarı mərtəbədə yerləşən 104 saylı mənzil xx.xx.2018-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) satılmışdır və o, həmin mənzildə yaşayır.
3. İddiaçı özünə məxsus mənzili xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında X1 və mənzil hazırda sonuncunun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş 8000 manat əmlak zərərinin əvəzinin alınıb, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, üç ay müddətində mənzilini təmir etdikdən sonra oraya köçüb yaşamışdır. Mənzilin təmirinə ümumilikdə 22 000 manat xərc çəkilmşdir. Mənzili təmir etdirdikdən sonra həmin evin yuxarı mərtəbəsində yaşayan qonşusu olan cavabdeh çətinliklə qazandığı pulla təmir etdirdiyi mənzilini suya basmış, nəticədə ona əmlak zərəri vurmuşdur. MTK işçiləri də daha çox suya məruz qalmasın deyə digər qonşularla birlikdə ona köməyə gəlmişlər. Bununla əlaqədar həm cavabdehə, həm də "Orbita” MTK-ya müraciət etmiş, MTK tərəfindən cavabdehin mənzilinə verilən su məcburən dayandırılmışdır. Dəfələrlə cavabdehə müraciət etsə də, o, mənzilindəki su xətlərini lazi mi qaydada təmir etmir və bundan boyun qaçırır. Hətta MTK işçilərini mənzilinə buraxmır ki, suyun axmasının dayandırılmasına tədbir görülsün. Cavabdehə ona əmlak zərəri vurması ilə əlaqədar zərərin əvəzini ödəməli olduğunu bildirsə də, sonuncu onun sözlərinə və iradına məhəl qoymamışdır. Cavabdehin ona vurduğu əmlak zərəri nəticəsində mənzilinin tavanı, divarları, divar kağızları, döşəmənin parketi, mənzildə həmin hissədə olan məişət əşyaları yararsız vəziyyətə düşmüş, elektrik xətlərinə, mənzilin mətbəxinin döşəməsinin parketinə və qonaq otağının qapısına ziyan dəymişdir.
6. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində iddiaçıya məxsus mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xər ci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9078,8 manat göstərilmişdir.
7. Cavabdeh iddiaya etiraz etmiş, ona məxsus mənzildən iddiaçının yaşadığı mənzilə su axıdılmadığını, iddiaçıya hər hansı formada zərər vurmadığını bildirmişdir.
8. İş üzrə məhkəmə ekspertizası təyin edilmiş, iddiaçı ünvanda olmadığından tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığı üçün ekspertiza keçirilməsinən imtina olunmuşdur.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1320/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən onun mənzilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəyməsinə dair məhkəməyə sübutlar təqd im edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqat obyektinə iddiaçının ünvanda olmaması səbəbindən baş tutmamışdır. İddiaçının mənzili təmir olunmuş və başqa şəxsə satılmışdır. Beləliklə, iddiaçı tərəfindən mübahisəli mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəyilməsi təsdiq olunmamışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 21-ci, 1096.1-ci, 1097.1-ci, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmasını x ahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
14. Apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 96 saylı mənzildə (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) faktiki olaraq mərtəbəarası su sızmanın əlamətlərinin (divarlarda və tavanda su izləri, saralmalar, divar kağızının qopması və ya aralanması, boya qatının qabarması və ya çatlaması, döşəmə hissəsində çatlar və s.) müşahidə edilməmişdir; mənzilin yerləşdiyi binanın komendantının və iddiaçının tərtib etdikləri xx.xx.2020-ci il tarixli akta əsasən həmin mənzilə mənzilin üst q onşusundan su sızdığı müəyyən olunur; mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmış təmir tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 6495,70 manat müəyyən olunur.
15. Təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, cavabdehə məxsus mənzilin su və kanalizasiya borularında, həmçinin sanitar qovşaq avadanlıqlarında faktiki olaraq qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində boşluqlar və s.) aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün deyil.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-316/2023 nömrəli, 2 6 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov (sədrlik edən və məruzəçi), S.X.Bəhrəmzadə və X.A.Mərdanova), iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmuş, cavabdehdən maddi zərərin əvəzi olaraq 6495,70 manatın, dövlət rüsumlarının əvəzi qismində 45 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbini sübuta yetirmək üçün məhkəməyə mənzilinin divarlarında, divar kağızlarında, qapılarında, tavanında və döşəməsində məhz suyun təsirindən yarandığı aşkar görünən ciddi qüsurların görüntülərini əks etdirən fotoşəkilləri, mənzilə vizual baxış keçirməklə həmin qüsurları n aradan qaldırılması üçün çəkilməli xərci hesablayan mütəxəssisin rəyini, mənzilinə məhz cavabdehin mənzilindən su axıdıldığı barədə binanın komendantının təsdiqlədiyi aktı təqdim etmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilinin üst mərtəbəsində (üstündə) məhz cavabdehin mənzilinin yerləşdiyi nəzərə alındığında, həmin sübutlar iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halın mövcud olduğu nəticəsinə gəlməyə əsas verir. 2020-ci ilin mart ayında qaldırdığı iddia üzrə məhkəmə icraatının, həmin dövrdə ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar uzanması səbəbindən yaşanılmayacaq vəziyyətə düşmüş mənzilini təmir etdirməsinin və daha sonra satmasının, buna görə də daha çox sübut təqdim edə bilməməsinin məsuliyyətini iddiaçının üzərinə qoymaq, bərabər mənafelərə bərabər münasibət prinsipinə zidd olardı.
19. Məhkəmə nəzərə almışdır ki, məhkəmə icraatı sözügedən səbəblə uzandığı və həmin dövrdə iddiaçı öz mənzilini satdığı üçün, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatının həyata keçirilməsi də mümkün olmamışdır.
20. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 1097.1, 1111.2, 1115-ci, MPM-in 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti iddiaya etirazın dəlillərinə uğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçının mənzilində təmirə ziyan dəyməsi, təmirinə zi yan vurulması həmin ziyanın məhz cavabdeh tərəfindən vurulması cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılması ilə bağlı işdə heç bir mötəbər sübut yoxdur. Cavabdehin mənzilinin iddiaçının mənzilinin üst qatında yerləşməsi səbəbi ilə mənzilə suyun məhz cavabdeh tərəfindən axıdılması nəticəsinə gəlmək absurddur. Çoxmənzilli yaşayış binalarında su xətləri bir-biri ilə əlaqəli olur. İddiaçının mənzilinə axıdılan suyun başqa, yandan, sağdan, soldan daha üst mərtəbədə yerləşən mənzillərdən və ya binanın ümumi su və ya kanalizasiya xəttində qırılma, çatlama, su sızması nəticəsində axıdılması da mümkündür. Yaxud ümumi su xəttində hər hansı su sızması binanın nəticəsində də iddiaçının mənzilinə su axıdıla bilər. Aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş tikinti-texniki və əmt əəşünaslıq ekspertizaları ilə cavabdeh tərəfindən iddiaçının mənzilinə suyun axıdılması müəyyən edilməsi mümkün olmamışdır. Deliktə əsasən maddi zərərin ödənilməsi üçün 3 əlamətin olması təsbit olunur: təqsirli hərəkət, zərər və zərərlə təqsirli hərəkət arasında səbəbli əlaqə. İş materiallarında isə məhz cavabdehin təqsiri ucbatından suyun axıdılması ilə bağlı heç bir mötəbər yoxdur. Əgər həqiqətən cavabdeh tərəfindən iddiaçının mənzilinə su axıdılmışdırsa, o, ekspertlərin gəlməsini gözləyə, mənzili tələsik təmir etdirərək satmaya bilərdi. Apelyasiya instansiyası məhkəməsi işə səthi yanaşmış, maddi və prosessual pozuntulara yol verməklə qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüq uq Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növl ü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir g östərə bilər.
35. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
39. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-316/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.