Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5993/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətləri prosesində vurulan ziyan, işçinin maddi məsuliyyəti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3568/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra – cavabdeh) 01 iyun 2016-cı il tarixli əmək müqaviləsi əsasında İddiaçınə (bundan sonra – iddiaçı və ya MMC) Satış şöbəsinin ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, eyni zamanda tərəflər arasında cavabdehin öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır.
2. MMC-nin 19 dekabr 2016-ci il tarixli əmri ilə cavabdehin ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
3. MMC-nin Satış Nəzarət-Təftiş şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktd a qeyd edilmişdir ki, cavabdehin iştirakı ilə onun fəaliyyətinin yoxlanması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanın aparılması) üzrə təftiş aparılmış və onun hesabında 41.248,05 manat əskik gəlmə aşkar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəsində olmuş maddi sərvətlərin çatışmazlığı ilə vurduğu 38.464,70 manat zərər, həmin məbləği vaxtında ödəmədiyinə görə illik 5% olmaqla 2783,35 manat faiz, cəmi 41.248,05 manat ziyanın və 20 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nəsimi rayonu ərazisində yerləşə n satış nöqtələri ilə işləmiş, satış nöqtələri ilə birbaşa əlaqədə olmaqla müştərilərdən istədikləri sifarişləri qəbul edib MMC-nin mərkəzi ofisinə göndərmiş, ofis sifarişi qəbul edib dərhal həmin qida məhsullarını onun sifariş etdiyi ünvanlara çatdırmış, cavabdeh 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəmişdir. Cavabdeh öhdəliyinə əməl etməmiş və fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq, xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində cəmiyyətdən 73 386,30 manat dəyərində mal almış, cəmiyyətin xəzinədarlığına 35.290,94 manat ödəmiş, 2870,82 manat dəyərində malları geriyə qaytarmış, 4861,79 manat mühasibat üzrə artma olmuş, 435 manat məbləğində endirim edilmiş, müştərilərdə qalan məbləğ 1065,83 manat, üzləşmə zamanı təs diqlənməyən məbləğ isə 120,80 manat olmuşdur. Beləliklə, qalıq məbləğ 38 464,70 manat təşkil edir və cavabdehə həmin qalığın qaytarılması üçün 1 ay müddət verilsə də, o, öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə, cavabdeh vurduğu 38.464,70 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla 2783,35 manat faizi də MMC-yə ödəməlidir.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-5784/2018 nömrəli, 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlar əsasında iddianın əsaslı olduğu qənaətinə gəlmiş və öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 442, 443.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 199.1, 200.1, 202.1, 205.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini - işə iştirakı olmadan baxıldığı, iddiaçının təqdim etdiyi üzləşmə aktlarını imzalamadığı, həmin sənədlərdə onun imzası kimi göstərilən imzaların saxtalaşdırıldığı, mağazalardan geri qaytarılan vaxtı ötmüş malların dəyərinin də ziyan kimi hesablanaraq ondan tələb edildiyi, MMC-yə cəmi 2012,09 manat borcunun qaldığı arqume ntləri ilə əsaslandırmışdır.
9. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2019-cu il tarixli, 2606 nömrəli rəyində göstərilmişdir ki, mülki işin 2-ci cildinin bütün vərəqlərində və 3-cü cildinin 42-52, 65-69, 72-73, 76-78, 122-134-cü vərəqələrində olan qaimə-faktura və kassa mədaxil orderlərindəki imzaların cavabdeh tərəfindən icra olunubolunmaması araşdırılmış və ekspertizaya təqdim edilən çoxsaylı qaimə-faktura və kassa mədaxil orderlərindən 174-ündəki imzalar cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmış, 35 sənəddəki imzanın kim tərəfindən icra edilməsinin müəyyən edilməsi mümkün olmamış, həmçinin bir sıra sənədlərin əsilləri təqdim edilmədiyindən, bəzi sənədlərdə isə imzalar olmadığından həmin sənədlər üzrə tədqiqat aparılmamışdır.
10. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2019-cu il tarixli, 2725 nömrəli rəyinə əsasən, cavabdehin xx.xx.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitini MMC-nin kassasına ödəməsi nəzərə alınmaqla onun hesabında 38.464,70 (38.617,00-152,30) manat satış pulunun çatışmazlığı müəyyən edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-783/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1459/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən borcun hesablanması zamanı xx.xx.2019-cu il tarixli xətşünaslıq ekspertizasının rəyi ilə imzaların cavabdehə məxsus olmadığı və ya imzaların kimə məxsusluğu müəyyən edilməmişdir, həmçinin imzalanmamış və əsilləri olmayan mühasibatlıq sənədlərinin nəzərə alınıb-alınmadığı həmin ekspert rəyindən görünmür. Belə olan təqdirdə, apellyasiya məhkəməsinin yalnız iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyinin xətşünaslıq ekspertizası rəyindən sonra verilməsinə istinad edərək, həmin rəyin nəticəsi nəzərə alınmaqla verilməsi barədə gəldiyi qənaət əsassız olmuş, ekspert rəyləri digər sübutlarla yanaşı qiymətləndirilməmiş, bununla da, məhkəmə tərəfindən M PM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5118/2021 nömrəli, 03 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), M.Məmmədov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
17. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini olduğu kimi təkrarlamaqla hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələbin əsaslı olmasını təsdiq edəcək sübutlar təqdim edilməmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasi ya baxışına qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya instansiyası məhkəməsinin 2(102)-905/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə riayət etmədən, həmin göstərişləri yanlış təfsir etməklə, müvafiq araşdırma aparmadan qanunazidd və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin iş üzrə əvvəlki qətnaməsinin kassasiya məhkəməsi tərəfindən ləğv edilməsi, birmənalı olaraq əvvəl qəbul edilmiş qətnamədən fərqli qərar qəbul edilməsini ehtiva etmir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə əvvəlki kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işdə olan ekspertiza rəyləri ziddiyyətlidir, bu hallar aydınlaşdırılmamışdır.
21. Belə ki, işdə həm məhkəmə-xətt və həm də məhkəmə-mühasibatlıq ekspertizası rəyləri var. Xətt ekspertizasına görə cavabdehin iddiaçıdan mal götürməsini təsdiq edən sənədlərin (iddiaçının təqdim etdiyi sənədlərin) müəyyən hissəsindəki imzalar onun tərəfindən icra edilməmiş, müəyyən sənədlərdəki imzaların kimin tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsi əvvəlki icraatda həmin halı ətraflı araşdırmamış, sadə cə ehtimala əsaslanaraq hesab etmişdir ki, bir halda ki, xətt ekspertizası mühasibatlıq ekspertizasından vaxt etibarı ilə əvvəl verilmişdir, deməli, mühasibatlıq ekspertizası keçirilərkən cavabdehin imzası təsdiq olunmayan sənədlər üzrə malların hesaba alınmaması məsələsi həll edilmişdir. Yəni imzası cavabdehə məxsus olmayan sənədlər üzrə ona borc hesablanmamışdır. Həmin qənaət həqiqətən ehtimal xarakterlidir, çünki nə ekspertiza rəyində həmin halların nəzərə alınması görünmürdü, nə də bununla bağlı ekspert məhkəməyə dəvət olunaraq dindirilməmişdi. Ona görə, əvvəlki kassasiya məhkəməsi haqlı olaraq həmin halların araşdırılmasına dair göstəriş vermişdir.
22. İşə yenidən baxan apellyasiya məhkəməsi isə heç bir araşdırma aparmadan mövcud sübutlara fərqli qiymət verməklə mübahisəni həll etmiş və iddianı bütünlüklə rədd etmişdir. Hazırkı iddia tələbi məhkəməyə daxil olan andan cavabdeh heç vaxt iddiaçı təşkilata borcunun olmadığını bildirməmiş, əksinə işlədiyi müddət ərzində müəyyən məbləğdə borcu qaldığını etiraf etmişdir (apellyasiya şikayətində 2012,09 manat borcu olmasını etiraf edib, mülki iş 3-cü cild, səhifə 75. və s.). Hətta, birinci instansiya məhkəməsinin qətnaməsi əvvəlki apellyasiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra icra edilərkən həmin məbləğdən ödənişlər etmişdir.
23. Odur ki, işə yenidən baxılarkən məhkəmə kassasiya məhkəməsinin əvvəlki göstərişlərini yerinə yetirməli, ekspert rəylərindəki qeyri-müəyyənliklərin aradan qaldırılması üçün tədbirlər görməli, müvafiq nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçü n lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
24. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyasının qərarında şərh olunanlar əsas götürülməklə əlavə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertlər qarşısında, iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyində (cild 3, səh. 139-143) cavabdeh tərəfindən imzalandığı göstərilən qaiməfakturalara və kassa mədaxil orderlərinə (rəyin nəticə hissəsinin 1-ci bəndində sadalanan qaimə-faktura və kassa mədaxil orderləri) əsasən cavabdehin öhdəsində hər hansı məbləğdə satış pulunun çatışmazlığının aşkar olunub-olunmadığı, çatışmazlıq aşkar olunacağı təqdird ə onun məbləğinin nə qədər təşkil etdiyi, habelə 20 dekabr 2016-cı il tarixindən sonra cavabdeh tərəfindən MMC-nin kassasına pul vəsaitinin mədaxil edilibedilmədiyi məsələlərinin aydınlaşdırılması barədə suallar qoyulmuşdur.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 9/3553 nömrəli rəyinə əsasən, cavabdehin xx.xx.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitini MMC-nin kassasına ödəməsi nəzərə alınmaqla onun hesabında 14.179,29 manat satış pulu çatışmazlığının olduğu müəyyən edilmişdir.
26. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdikləri izahatlarda apellyasiya şikayətini müdafiə edərək, eyni zamanda bildirmişlər ki, işə birinci dəfə apellyasiya qaydasında baxıldıqdan sonra MMC ilə aralarında barışıqla bağ lı danışıqlar olmuş, MMC 2850 manat ödənilməsi müqabilində iddiadan imtina edəcəyinə vəd vermiş, həmin vəsaiti ödəsələr də, MMC vədinə əməl etməmiş, bundan sonra qətnamədən kassasiya şikayəti vermişlər.
27. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3568/2022 nömrəli, 28 iyul 2022ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən 41.248,05 manat maddi ziyan tutularaq MMC-yə ödənilməsi” hissəsində dəyişdirilmiş, cavabehdən MMC-nin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar vəzifəsini icra etməməsinə görə 11.328,29 manat, habelə həmin məbləğin illik 5 faizi olan 820 manat ın alınıb MMC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən MMC-yə xx.xx.2019cu il tarixdə 1001 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 500 manat olmaqla, ümumilikdə 2851 manat ödənilmiş, lakin ekspertiza tədqiqatı zamanı həmin ödənişlər nəzərə alınmamışdır. Buna görə də, cavabdehdən MMC-nin xeyrinə cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar vəzifəsini icra etməməsinə görə 11.328,29 manat (14.179,29– 2851=11.328,29) və həmin məbləğin gecikdirilməsinə görə onun işdən azad edildiyi xx.xx.2016-cı il tarixdən iddia ə rizəsinin məhkəməyə təqdim olunduğu xx.xx.2018-ci il tarixədək olan müddət (1 il 5 ay 11 gün) üçün həmin məbləğin illik 5 faizi olan 820 manat (11 328,29 x 5% = 566,4 manat (illik) x 1 il 5 ay 11 gün =820 manat) tutulmalıdır.
29. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 442, 445.7-ci, Əmək Məcəlləsinin 191, 199 (1-ci hissənin “a” bəndi), 205 (bənd 2), MPM-in 14.2, 77.1, 80, 81, 88, 102, 103-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
31. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının təqdim et diyi sübutlara aydınlıq gətirmədən, işdə olan sübutlara düzgün hüquqi qiymət vermədən, ekspertin xətşünaslıq rəyini və tərəflər arasında xx.xx.2016-cı il tarixli "xxxx" cədvəlini nəzərə almadan iddianın qismən əsaslı olduğu qənaətinə gəlmiş, auditə təqdim edilmiş qeyri-qanuni, cavabdehin imzası olmayan qaimə-faktura və 174 ədəd kassa mədaxil orderlərini əsas götürərək, həmin vəsaitləri çatışmazlıq kimi göstərmişdir. Halbuki, 35 sənəddəki imzaların kim tərəfindən imzalanması ekspert tərəfindən öz təsdiqini tapmamış, MMC ilə cavabdeh arasında ilkin qarşılıqlı "xxxx" cədvəlində göstərildiyi kimi, cavabdehin MMC-yə 2012.09 manat borcu olmuşdur ki, cavabdeh xx.xx.2019-cu il tarixdə 1001 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019- cu il tarixdə 35 0 manat və xx.xx.2020-ci il tarixdə 500 manat olmaqla, ümumilikdə 2851 manat ödənişlər edərək, borcunu artıqlaması ilə yerinə yetirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
33. Maddə 191 (1). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
34. Maddə 191 (2). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkə ti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
35. Maddə 199 (1-ci hissənin “a” bəndi). İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
36. Maddə 205 (2-ci bənd). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imti na edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Mülki Məcəllə
37. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
38. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.
49. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
50. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3568/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.