Məhkəmə qərarları › İş №2(102)-600/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-600/2019

17.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-600/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-600/2019 Bakı şəhəri 17 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh1, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2( 011)-4639/2016, hakim R.H.Ataşova) İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 5.559 manat əsas, 714 manat faiz borcu, 35 manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan “Chevrolet Cruze” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılmaqla borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-529/2017, hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova, E.M.Həsənov) İddiaçı1 ASC və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, X ətai Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin qismən ləğv edilərək faiz məbləğinin 561 manat müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli kredit müqaviləsi əsasında illik 18%, 60 ay müddətinə bank tərəfindən sonuncuya 16.430 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə bankla borclu arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borcluya məxsus avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasənCavabdeh1kredit mü qaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. 07 aprel 2016-cı il tarixdə İddiaçı1 ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması, tutmanın borcluya məxsus avtomobilə yönəldilərək hərrac yolu ilə satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarını pozulmuş, onun məhkəmə prosesində iştirakı təmin edilməmiş, ekspert rəyi ilə t anış edilməmişdir. O, faiz borcunun 714 manat müəyyən edilməsi ilə razı deyil, həmin məbləğin 561 manat müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun borclu və zaminlərdən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi faiz borcu məbləğinin tutulması hissəsində mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı bank cavabdehlərdən 906 manat məbləğində faiz tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə mühasibatlıq ekspertizasının 19.07.2016-cı il tarixli rəyi ilə kredit müqaviləsi üzrə 714 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcunun tutulması hissəsində mübahisələndirmiş, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar mühasibatlıq ekspertizasının rəyi ilə b orc məbləği müəyyən edilmişdir. Apellyasiya məhkəməsi həmin rəy əsasında cavabdehlərdən 714 manat məbləğində faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassator şikayətinə faiz məbləğinin 561 manat müəyyən edilməli olması barədə dəlil irəli sürmüş, lakin ekspert rəyi ilə müəyyən edilmiş 714 manat faiz məbləği ilə hansı əsasla razılaşmadığını əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsi ni yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar