Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6113/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxxxoğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, tapşırıq müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh XXX oğluna qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5123/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh XXX oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 15.000 manat pulun, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 15.030 manat pulun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə yeni mağaza tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə 15.000 manat pul vermişdir. Cavabdeh tanışı X1 vasitəsilə ona yeni torpaq sahəsi alacağını bildirmişdir. Lakin hazırkı günədək nə torpaq sahəsini almamış, nə də alınan pulu geri qaytarmamışdır. Qeyd olunan məsələlərlə bağlı Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma aparılmış, 25.04.2020-ci il tarixdə cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərardan Yasamal Rayon Məhkəməsinə şikayət edilmiş, qərar ləğv edilmişdir. Buna baxmayaraq 12.10.2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərarla mübahisə mülki xarakterli olduğundan təkrarən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin rədd olunması barədə qərarda cavabdeh pulu aldığını etiraf etmişdir.
3. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçıdan 15.000 manat pulu götürüb, X2 vermişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanlad ığı ərizəsində qeyd etmişdir ki, iddiaçıdan 15.000 manat məbləğində pulu götürüb X2 vermişdir.
5. Məhkəmədə tədqiq edilmiş Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinin 12.10.2020-ci il tarixli qərarında əks olunmuş izahatında cavabdeh bildirmişdir ki, mağaza tikdirmək üçün torpaq sahəsi almaq məqsədi ilə iddiaçının verdiyi 15.000 manat pulu tanışı X2 vermiş, sonuncu isə onu aldadaraq pulu ələ keçirmişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2103/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli) iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan aldığı borc məbləğini iddiaçıya qaytarmamış, pul öhdəliyini yerinə yetirməmişdir. Odu r ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası protokolundakı fikri həqiqəti əks etdirmir. Həmçinin, birinci instansiya məhkəməsi iş üzrə əsl cavabdehin X3 olması barədə onun vəsatətinə də qiymət verməmişdir.
11. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5123/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), X.Mərdanova və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclas protokolunda cavabdehin izahatının təhrif edilməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdehin məhkəmə iclas protokoluna verdiyi qeydlər təmin edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıdan iddia edilən məbləğdə pul vəsaitini aldığını etiraf etməsini əsas götürərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
13. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
14. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hü quq normalarını pozmuşdur. Belə ki, Mülki Məcəllənin 14-cü maddəsinin tələbləri baxımından tərəflər arasında hər hansı pul öhdəliyinin yaranmasından söhbət gedə bilməz. Mülki Məcəllənin 777, 780-cu maddələrinə əsasən, tapşırıq müqaviləsinə uyğun olaraq cavabdehin məsuliyyəti yalnız pulun X2 çatdırmaq hissəsində olmuşdur.
17. Kassator daha sonra qeyd etmişdir ki, onun izahatı təhrif olunmuşdur, məhkəməyə bununla bağlı qeyd versə də, məhkəmə qeydlərini nəzərə almamışdır ki, bu da onun iradə ifadəsinin əleyhinə olan fakt kimi qiymətləndirilməlidir. Həqiqətdə iddiaçı həmin pulu oğlu Abbasın və onun da ortaq tanışı olan XXXa çatdırmaq üçün vermişdir. Əsl cavabdehin XXX olması barədə vəsatət versə də, məhkəmə ümumiyyətlə qətnaməsində bu məsələyə toxunmamışdır. Məhkəmə yanlışlıqla MPM-in 52.2-ci maddəsinə istinad edərək onun ərizəsini iddianın etirafı kimi qiymətləndirmiş, MPM-in 9, 191.3, 220.4-cü maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi.
20. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, qətnamənin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Baxılan iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
23. Mülki Məcəllə Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin i crasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442). Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddələr 777.1, 777.2). Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (maddə 778.1). Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəs ində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (maddə 779.1). Maddə 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. Maddə 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Maddə 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin.
24. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (maddə 191.3). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik etirafla bağlı iki institut müəyyən etmişdir: faktın etirafı ( maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. MPM, həmçinin yazılı ərizədə ifadə edilən iddianın etirafı üçün belə ərizənin nəticəsinin aydın surətdə şərh olunmasını tələb edir.
27. Bu iki institut zahiri cəhətdən və ifadə baxımından oxşar olsa da, hüquqi nəticələrinə görə fərqlənir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla əgər faktın etirafı əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edirsə, iddianın etirafı tələbin təmin olunması üçün əsasdır.
28. Baxılan iş üzrə cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı ərizədə iddiaçıdan 15000 manat pul aldığı faktını etiraf etdiyi üçün (i.v. 26). MPM-in 106.3cü maddəsinə əsasən iddiaçı həmin halı s übut etmək vəzifəsindən azad olmuşdur.
29. Cavabdeh Mülki Məcəllənin 777, 780-cu maddələrinə istinadla tapşırıq müqaviləsinə uyğun olaraq məsuliyyətinin yalnız pulun X2 çatdırmaq hissəsində olduğunu və öhdəliyini icra etdiyini göstərsə də, məhkəmələr tərəfindən cavabdehin iddiaçıdan aldığı pulu aralarında bağlanmış tapşırıq müqaviləsinə əsasən üçüncü şəxslə verdiyi müəyyən olunmamışdır.
30. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan yazılı etirafını nəzərə alaraq məhkəmə iclas protokolunda onun izahatının təhrif edilməsi barədə kassasiya şikayətinin dəlilinə ayrıca qiymət verilməsinə zərurət görmür.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5123/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.