Məhkəmə qərarları › İş №2(102)-6140/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6140/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6140/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia tələbindən kənara çıxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1406/2022 nömrəli, 24 avqust 2022-ci tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) adına AccessBank" QSC-də AZ64ACAB********1803 nömrəli cari hesab açılıb. İddiaçı 16 sentyabr 2019-cu il tarixdə həmin hesaba 80000 manat məbləğində vəsait mədaxil etmiş, həmin vəsaitdən həmin gün 50000 manatı məxaric edərək AZ08ACAB*******1814 nömrəli Əlverişli əmanət hesabına, qalan 30000 manat vəsaiti isə AZ87ACAB*******1812 nörməli müddətli əmanət hesabına mədaxil etmişdir. 17 dekabr 2019-cu il tarixdə iddiaçı 30000 manat məbləğində vəsaiti məxaric etmişdir.

2. AccessBank" QSC-də Cavabdeh (bundan sonra “cavabdeh”) adına açılmış AZ87ACAB********8400 nömrəli cari hesabdan çıxarışa əsasən cavabdeh 17 dekabr 2019cu il tarixdə cari hesabına 20000 manat məbləğində vəsaiti mədaxil etmiş və elə həmin tarixdə də 20000 manatı tam şəkildə məxaric etmi şdir.

3. Mübahisə iddiaçının 17 dekabr 2019-cu il tarixində məxaric etdiyi 30000 manat pulu cavabdehə mal-qara alması üçün verməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 30000 manat məbləğində maddi ziyanının, həmin məbləğ hesabına cavabdehin qətnamə çıxarılan günədək Mülki Məcəllənin 157.5-ci maddəsinin məzmununa uyğun əldə etdiyi gəlirin və 10000 manat məbləğində mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının bacısı oğludur.

6. İddiaçı 16 sentyabr 2019-cu il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən mənzlini 90000 manata satmış, əldə edil miş məbləğin 30000 manatını "xxxx" QSC-də AZ87ACAB******************** saylı əmanət hesabına yerləşdirmiş, 15000 manatını həyat yoldaşının xəstəliyinin müalicəsi üçün xərcləmişdir. Qalan 45000 manata isə Xırdalan şəhərindən mənzil almışdır.

7. Sözügedən məbləğdə pulun bankda depozit hesabında olduğunu öyrəndikdən sonra cavabdeh iddiaçını dilə tutaraq, qayğısına qalacağını bildirib iddiaçıdan 30000 manat məbləğində pulunu təsərrüfat yaratması üçün ona verməyi xahiş etmişdir. Cavabdeh bildirib ki, həmin pula mal-qara alacaq, təsərrüfat yaradacaq, yaradılacaq təsərrüfatı idarə edərək, iddiaçını və özünü də dolandıracaq.

8. İddiaçı cavabdehin bu vədlərinə aldanaraq 17 dekabr 2019-cu ilin tarixdə depozitəmanət hesabında olan məbləğin 20000 manatını adına olan hesabdan çıxararaq cavabdehin adına olan hesaba yatırmış, 10000 manat məbləğində olan hissəni isə nağdlaşdıraraq, mal-qara alınması üçün elə bankda cavabdehə vermişdir. Qısa müddət iddiaçını öz yanında, rayonda saxlayan cavabdeh iddiaçıya məxsus pulu tam ələ keçirdiyinə əmin olandan sonra, zor tətbiq edərək iddiaçını evindən qovmuş, bununla da iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur.

9. Sözügedən məbləği cavabdeh öz adına açdığı əmanət hesabına yatıraraq, indiyədək həmin pulun üzərinə gələn əmanət faizlərindən də yararlanmış, bununla da iddiaçını özünə məxsus olan puldan məhrum etməklə yanaşı, onun həmin puldan faydalanmasının da qarşısını almışdır. İddiaçı cavabdehdən dəfələrlə pulunu geri tələb etsə də, heç bir nəticəsi olmamışdır.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.5, 385.1, 386.1, 1091, 1092 və 1096-cı maddələrinə istinad etmişdir.

11. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - 17 dekabr 2017-ci il tarixdə iddiaçı ilə birlikdə "xxxx" QSC-yə getmiş, həmin tarixdə öz adına əmanət hesabı açdırıb, hesabına 20000 manat pul qoymuşdur; - İddiaçı bildirir ki, cavabdehə 30000 manat pul vermişdir. Lakin iddiaçı cavabdehə bir manat da pul verməmişdir. Pul cavabdehin özünə məxsus olub, traktor almaq üçün cavabdeh depozit hesabı açdıraraq pullarını depozitə qoyub.

12. Birinci instansiya məhkəməsində şahid X1 göstərmişdir ki, 2019-cu ilin dekabr ayında öz qonşusu İddiaçı və sonuncunun bacısı oğlu Cavabdeh Xırdalan şəhərində yerləşən "xxxx" QSC-yə aparmışdır. Həmin vaxt onlar dayı-bacıoğlu birlikdə banka girmişlər, o isə onları bayırda gözləmidi r. Onlar bankdan çıxandan sonra Rəhim ona bir topa pul göstərərək dayısı Qəşəmin ona 10000 manat pul verdiyini, 20000 manat isə onun bank hesabına köçürdüyünü bildirmişdir. İşin hallarına dair başqa heç nə bilmir.

13. Birinci instansiya məhkəməsi iddiaçı və cavabdehə aid bank əməliyyatları barədə məlumatın "xxxx" QSC-dən götürülməsi 06 yanvar 2022-ci il tarixli qərardad qəbul etmişdir. 14. "xxxx" QSC iddiaçı və cavabdehin adına olan bank hesabları üzrə əməliyyatlar haqqında məlumatı məhkəməyə təqdim etmişdir.

15. İmişli Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(036)-185/2022 qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 30000 manat məbləğində pulun və əldən çıxmış faydaya görə 500 manat, cəmi 30500 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Qurban Hacıyev)

16. Birinci instansiya məhkəməsi tərəflərin izahatı, şahid ifadəsi və bank məlumatlarına əsasən müəyyən etmişdir ki, iddiaçı 17 dekabr 2019-cu il tarixdə öz bank hesabında olan 30000 manat məbləğində vəsaiti məxaric edərək bacısı oğlu olan cavabdehə, sonuncu həmin vəsaitdən 20000 manatını dayısının yanında öz cari hesabına mədaxil etmiş, sonradan dayısından xəbərsiz həmin məbləği də məxaric edərək nağdlaşdırmışdır. Bununla da cavabdeh iddiaçıya məxsus 30000 manat məbləğində əmlakı əldə edərək ondan faydalanmaqla əsassız varlanmışdır.

17. Birinci instansiya məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, iddiaçı öz əmanət (depozit) hesabından 30000 manat məbləğində pulu məxaric edərək cavabdehə verməyib həmin məbləği öz hesabında saxlamaqla ondan müəyyən miqdarda faizlər əldə edə bilə rdi ki, cavabdehin həmin pulu ondan alması iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Buna görə də cavabdehdən əldən çıxmış fayda olaraq 500 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 385.1, 425, 442, 739.1, 743-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyаsiyа şikаyətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbindən kənara çıxmaqla qəbul edilmişdir. Eləcə də sübutların düzgün tətbiq olunmaması (düzgün qiymə tləndirilməməsi) ilə qəbul edilmişdir; - belə ki, iddiaçı iddia tələbi ilə rayon məhkəməsinə müraciət edərək cavabdehdən ona dəymiş maddi və mənəvi ziyanın alınmasını xahiş etmiş olsa da, İmişli Rayon Məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin borc tələbi və əldən çıxmış fayda ilə bağlı müddəalarını tətbiq edərək, qətnamə qəbul etmişdir. Halbuki məhkəmə işə mahiyyəti üzrə baxaraq cavabdehin əməlində iddiaçıya hər hansı bir maddi və mənəvi ziyanın yetirilməsi ilə bağlı hər hansı əməlin olub olmamasını aydınlaşdırmalı idi. Məhkəmə isə bunu etməyərək iddiaçıdan iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə almadan, iddia tələbini özü dəyişərək qətnamə qəbul etməklə, iddia tələbindən kənara çıxmış və bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir; - həmçinin məhkəmə şahid qismind ə dindirilmiş şəxsin ifadəsini və bank əməliyyatları barədə olan sənədləri mötəbər sübut kimi qəbul edərək onlara əsaslanmaqla qətnamə qəbul etmişdir. Şahid tərəfindən verilmiş ifadə qeyri-səmimi, yalan, qondarma bir ifadədir. Belə ki, şahid taksi sürücüsü olduğunu, tərəflərlə birlikdə banka girməyərək onları bayırda gözlədiyini, tərəflər bankdan çıxdıqdan sonra guya cavabdehin ona bir topa pul göstərdiyini və dayısının ona 10000 manat pul verdiyini, 20000 manat isə depozitə qoyduğunu qeyd etmişdir. Məhkəmə isə buna qəsdən göz yummuşdur; - eləcə də kiminsə birlikdə banka bərabər getməsi, eyni gündə bank əməliyyatları etməsi hələ birinin digərindən pul borc alması və ya birinin digərinə borc pul verməsi demək deyildir. İddiaçının da dediyi kimi həyat yoldaşı xəstə olduğu üçün bankdan pul götürmüşdür və iddiaçı həyat yoldaşı üçün qeyd etdiyi xəstəliyə görə yüksək məbləğdə pul xərclədiyini demişdir. Hazırki dövrdə də iddiaçının həyat yoldaşı barədə qeyd etdiyi xəstəliyin müalicəsi üçün külli miqdarda pulun lazım olduğunu bilməyən, eşitməyən yoxdur; - eyni zamanda bank əməliyyatlarından da görünür ki, cavabdeh öz hesabına pulu depozitə qoymuşdur, iddiaçının cavabdehin depozit hesabına pul qoyması barədə heç bir mötəbər sübut yoxdur.

21. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1406/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov, Z eynal Zeynalov)

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh əsassız varlanan şəxs olaraq əldə etdiklərini məhrum olanın sürüdüyü tələb əsasız varlanma ilə bağlı qanunverciliyin normaları baxımından əsaslı olmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. C avabdeh şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandıraraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. K assasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazıl ı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdehdən əsassız varlanmaya görə 30000 manat pulun tutulması barədə iddianın təmin edilən hissəsində (həmin hissədə birinci instansiya məhkəməsini qətnaməsinin dəyişidirlmədən saxlanması) gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir.

31. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə iddiaçının cavabdehə 30000 manat pul verməsi işdə olan bank sənədləri ilə təsdiqini tapdığı halda, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməyib.

32. İşin müəyyən edilmiş halları baxımından apellyasiya instansiyası məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmiş dir.

33. Bu baxımdan, qeyd edilən hissədə cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.

34. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 500 manat pulun tutularaq iddiaçıya verilməsini qət edərkən iddia tələbindən kənara çıxmışdır.

35. Belə ki, iddia ərizəsində iddiaçı Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun olaraq cavabdehin qətnamə çıxan günə əldə etdiyi gəlirin tutulmasını xahiş etmişdir.

36. Mülki Məcəllənin 157.5-ci maddəsinə görə də mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlər in qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.

37. Göründüyü kimi, Mülki Məcəllənin 157.5-ci maddəsi zərər kimi əldən çıxmış fayda ilə bağlı deyil. Başqa sözlə, iddiaçının əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə tələbi olmadığı halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, olmayan tələb üzrə qətnamə çıxarmışdır.

38. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır.

40. Cavabdeh apellyasiya şikayətində qeyd edilən hala diqqəti yönəldib, şikayətində birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etməsini qanunsuz saysa da, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlamışdır. Halbuki məhz MPM-in tələbinə görə mə hkəmə bir qayda olaraq verilmiş tələb üzrə qətnamə çıxarmalıdır.

41. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması barədə irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

42. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. ( Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

43. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehdən əldən çıxmış faydaya görə iddiaçıya 500 manat pul ödənilməsi hissəsində (həmin hissədə birinci instansiya məhkəməsini qətnaməsinin dəyişidirlmədən saxlanması) ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlan ılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1406/2022 nömrəli, 24 avqust 2022-ci tarixli qətnaməsi cavabdehdən əldən çıxmış faydaya görə iddiaçıya 500 manat pul ödənilməsi hissəsində (həmin hissədə birinci instansiya məhkəməsini qətnaməsinin dəyişidirlmədən saxlanması) ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar