Məhkəmə qərarları › İş №2(102)-6163/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6163/2021

16.11.2021 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6163/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı alğısatqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-6163//21 (Açar sözlər: müqavilənin etibarlı hesab edilməsi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1231/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

2. Balakən rayonu Qullar kəndi ərazisindən 0.69 ha torpaq sahəsi 2005-ci ildən İddiaçı istifadəsindədir. 3. 19.04.2005-ci il tarixdə Cavabdeh1 tərəfindən imzalanmış iltizamda göstərilmişdir ki, ”Mən Qullar kənd sakini Cavabdeh1 verirəm həmin iltizamı ondan ötrü ki, mənim ailəmə düşən 0.69 hektar pay torpaq sahəsini Qullar kənd sakini İ ddiaçı ailəmizin razılığı ilə satmışıq. Texniki sənədlər hazırlanıb notariat kontorunda təsdiq edilənə qədər torpağın haqqı olaraq qabaqcadan 700 000 (yeddi yüz) manat pulu nəğd olaraq İddiaçı aldım”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 aprel tarixli 05 saylı qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş JN 1153, KOD 40107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş 0,69 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinə dair Balakən rayon Qullar kənd İcra nümayəndəliyində bağlanmış 19.04.2005-ci il tarix li alğı-satqı müqaviləsinin etibarlı hesab olunmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19.04.2005-ci il tarixdə cavabdehlərlə aralarında olan razılığa əsasən torpaq sahəsini almaq qərarına gəlmişdir. Bunun üçün cavabdehlər tərəfindən razılıq ərizəsi tərtib olunmuş, ailə üzvlərinə məxsus pay torpaq sahəsinin ona satılmasını razılıq ərizəsində imzaları ilə təsdiq etmişlər. Eyni zamanda Cavabdeh1 tərəfindən torpaq sahəsinin nəğd pula satılmasına dair iltizam verilmiş, həmin iltizam və razılıq ərizələri Balakən rayon Qullar kənd İcra nümayəndəliyində təsdiq olunmuşdur. Torpaq sahəsinə dair vergilər onun tərəfindən ödənilmişdir. Hal-hazıra kimi torpaq sahəsindən özü istifadə edir. Cavabdehlər ona satmış olduqları torpaq sahəsinin notariat qaydasında alqı-satqısından imtina etmişlər. Buna görə də o, alğı-satqı müqaviləsinin etibarlı hesab olunmasına dair məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək qeyd etmişdir ki, teztez Rusiya Federasiyasına gedib gəldiyi üçün 2005-ci ildə mülkiyyətlərində olan həmin torpaq sahəsini 10 il müddətinə istifadə etməsi üçün İddiaçı atası Abbas Rüstəmovun istifadəsinə vermişdir. Həmin vaxt o və ailə üzvüləri heç bir sənədə imza etməmişlər. İddiaçının məhkəməyə təqdim etdiyi, Balakən rayon Qullar kənd icra nümayəndəliyində təsdiq olunmuş iltizam və ərizədəki imzalar onun və ailə üzvüləri tərəfindən icra olunmamışdır. Həmin torpaq sahəsinə öz adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da almışdır. Onlar torpaq sahəsini satmamışlar, ona görə də id dianı əsassız hesab edir.

7. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli 4/147 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 10-cu vərəqində olan 19 aprel 2005-ci il tarixli iltizamda «imza» sözünün qarşısındakı imza, 11-ci vərəqində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinə ünvanlanmış ərizədə «Cavabdeh1 Həybulla) yazısının qarşısındakı və «İmza» sözünün qarşısındakı imzalar –Cavabdeh1 Həybulla oğlu tərəfindən icra olunmuşdur.

8. Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tаrixli, 2(019)-161/2021 saylı qətanaməsi ilə (hakim H.Q.Səlimov) iddia təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh3 06 noyabr 1994-cü ildə, Cavabdeh4 isə 29 aprel 1996-cı ildə anadan olmuşlar. 2005-ci ildə sözügedən torpaq sahəsi Cavabdeh1 tərəfindən iddiaçının istifadəsinə verilərkən Cavabdeh3 və Cavabdeh4 azyaşlı olmuşlar. Torpaq sahəsi iddiaçının istifadəsinə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmadan verilmişdir.

10. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyat keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

11. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan torpaq sahəsinin hal-hazıra kimi kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətində olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Mülki Məcəlləsinin 36.2, 152.2., 222.1, 222.2, 567-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiya məhkəməsində icraat

13. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1231/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov(sədrlik edən və məruzəçi), Ə.Y.Məcidov və M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiаçı аlğı-sаtqı müqаviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsini cаvаbdehin təqsiri ucbatından baş verməsini sübut edə bilməmiş, bunu yalnız həmin dövrdə torpağın sənədlərinin qaydasında olmaması ilə əlaqələndirmiş, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalı оlduğu hаldа iddiаçı nоtаriаl qаydаdа təsdiq оlunmаsа dа, tərəflərin irаdə ifаdəsini əks etdirən, əslində hər ikisinin rаzılığа gəldikləri şərtləri özündə əks etdirən, hər iki tərəfin imzаlаmаlı оlduğu yаzılı müqаviləni deyil, yаlnız cаvаbdehin valideyni tərəfindən əlyаzmа üsülü ilə yаzıldığını bildirən izahatı sübut kimi təqdim etmişdir ki, bunu dа əqd hesаb etmək оlmаz. Qanuna riаyət edilmədən mübahisəli torpaq sahəsinin iddiаçıyа verilməsi iddiаçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yаrаnmаsı üçün əsаs оlа bilməz. Çünki mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranа bilər. İddiаçının mülkiyyətçisi оlаn torpaq sahəsinə qanunun tələblərinə əməl olunmadan fаktiki sahibliyinin yaranmаsı isə özü-özlüyündə hаzırki, iddiаnın təmin оlunmаsı üçün əsas deyil. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya ş ikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətin onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh3 və Cavabdeh4 himayədə və ya qəyyumluqda olan şəxslər deyildi. Onların valideynləri Cavabdeh1 və Cavabdeh2 onların adından müqavilə bağlamaq səlahiyyətinə malik olmuşdur və müqavilə bağlanması üçün qəyyumluq və himayə komissiyasının razılığı tələb olunmurdu. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tə rəflər hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsind ə sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə o lana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Maddə

213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə

215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, o ndan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə

218. Satın almaqda üstünlük hüququ 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.4. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. Maddə

222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əməl ə gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə

335. Əqdin notarial formasına riayət edilməməsinin nəticələri (01 noyabr 2005-ci ilədək qüvvədə olmuş redaksiya) 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessua l hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

21. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin işə Mülki Məcəllənin 36.2-ci maddəsinin tətbiq edilməsinin əsassız olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hə min dəlil əsassızdır. Çünki Ailə Məcəlləsinin 55.5-ci maddəsinə görə uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.

27. Mülki Məcəllənin 36.2-ci maddəsində isə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz.

28. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi cavabdehlər tərəfindən torpaq sahəsinin ona rəsmi ifadə olunmuş razılıq əsasında satıldığı barədə dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmış və həmin dəlilləri qəbul olunmamışdır.

29. MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər 2005-ci ilin yanvar ayında yarandığından mübahisənin həlli də Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş 335-ci maddəsinin müddəaları əsasında tənzimlənməli dir və apelyasiya instansiyası məhkəməsi də həmin normanın dispozisiya şərtləri əsasında işin hallarını araşdırmış, iddiaçının dəlillərini rədd etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlaya n şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iltizamdakı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə iş materiallrında olan (səh. 7) ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, tərəflər arasındakı mübahisəli torpaq sahəsi təkcə Cavabdeh1 deyil, birgə mülkiyyət hüququ ilə 4 nəfər şəxsə məxsusdur. İltizamda isə Cavabdeh1 adı və soyadı qeyd olunmuşdur.

31. Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”.

32. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə m əhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əh əmiyyət daşıyır….Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.

33. Məhkəmə apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır və qeud edir ki, qanunverici daşınmaz əmlakın alğı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu barədə qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş q aydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Müqavilə əsasında əmlak əldə edənin vicdanlı sahib hesab olunması üçün onun xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə əqd bağlaması zəruridir.

34. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş mate rialları ilə bu hallar öz əksini tapmır.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1231/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar