Məhkəmə qərarları › İş №2(102)-6187/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6187/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6187/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5099/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-135/2019 saylı, 11.04.2019-cu il tarixli hökmü ilə Cavabdeh İddiaçı 28.432,62 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-294/2020 saylı, 25.02.2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-135/2019 saylı, 11.04.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-917/2020 saylı, 13.10.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-294/2020 saylı, 25.02.2020-ci il tarixli qərarı dəyişdirilməd ən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi ziyana görə 28.432 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1347/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.A.Paşayeva) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək iddiaçıya dəymiş ziyanın məbləğinin şişirdilməklə müəyyən olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın qismən, yəni 11.000 manat hissəsində təmin ed ilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5099/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(008)-1347/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək məhkəmə tərəfindən işdəki sübutlara düzgün qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan qətnamə çıxarılmasını əsas göstərərək qətnamənin ləğv edilməsin i və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apelly asiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı aldadaraq onun 28.432,62 manat pulunu ələ keçirməkdə təqsirli bilinərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 25.02.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin sözügedən qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13.10.2020-ci tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasındakı hazırki mübahisə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiani 11.000 manat məbləğində olan hissədə qəbul etdiyini bildirsə də, iddiaçıya dəymiş ziyanın məbləği (28.432 manat) qüvvədə olan məhkəmə hökmü ilə sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə nəticəyə gələrkən Cavabdeh İddiaçı məxsus pulu dələduzluq yolu ilə ələ keçirib buna görə məhkum olunmasını və iddiaçıya dəymiş ziyanın ödənilməməsini əsas göstərmiş və bu zaman iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 42, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5099/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar