Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6231/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1725/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim R.Ə.Əlizadə) 2(039)-336/2019 nömrəli, 30 yanvar 2019-cu il tаrixli qətnaməsi ilə iddia təmin edilmiş, cаvаbdehdən 28165.83 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiаçı «xxxx» ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev) 2(107)-1725/2019 nömrəli, 16 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tаrixli, 2(039)-336/2019 saylı qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiаçı «xxxx» ASC-nin cаvаbdehə qаrşı 28165.83 manat məbləğində pulun tutulması və iddiаçı «xxxx» ASC-nin xeyrinə cаvаbdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması tələbinə dair iddiа ərizəsi təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiаçı «xxxx» ASC cаv аbdehə qаrşı «pul» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə cаvаbdehdən 28165.83 manat məbləğində pulun tutulması və iddiаçı «xxxx» ASC- nin xeyrinə cаvаbdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı «xxxx» ASC kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)1725/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermi şdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi X3 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1725/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan s übutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «xxxx» ASC ilə cavabdeh arasında 28 fevral 2012-ci il tarixli, 15123 nömrəlli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə satıcı «xxxx» ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ünvan 1-də olan 106 saylı (yeni nömrə 127) mənzilin alıcıya cavabdehə satmağı, alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdehlə «xxxx» ASC ara sında 06 iyun 2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh 63 ay müddətinə 36778.95 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasının digər təmini kimi «xxxx» ASC, iddiaçı və cavabdeh arasında 06 iyun 2012ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin olan iddiaçı borc alan cavabdehə kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyinə görə zamin iddiaçı «xxxx» ASC-nin tələbi ilə cavabdehin «xxxx» ASC-yə olan 28164.83 manat kredit borcunu 15 yanvar 2015-ci il tarixdə tam ödəmi şdir. İddiaçı cavabdehə qarşı «müqavilənin ləğv olunması, mənzilin boşaldılması və təhvil verilməsinə» dair Sabunçu rayon Məhkəməsində iddia qaldırmış və məhkəmə tərəfindən iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətanməsi ilə iddia rədd edilmiş və iddiaçıya reqress qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 6.1.2 və 6.1. 5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. 385.1-ci maddəsinə əsаsən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci mаddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kred itorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Belə ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasının digər təmin i kimi «xxxx» ASC, iddiaçı və cavabdeh arasında 06 iyun 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin olan iddiaçı borc alan cavabdehə kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. «xxxx» ASC, iddiaçı və cavabdeh həmin müqaviləni imzalamışlar. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin i lazımınca icra etmədiyinə görə zamin iddiaçı «xxxx» ASC-nin tələbi ilə cavabdehin «xxxx» ASC- yə olan 28164.83 manat kredit borcunu 15 yanvar 2015-ci il tarixdə tam ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin axımı borcun ödənildiyi vaxtdan hesablanmalıdır. İddiaçı tərəf isə məhkəməyə 12 noyabr 2018-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenimunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаn аn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 384.0.4-cü mаddəsində nəzərdə tutulаn əşyа hüquqlаrının müdаfiəsi ilə əlаqədаr tələblərə iddiа müddətinin şаmil edilməməsi kredit müqаvilələrindən yаrаnаn münаsibətlərə аid edilə bilməz. Həmin Məcəllənin 373.2-ci mаddəsinə əsаsən müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Göstərilən Məcəllənin 373.2 və 377.2-ci mаddələrinin mənаsınа görə kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Qeyd olunan Məcəllənin 375.1-ci mаddə sinin mənаsınа görə hüququn müdаfiəsi hаqqındа tələb iddiа müddətinin keçməsindən аsılı olmаyаrаq məhkəmə tərəfindən bаxılmаğа qəbul edilir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitutsiya Məhkəməsi qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa m alik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri- müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Mü lki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)1725/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı «xxxx» ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK- nın 2(107)-1725/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6231/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6231/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver