Məhkəmə qərarları › İş №2(102)-6271/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6271/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6271/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5517/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" BOKT MMC (bundan sonra – iddiaçı və ya BOKT) ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392 nömrəli kredit müqaviləsinə əsasən BOKT tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi maksimal 50% olmaq şərti ilə 240 ay müddətinə 25000 manat məbləğində kredit xətti açılmışdır.

2. BOKT ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2020-ci il tarixli BAKU1-495318392/1 saylı və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı razılaşmalara əsasən borcalan Cavabdeh1 36 ay müddət inə illik 27% dərəcəsi ilə 20.000 manat və 5.000 manat olmaqla, ümumilikdə 25.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

3. BOKT ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11 iyun 2020-ci il tarixli, BAKU1-4953-18392+BAKU1-6770 nömrəli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə borcalanın öhdəliyi Cavabdeh2 zaminliyi ilə təmin edilmişdir.

4. BOKT tərəfindən 11 iyun 2020-ci il tarixdə 20000 manat və 5000 manat Cavabdeh1 hesabına köçürülmüşdür.

5. BOKT tərəfindən ünvanlanan 16 mart 2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən Cavabdeh1 və Cavabdeh2 borcu ödəməli olduğu barədə bank tərəfindən xəbərdar olunmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392 saylı kredit müqaviləsinin (və onun tərkib hissəsi olan 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı razılaşmalar daxil olmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 22.142,40 manat əsas borc, 2.686,83 manat məbləğində cari faiz borcu və 1.927,47 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 26.756,70 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələ bini belə əsaslandırmışdır ki, borclu Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün BOKT məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında borcunu etiraf edərək bildirilmişdir ki, əmək haqqından ödənişlər edəcəkdir. Faiz məbləği çoxaldığından və maddi vəziyyəti yaxşı olmadığından ödəniş etməsi çətinləşmişdir. Faizlərin dayandırılmasını və cərimələrin azaldılmasını xahiş etmişdir.

9. Digər Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı etiraz və mülahizə bildirməmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4261/2021 nömrə li, 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilərək, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BAKU1-4953-18392 nömrəli kredit müqaviləsi və həmin müqavilə əsasında tərtib olunmuş 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 saylı və 11 iyun 2020-ci il tarixli BAKU1-495318392/2 saylı razılaşmaların ləğv edilməsi, əsas borc üzrə 22.142,40 manat, faiz borcu üzrə 2.686,83 manat, cərimə borcu üzrə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı, cəmi 24.957,23 məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı BOKT-a ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavil ə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM-in 442-ci maddəsi). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM-in 385.1-ci maddəsi). Beləliklə, iddiaçı cavabd ehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirmişdir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

12. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır. Çünki 22142,40 manat əsas borc məbləğinə mü nasibətdə 100 manat məbləğində dəbbə pulu daha ədalətlidir.

13. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlərini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş xx.xx.2020-ci il tarixli, BAKU1-4953-18392 nömrəli kredit müqaviləsi, 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı razılaşmalarını birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, zamin Cavabdeh2 xx.xx.2020-ci il zaminlik müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tə ləb hüququ yaranmışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421, 425.1, 442, 462, 467, 470, 472, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müqavilənin vaxtından əvvəl ləğv edilməsinə dair nə ona, nə də Cavabdeh1 bildiriş göndərməmişdir. İş materiallarında da xəbərdarlıq məktubunun göndərilməsinə dair heç bir sübut olmamışdı r. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə onun iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. Ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədən işə baxılması məhkəmə kollegiyası tərəfindən prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilməli və həmin əsasla qətnamə ləğv edilməlidir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5517/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi nin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyator müqavilənin ləğvi barədə ona məlumatın verilməməsi barədə dəlilini əsas gətirsə də, işdə olan BOKT tərəfindən Cavabdeh1, onun qeydiyyatda olduğu ünvana və Cavabdeh2, onun qeydiyyatda olduğu ünvana göndərilmiş 597/HO-OUT nömrəli, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini dəfələrlə pozmuş, beləliklə 16 mart 2021-ci il tarix üçün Cavabdeh1 11 iyun 2020-ci il tarixli BAKU 1-4953-18392 saylı kredit müqaviləsi üzrə 22.142,40 manat əsas borcu, 1.525,63 manat faiz borcu və 4 86,43 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 24.154,46 manat borcu yaranmış və ödənilməmişdir. Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan borcun beş gün ərzində qaytarılması tələb edilmiş, borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Xəbərdarlıq məktubu Cavabdeh1 (ünvan 1 ünvanda yaşamır, ünvan 2ün deyil) və Cavabdeh2 (ünvan 3ilib, Bakı şəhəri, S.Ə.Şirvani küçəsi, məhəllə 2319, mənzil 18-evdə yoxdur) qeydiyyatda olduqlarları və faktiki yaşadıqları ünvanlara göndərilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyator ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməməsinə dair dəlilini qeyd etsə də, işdən görünür ki, Cavabdeh2 məhkəmənin 10 iyun 2021-ci il tarixli hazırlıq iclasında, Cavabdeh1 məhkəmənin 6 iyul 2021-ci il tarixli, 23 iyul 2021-ci il tarixli məhkəmə baxışı iclaslarında iştirak etmişdirlər.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404, 421-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 öhdəliklərini icra etməməsi və ya lazımı qaydada icra etməməsi qənaətinə gəlmək üçün onun əməllərinin motivini, əməllərindəki təqsirliliyi müəyyən etmək lazımdır. Məhz təqsirli əməllər olmadığı təqdirdə, öhdəliyin icra edilməməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə Cavabdeh1 təqsirli əməlləri nəticəsində iddiaçıya borcunun yaranması iş materialları ilə sübuta yetirilməmişdir.

24. Kassator qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müqavilənin vaxtından əvvəl ləğv edilməsinə dair nə kassatora, nə də Cavabdeh1 bildiriş göndərməmişdir. İş materiallarında da bizə xəbərdarlıq məktubunun göndərilməsinə dair heç bir sübut olmamışdır.

25. Kassator həmçinin qeyd etmişdir ki, tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə onun iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. Ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədən işə baxılması məhkəmə kollegiyası tərəfindən prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilməli və həmin əsasla qətnamə ləğv edilməlidir.

26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134, 138, 150, 151, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

30. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

36. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı q ayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

40. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

41. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassatorun kredit müqaviləsinin ləğv olunması barədə bank tərəfindən ona xəbərdarlıq bildirişinin göndərilməməsi, habelə birinci instansiya məhkəməsinin iclası barədə məlumat verilməməsi barədə dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və qiymət verilərək rədd edilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

53. Kassatorun Mülki Məcəllənin 448.2-ci maddəsinə istinadən, borcalan Cavabdeh1 öhdəliklərini icra etməməsi və ya lazımı qaydada icra etməməsinin motivini, əməllərindəki təqsirliliyi məhkəmənin müəyyən etməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 448.2-ci maddəsinin dispozisiya şərtləri 448-ci maddəsinin bütövlükdə mətni ilə təhlil olunmalıdır.

54. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında borcunu etiraf edərək əmək haqqından ödənişlər edəcəyini və maddi vəziyyəti yaxşı olmadığından ödəniş etməsinin çətinləşdiyini bildirmişdir.

55. Bu vəziyyət onu öhdəliyini icra etməkdən azad etmir. Çünki Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5517/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar