Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6300/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X3 və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qətnaməsindən Quliyev Mübariz Narça oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-3215/2018, hakim Z.Ə.Axundova) iddiaçı Quliyev Mübariz Narça oğlunun Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 20.000 manat məbləğində əsas borc və illik 5% olmaqla 2.000 manat məbləğində faiz borcunun tutulması qət edilmiş, iddia qalan hissədə və Cavabdeh “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3990/2019, hakimlər Ş.Ə.Məhərrəmova, X.Ə.Sarıyev, E.Y.Şamayev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə əsas borc və faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 12.000 manat məbləğində əsas borc və illik 5% olmaqla 1.200 manat məbləğində faiz borcunun tutulması qət edilmişdir. Həmin qətnamədən Mübariz Quliyev verdiyi kassasiya şikayətində qətnamənin əsas borc və faiz borcunun azaldılması hissəsində ləğv edilərək həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Quliyev Mübariz Narça oğlu tərəfindən Cavabdeh 20.000 manat məbləğində kredit verilməsi, sonuncunun həmin məbləğin 10.000 manat hissəsini 30.05.2016-cı il tarixə, qalan 10.000 manat hissəsini isə 08 avqust 2016-cı il tarixədək geri qaytarmağı barədə öhdəlik götürməsi barədə 08 aprel 2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmışdır. 31 iyul 2018-ci il tarixdə Quliyev X2 Cabir Famil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 20.000 manat məbləğində pulun, öhdəliyin yerinə yetirilməsini 2 il gecikdirməyə görə illik 5 % olmaqla, 2.000 manat faiz borcunun, eləcə də məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu və vəkilə çəkilmiş xərcin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia qaldıraraq 08 aprel 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normada cinayət təqibi üzrə iş materiallarında olan hər hansı sənəd deyil, məhz qanuni qüvvəyə minmiş hökm, yaxud cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərar nəzərdə tutulur. İş materiallarında olan cinayət təqibinin rədd edilməsi barədə qərarda cavabdehin iddiaçıya 8.000 manat məbləğində pul qaytarması müəyyən edilməmişdir. Eyni zamanda şahid ifadələri ilə də borcun qaytarılması təsdiqlənmir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiy a instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 08 aprel 2016-cı il tarixdə Quliyev Mübariz Narça oğlu ilə Cavabdeh arasında sonuncuya 20.000 manat məbləğində borc verilməsinə dair kredit müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiqlənmişdir. Mübariz Quliyev müqavilə üzrə əsas borc tam olaraq iki il gecikdirmə faizi ilə birlikdə qaytarılması barədə iddia, Cavabdeh isə kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Mübariz Quliyev tərəfindən ilk i ddianın təmin edilməyən hissəsində mübahisələndirilir. Qeyd edildiyi kimi, ilk iddia üzrə iddiaçı 08 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehə 20.000 manat borc verdiyini və cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini ümumiyyətlə icra etmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsinin də istinad etdiyi iş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, Quliyev Mübariz Narça oğlu 21 iyun 2016-cı il tarixdə verdiyi yazılı izahatında bildirmişdir ki, o, Cavabdeh cəmi 20.0 00 manat pul borc vermiş, sonuncu həmin məbləğdən cəmi 8.000 manat qaytarmış, borcun qalan hissəsini qaytarmaqdan imtina etmişdir. Cavabdeh verdiyi yazılı izahatda bildirmişdir ki, o, Mübariz Quliyevdən 20.000 manat faizlə borc almış, 8400 manat faiz ödəmiş, əsas məbləğdən 8.000 manat qaytarmış, 12.000 manat borcu qalmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, X4 Əsədova 20.000 manat məbləğində borc pul verməsi işin mübahisəsiz halı olmaqla, onların özlərinin polisə verdikləri yazılı izahatları, eyni zamanda şahid ifadələri ilə sonuncunun tələb edilən borcdan 8.000 manat məbləği Mübariz Quliyevə qaytardığı öz təsdiqini tapmışdır. Bununla bərabər apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh Mübariz Quliyevin x eyrinə müqavilə üzrə borcunun ödənilməsini iki il gecikdirdiyinə görə illik 5 % olmaqla, cəmi 1.200 manat məbləğində faiz borcunun tutulması barədə nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6300/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6300/2019
03.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver