Məhkəmə qərarları › İş №2(102)-6339/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6339/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6339/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şahverdiyev Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)6084/2021 saylı qə tnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh ilə arasında 29.09.2010-cu il tarixdə bağlanmış İ-234 saylı kredit müqaviləsinə əsasən, kreditor tərəfindən borcalana şəxsi istehlak məqsədilə 60 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 10.04.2013-cü ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, Cavabdeh 28600 manat əsas borc və 11430 manat faiz borcu olmaqla, cəmi 40030 manat məbləğində borcun tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.09.2010-cu il tarixli, İ-234 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh 29.09.2010-cu il tarixli İ234 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, müqavilə şərtlərini pozmuşdur. Müqavilə bağlanan gündən bu günə kimi banka cəmi kredit borcu üzrə 1400 manat, faiz borcu üzrə isə 5485 manat kredit ödənişi etmişdir. Hazırda borclu Cavabdeh banka kredit borcu üzrə 28 600 manat, faiz borcu üzrə 11430 manat olmaqla, cəmi 40030 manat borcu vardır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2013-cü il tarixli, 2(004)2974/2013 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. 5. 07.2019-cu ildə iddiaçı ərizə (vəsatət) verərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsini xahiş etmiş və məhkəmənin 28 fevral 2020-ci il tarixli qərardadı ilə həmin qərardad Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən ləğv edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2020 saylı, 17 mart 2020ci il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə) iddia təmin edilərək, Cavabdeh 28.600 manat əsas borc və 11430 manat faiz borcu olmaqla, cəmi 40.030 man at məbləğində borcun tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi və Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.09.2010-cu il tarixli, İ-234 saylı kredit müqaviləsinin ləğv olunması qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.09.2010-cu il tarixli, İ-234 saylı kredit müqaviləsi ləğv edilməlidir. Həmçinin borclu Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.3, 424.2, 424.3, 441.3, 442, 445.2, 448.1 və 449.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(103)-7156/2020 nömrəli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi 10.04.2013cü ildə verilib, bundan 2 ay sonra - 29.05.2013-cü ildə iddia ərizəsi baxılmamış saxlanılıb və 6 il ərzind ə baxılmamış qalıb. 11.07.2019-cu ildə iddiaçı ərizə (vəsatət) verərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv olunmasını xahiş edib, 28.02.2020-ci ildə həmin qərardad ləğv edilib. İddia ərizəsinin baxılmamış saxlanıldığı 6 ilin daxilində 3 illik iddia müddəti (29.05.2015-ci ildən 29.09.2018-ci ilədək olan müddət) başlayıb və bitib. İddia müddətinin bu qaydada başlanması və bitməsi Mülki Məcəllənin 381.1-ci maddəsinin göstərişinə uyğundur. Cavabdeh iddia müddəti daxilində borcu etiraf edən hərəkətlər etməyib. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(102)-1904/2021 saylı qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), V.Həsənov və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 7156/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

14. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 29.05.2013-cü il tarixli qərardadının ləğv olunmasının hüquqi əsaslarını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin həm 13.09.2019-cu il tarixli, 2(103)-11869/2019 saylı qərardadında, həm də həmin instansiya məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(103)-14879/2019 saylı qərardadında qeyd olunmuşdur ki, mülki iş materiallarında iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilən tarixdə, yəni 29 may 2013-cü il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə ünvanlanmış məktub olsa da, onların həmin iclas barədə məlumat almalarına dair hər hansı məhkəmə qəbzi və ya poçt xəbərnaməsi mövcud deyildir və bununla da həmin tarixli məhkəmə iclası barədə bildirişin həqiqətən də tərəflərə göndərilməsini müəyyən etmək mümkün olmur. İş materiallarından göründüyü kimi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsinə dair iddiaçının ərizəsi məhz onunla əsaslandı rılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən 29 may 2013-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə iddiaçıya heç bir məlumat verilməmiş və məhkəmə bildirişi göndərilməmişdir (i/v 32). Məhz bu əsasa görə birinci instansiya məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(004)-2974/2013 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Yasamal Rayon Məhkəməsinin 29.05.2013-cü il tarixli, 2(004)- 2974/2013 saylı qərardadı ləğv edilmişdir. Bundan əlavə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 29.05.2013-cü il tarixli birinci instansiya məhkəməsinin qərardadının surətinin lazımı qaydada vaxtında iddiaçıya təqdim olunması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)6084/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.İbayev) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(004)-2505/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasının rədd olunması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi iddiaçı ilə cavabdehin arasında 60 ay müddətinə bağlanm ış 29.09.2010-cu il tarixli, İ-234 nömrəli kredit müqaviləsindən irəli gəlir. Tələbin irəli sürülməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti keçib. Belə ki, kredit müddəti 29.09.2015-ci ildə bitib. Kredit müddəti 29.05.2015-ci ildə bitdiyinə görə hesab olunur ki, öhdəliklər üzrə icra müddəti də 29.05.2015-ci ildə bitib, bununla da 3 illik iddia müddətinin axımı 29.05.2015-ci ildə başlayıb və 29.09.2018-ci ildə bitib. İiddia müddətinin axımı kəsilməyib. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsindən görünür ki, iddia müddətinin axımı 2 halda kəsilir: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə; 2) borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə. İş materiallarından görünür ki, iddia ərizəsi 10.04.2013-cü ildə verilib, bundan 2 ay sonra - 29.05.2013-cü ildə o, baxılmamış saxlanılıb və 6 il ərzində baxılmamış qalıb. 11.07.2019-cu ildə iddiaçı ərizə (vəsatət) verərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsini xahiş edib, 28.02.2020-ci ildə həmin qərardad ləğv edilib. İddia ərizəsinin baxılmamış saxlanıldığı 6 ilin daxilində 3 illik iddia müddəti (29.05.2015-ci ildən 29.09.2018-ci ilədək olan müddət) başlayıb və bitib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, bankın iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamış, həmin yöndə araşdırma aparmamışdır. Digər tərəfdən borcalan kredit müqaviləsi üzrə götürdüyü borc məbləğini ödəməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.

21. Cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin rədd olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məc əllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə

381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəm əsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarı Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya inst ansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitlərini Cavabdeh vermişdir. Lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır. Lakin iddia müddəti ötürüldüyü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi üçün iddia rədd olunmalıdır.

31. Belə ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

32. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri)

33. Tərəflərin arasında olan münasibətlər müqavilə əsasında yarandığına və tərəflərin öhdəlikləri də müqavilə öhdəlikləri olduğuna görə, hazırki iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti tətbiq olunmalıdır.

34. Belə ki, müqavilə üzrə öhdəliklərə müddətlərin tətbiqi ilə bağlı məsələl ərə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir.

35. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

36. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də verilmiş tələbə üç illik iddia müddətini tətbiq etmişdir.

37. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə kredit müddəti 29.09.2015-ci ildə bitmişdir və 3 illik iddia müddətin axımı həmin tarixdən başlanıb 29.09.2018-ci ildə bitmişdir.

39. İddia ərizəsi 10.04.2013-cü ildə verilmiş, bundan 2 ay sonra - 29.05.2013-cü ildə baxılmamış saxlanılmışdır. 11.07.2019-cu ildə iddiaçı ərizə (vəsatət) verərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsini xahiş etmiş, 28.02.2020-ci ildə həmin qərardad ləğv edilmişdir. İddia ərizəsinin baxılmamış saxlanıldığı 6 ilin daxilində 3 illik iddia müddəti (29.05.2015-ci ildən 29.09.2018-ci ilədək olan müddət) başlayıb və bitmişdir.

40. Hazırki işdə iddia müddətinin tətbiqi ilə bağlı mübahisəli vəziyyətin yaranmasına səbəb – iddianın baxılmamış saxlandığı müddətdə iddia müddətinin kəsilibkəsilməməsidir.

41. Bununla bağlı istinad olunmalı norma Mülki Məcəllənin 380.1-ci maddəsidir. Həmin maddəyə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

42. Həmin Məcəllənin 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi iddia müddətinin axımına təsir etməyib. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi üçün MülkiProsessual Məcəllə (MPM) işdə iştirak edən şəxslərə 2 cür imkan müəyyən edib, həmin qərardaddan şikayət vermək və həmin qərardadın ləğv edilməsi üçün vəsatət vermək.

44. İş materiallarından görünür ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad həmin qərardadın ləğv edilməsi üçün vəsatət verməklə ləğv edilib. Yəni iddiaçı MPM-in 260.5-ci maddəsinə istinad edərək vəsatət verib, məh kəmə isə həmin maddəyə istinad edərək qərardadı ləğv edib. Bu isə o deməkdir ki, baxılmamış saxlama barədə qərardad qanunsuz sayılmayıb, 6 il ərzində iddia ərizəsinin baxılmamış qalması qanuni olub. Ona görə də həmin müddətin daxilində iddia müddətinin axımının başlanması və bitməsi etibarlı sayılır.

45. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddia müddəti daxilində borcu etiraf edən hərəkətlər etməyib. Belə ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 05.12.2012-ci ildə (8 il əvvəl) edilib. Bundan sonra hər hansı ödənişin edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona görə də iddia müddətinin axımı kəsilməyib.

46. Göründüyü kimi, iddia müddətinin axımını kəsən hallar baş verməyib. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyindən o, iddia müddətinin tətbiqi barədə ərizə verə bilməyib, ona görə də həmin ərizəni əvvəlki apellyasiya icraatı zamanı verib.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

48. Apellyasiya instansiyası məhkəməsi həmçinin iş üzrə Ali Məhkəmənin qərarında ifadə olunmuş mövqelərə əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(004)-2974/2013 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Yasamal Rayon Məhkəməsinin 29.05.2013-cü il tarixli, 2(004)2974/2013 saylı qərardadı “təyin edilmiş məhkəmə iclası barədə iddiaçıya heç bir məlumat” verilməməsi əsası ilə ləğv edilmişdir. Lakin iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş tərəf ötən müd dət ərzində iddia ərizəsinə dair hər hansısa məhkəmə aktının qəbul edilib-edilməməsinə dair məlumat almaq üçün hərəkət etməmiş, iddia ərizəsi baxılmamış saxlanıldıqdan 6 il sonra qərardadın ləğvinə dair ərizə vermişdir ki, iddiaçı ağlabatan müddətdə hərəkət etməmiş, həmin hal da kollegiya tərəfindən iddiaçının öz hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilir.

49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə ilə razılaşır. Həqiqətən də iddianın baxılmamış saxlanılmasından sonra keçən uzun müddət ərzində, iddiaçının məhkəmə prosesinin davamı üçün hər hansı prosessual hərəkət etməməsini, qərardadın əsassızlığı (məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi, qərardadın surətinin iddiaçıya göndərilməməsi) ilə əlaqələndirməs i əsassızdır. Hətta iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmiş olması belə, 6 ildən də çox keçən baxılmamış saxlanma müddətinin heçə sayılmasına, həmin dövrün iddia müddətinin dayandırılması kimi qəbul edilməsinə imkan vermir.

50. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl olunmaması barədə kassatorun dəlili əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl olunaraq iddianın baxılmamış saxlanması zamanı tərəflərə məlumat verilməməsi, habelə qərardadın surətinin çatdırılmaması hallarına qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin göstərişləri faktların araşdırılması hissəsində məcburidir və fa ktlar əsasında gəlinən nəticəni əvvəlcədən müəyyən etmir.

51. Məhkəmə kollegiyası hesab edir ki, 10.04.2013-cü il tarixdə verilmiş iddia ərizəsi baxılmamış saxlanıldığı üçün Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-c i il tarixli, 2(103)6084/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar