Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6366/2019 10.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-2658/2018, hakim F.V.Abdiyev) İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cav abdeh1 05.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3.200 manat məbləğində əsas, 1.600 manat məbləğində faiz borcu olmaqla, cəmi 4.800 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1496/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə iddia təlləbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 05 noyabr 2014-cü il tarixli kredit mü qaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh1 illik 25 faiz olmaqla, 24 ay müddətinə 3.200 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün həmin tarixdə “xxxx” ASC ilə Cavabdeh2 oğlu arasında zaminlik müqaviləsi bağlanılmışdır. 23 aprel 2018-ci il tarixdə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, ekspertiza rəyi ilə faiz borcu müqavilənin bitdiyi tarixə kimi hesablanmış, iddianın vaxtında verilməməsi üzürlü səbəbdən olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun borclu və zamindən tutulması təşkil edir. İddiaçı bank tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi iddianın rədd edilməsi hissəsində mübahisələndirilir. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Göründüyü kimi 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə zaminlik müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinin icra müddəti 05 noyabr 2016-cı il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdi yi öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuş, zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtı müvafiq olaraq 05 noyabr 2016-cı il tarixdə başa çatmış, lakin iddiaçı 23 aprel 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank müqavilənin icra müddəti bitdikdən qanunla nəzərdə tutulmuş 1 il müddət ərzində zaminə qarşı iddia irəli sürmədiyindən Cavabdeh2 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bununla bərabər, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərd ə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və gəlirin, çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İddiaçı yalnız kredit müqaviləsinin müddəti bitən tarixə, yəni 05 noyabr 2016-cı il tarixə kimi müqavilə üzrə hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququ olduğu halda, iddia ərizəsi verilən tarixə qədər faiz borcunun hesab lanmasını davam etdirmişdir. Halbuki qeyd edilən tələbin hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilən lərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6366/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6366/2019
10.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver