Məhkəmə qərarları › İş №2(102)-6426/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6426/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6426/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcu üzrə pulun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-594/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassas iya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 01 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 60 ay müddətinə illik istifadə dərəcəsi 14 faiz olmaqla 30.740 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 01 noyabr 2011-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qərarı ilə bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. 2018-ci ilin oktyabr ayında ləğv prosesində olan bankın ləğvedicisi tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə MMC-yə, borcluya və zaminə xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin dekabr ayında bankın ləğvedicisi "xxxx" MMC-yə, MMC-nin direktoru Cavabdeh2 və zamin Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən banka cəmi 56.602,93 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun cavabdehlərdən bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1789/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim: F.M.Yaqubov) iddia qismən təmin edilərək 01.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə 28.812,83 manat əsas borc, 12.892,05 mana t faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 41804,88 manat məbləğində pul və ödənilmiş 22 manat məbləğində dövlət rüsumu cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qətnamənin ləğv edilməsi barədə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-594/2021 saylı, 24 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və V.Ə.İbayev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1789/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi faiz borcunun və cəmi məbləğin müəyyən edilməsinə dair hissədə dəy işdirilmiş, faiz borcu 11.638 manat müəyyən olunmaqla cavabdehlərdən cəmi 40.551,07 manatın bankın xeyrinə tutulması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh N oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə onun iştirakının təmin olunmadan baxılmasını, borcun məbləğinin ekspertin qanunsuz rəyi əsasında müəyyən edilməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirak çılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması iddia olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh2 "xxxx" MMC-nin direktoru kimi bankla kredit müqaviləsi bağlayıb kredit götürməklə həmin kreditin müqavilədə müəyyən olunmuş müddətdə və qaydada banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müəyyən olunduğu kimi Cavabdeh2 kreditin qaytarılmasını təmin etməmiş, müqavilə öhdəliyini pozmuşdur. Mü lki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-594/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar