Məhkəmə qərarları › İş №2(102)-6465/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6465/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6465/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, iddianın qiyməti, dövlət rüsumu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2205/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) 986,72 manat əsas, 246,37 manat faiz, 749,35 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-14/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103 )-2205/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov – sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2205/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Z.Şirinov – sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov) kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 404-1-ci maddəsinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi 986,72 manat əsas, 246,37 faiz və 749,35 manat cərimə borcu olmaqla ümumi məbləğ 1982,44 manat, yəni 2000 manatdan az olduğundan qanunvericiliyə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyə əsasən, dövlət rüsumu məhkəmə məsrəflərinə aid olmaqla iddianın qiymətinə daxil deyil. Qərardaddan cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, qətnamədən verilmiş kassasiya şikayətinə uyğun olaraq yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə MPM-in 404-1-ci maddəsini yanlış tətbiq etmişdir. Belə ki, bankın iddia tələbi dövlət rüsumu ilə birlikdə 2000 manatdan çoxdur. Dövlət rüsumu iddianın qiymətinə daxildir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilməlidir. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan işdə iddianın qiyməti iki min manat az olduğuna görə apellyasiya instansiyası məhkəməsi qətnamədən verilmiş kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. İddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddia ərizəsi verilərkən ödənilən dövlət rüsumu da iddianın qiymətinə daxildir. Dövlət rüsumu da nəzərə alındığı təqdirdə iddianın qi yməti iki min manatdan çoxdur. Kollegiyası iddiaçının bu dəlilini əsaslı hesab etmir. Belə ki, MPM-in 404-1-ci maddəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qüvvədə olmuş redaksiyasına əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məcəllənin məhkəmə xərclərinin tərkibini müəyyən edən 107-ci maddəsində dövlət rüsumu məhkəmə xərcləri kimi təsbit edilmiş, 119.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublik asının Qanunun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Sadalanan müddəalardan göründüyü kimi, məhkəmə xərci kimi dövlət rüsumu tələbə, yəni iddianın qiymətinə daxil olmamaqla, tələbin məhkəmədə baxılmasına görə dövlət büdcəsinə ödənilməli olan haqdır və onun tərəflər arasında bölüşdürülməsi məhkəmə tərəfindən tələbin təmin edilib-edilməməsindən asılı olaraq müəyyən edilir. Bu halda, dövlət rüsumunun da iddianın qiymətinə daxil edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2205/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar