Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-649/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 01 fevral 2019-cu il İŞ№2(102) 649 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Şadıyev Ənvər Əhməd oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: B akı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2017-cı il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər V.Baxışova və V.Həsənov) Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, 2011-ci ildə cavabdeh “xxxx” KB ASC ilə əsas kredit müqaviləsi bağlamışdır. Bu müqavilə üzrə kreditin valyutası və məbləği 33.840 manat olmuşdur. Lakin bank əsas kredit müqaviləsin in tələbini pozaraq iddiaçıya dəfələrlə krediti ABŞ dollarında və müəyyən edilmiş son həddi aşmaqla vermişdir. Daha sonra, bank məhkəməyə 7 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əlavəni təqdim etmişdir. Həmin müqaviləyə əlavədəki imza isə iddiaçıya məxsus deyildir. Apellyasiya məhkəməsi qeyd edilən hallara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 5 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılması haqqında qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 16.02.2015-ci il tarixli 610nkSTB/15 saylı kredit müq aviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 7 iyul 2015-ci il tarixli 67UB/15 saylı kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, tərəflər arasında 21 sentyabr 2011-ci ildə UM-29/ 11 saylı Əsas kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən bank iddiaçıya 33.840 manat məbləğində 60 ay müddətinə, 21 sentyabr 2016-cı ilədək həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. Bundan sonra qeyd edilən müqavilə çərçivəsində tərəflər arasında əlavə kredit müqavilələri bağlanmışdır. İddiaçı bu müqavilələrdən 07 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsini imzalamadığını və həmin müqavilədə göstərilən kredit məbləğini almadığını əsas tutmaqla qeyd edilən əlavə kredit müqaviləsinin etibarsızlığını tələb edir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birincisi, kredit verilərkən cavabdehin əsas müqavilədəki həddi aşması kredit müqaviləsinin etibarsızlığına əsas ola bilməz. İkincisi, kred itin manatla göstərilməsinə baxmayaraq, ABŞ dolları ilə verilməsi bütövlükdə müqavilənin deyil, yalnız həmin şərtin (valyuta növünə aid şərtin) etibarsız sayılmasına səbəb ola bilərdi; lakin bu hal da sübut olunumur. Üçüncüsü, kredit müqaviləsindəki imzanın saxtalaşdırılması yazılı formalı kredit müqaviləsinin etibarsızlığına səbəb ola bilər. Lakin kredit müqaviləsi bağlanan zaman (2015-ci ildə) yazılı forma kredit müqaviləsi üçün məcburi forma deyildi, yəni müqavilə şifahi də bağlana bilərdi. Digər tərəfdən, bu hal, xətt ekspertizası keçirilməklə müəyyən edilə bilərdi ki, iddiaçı məhkəməyə gələrək yazı və imza nümunəsi verməlidir, ancaq iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası, aşagıda göstərilən əsaslara görə apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmi r. Apellyasiya məhkəməsinin, yazılı forma şərtinə əməl edilməməsinin kredit müqaviləsinin etibarsızlığına səbəb olmamasına dair mövqeyi bir neçə səbəbdən əsassızdır. Əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisələndirilən kredit müqaviləsi bağlanan zaman qüvvədə olan Mərkəzi Bankın İdarə Heyətinin 18 noyabr 2008-ci il tarixli, 34 saylı protokolu ilə təsdiqlənmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 10 dekabr 2008-ci ildə 3426 sayla qeydə alınmış “Banklarda kreditin ve rilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə görə, kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilməlidir: kreditin məqsədi və dəqiq təyinatı; kreditin şərtləri (kreditin məbləği, müddəti, kredit müddətindən asılı olmayaraq illik faizi, komisyon haqları (əgər nəzərdə tutulursa), bank tərəfindən tələb olunan digər ödənişlər); kreditin qaytarılma qrafiki; kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, habelə vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə, habelə borcalan tərəfindən kreditin vaxtından əvvəl ödənilməsinə dair şərtləri; kredit müddəti ərzində əlavə və dəyişikliklərin edilməsi qaydası; tərəflərin hüquq və vəzifələri; tərəflərin məsuliyyəti; mübahisələrin həlli qa ydası.... Müqavilələr bağlananadək bank yuxarıda göstərilən məsələlərlə bağlı borcalana ətraflı izahat verməlidir və bu barədə müqavilədə qeyd etməlidir. Göründüyü kimi, peşəkar şəkildə kredit verilməsi ilə məşğul olan bank kredit müqavilələrini yalnız yazılı formada bağlamalıdır. Təsadüfi deyildir ki, bank praktikası da məhz bu yöndədir və banklar əvvəlcədən hazırladıqları standart şərtli müqavilələri kredit alanlara təklif etməklə müqaviləni bağlayırlar. Eyni zamanda, hazırkı işin halları baxımından da tərəflərin mübahisələndirmədikləri bütün müqavilələr yalnız yazılı formada bağlanmışdır. İkincisi, hətta kredit müqaviləsinin şifahi şəkildə bağlana biləcəyi ehtimalında belə, apellyasiya məhkəməsinin bu istinadı yenə əsaslı deyildir. Çünki 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi, əqdin forması birbaşa olaraq qanunda imperativ nəzərdə tutula biləcəyi kimi tərəflər qanunda dispozitiv olaraq müəyyən edilmiş forma şərtindən fərqli forma barədə razılığa gələ bilərlər. MM-in 740-cı maddəsinin kredit müqaviləsi bağlanan anda qüvvədə olmuş redaksiyası da bu mövqeni dəstəkləyirdi. Həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-in 329.1-ci maddəsinin açıq göstərişi ondan ibarətdir ki, hər iki forma şərtinə əməl edilməməsi əqdin etibarsızlığı nəticəsini doğurur. Hazırkı iş üzrə tərəflərin kredit müqaviləsinin yazılı formada bağlanmas ı barədə razılığa gəldiklərində şübhə yoxdur; əks halda, ortada hər hansı yazılı formada tərtib edilmiş müqavilə (hətta iddiaçı həmin müqavilədəki imzanın ona məxsus olmadığını iddia etmiş olsa belə) olmazdı. Təsadüfi deyildir ki, tərəflərin mübahisələndirmədikləri digər bütün müqavilələr yalnız yazılı formada bağlanmışdır. Bu mənada, yazılı forma şərti artıq tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilmiş şərtdir və ona əməl edilməməsi də 329.1-ci maddənin tələbi baxımından əqdin etibarsızlığına səbəb olur. Üçüncüsü, iddiaçı X1nın əsas dəlillərindən biri ondan ibarətdir ki, mübahisələndirilən müqavilədəki imza ona məxsus deyildir, yəni saxtalaşdırılmışdır. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçı məhkəmə iclasına gəlməmiş və imza nümunələrini təqdim etməmişdir. Halbuki 1 8 iyul və 5 sentyabr 2018-ci il tarixdə apellyasiya məhkəməsində keçirilmiş iclaslarda iddiaçı X1nın nümayəndəsi və vəkili iştirak etmişdir. Yəni iddiaçı məhkəmə iclaslarında təmsil olunmuşdur. Digər tərəfdən, imza nümunəsinin götürülməsi xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardadın icrası ilə bağlıdır. Başqa sözlə, imza nümunəsinin xətşünaslıq ekspertizasının təyin edilməsindən sonrakı mərhələdə həyata keçirilə bilər. Bu səbəbdən də, iddiaçının şəxsən məhkəməyə gəlməməsi ekspertizanın təyin edilməməsi üçün əsas ola bilməz. Ekspertiza təyin edildikdən sonra tərəfin ekspertizada iştirak etməkdən boyun qaçırmasının hüquqi nəticəsi isə MPM-in 97.5-ci maddəsində ayrıca tənzimlənir. Lakin həmin maddənin hazırkı mübahisə ilə bir bağlılığı yoxdur. Dördüncüsü, nəzərə alınmalıdır ki, iddiaçının müqavilədəki imzanın ona məxsus olmadığına dair dəlilinin öz təsdiqini tapması müqavilənin etibarsızlığından daha geniş mülki-hüquqi nəticələr doğurmaqla iddiaçının mənafeyinə xidmət edir. Belə ki, bu halın sübuta yetirilməsi ehtimalında, sözügedən müqavilənin mövcud olmadığı, yəni ümumiyyətlə bağlanmadığı meydana çıxır. Çünki 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Qeyd edilməlidir ki, müqavilə ən azı, iki tərəfli və bir-birinə uyğun iradə ifadələrinin hüquqi nəticəsi olaraq meydana çıxır və yazılı formada bağlanmış əqdlərdə imza tərəfin iradə ifadəsinin bu yöndə olduğunu təsdiqləməyə xidmət edir, onda belə bir imzanın olmadığı müqavilənin bağlanmasından söhbət gedə bilməz. MM-in 407.2-ci maddəsinin də açıq göstərişi bu yöndədir. Həmin maddəyə müvafiq olaraq, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəh bər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sədrlik edən: Ələsgər Əliyev Ələsgər Əliyev Hakimlər: Ənvər Şadıyev Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-649/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-649/2019
01.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver