Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-654/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5981/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayə tinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh2 (bundan sonra – cavabdeh, yaxud borclu) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi (bundan sonra – kredit müqaviləsi) ilə, Bank sonuncuya illik 20% dərəcəsi hesablanmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir.
2. Kreditin təminatı olaraq Bank ilə Cavabdeh1 (bundan sonra – zamin) arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Bank borclu və zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada 8.208,53 manat məbl əğində əsas, 567,45 manat məbləğində faiz borcunun, cərimə borcunun 50 faizi miqdarı - 147,03 manatın, 109,23 manat məbləğində məhkəmə xərcinin tutulması, habelə kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, borclu xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə şərtlərini pozmuş, borc öhdəliklərini icra etməmişdir.
5. Bank tərəfindən məhkəməyə borclunun iddiaçıya tələb olunan məbləğdə borcunun yaranması barədə maliyyə arayışı təqdim olunmuşdur.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)- 1953/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia qismən təmin edilmiş, kr edit müqaviləsi ləğv edilmiş, cavabdehlərdən müştərək qaydada 8.208,53 manat məbləğində əsas, 567,45 manat məbləğində faiz, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8.875,45 manat məbləğində pul vəsaitinin tutularaq Banka ödənilməsi, 105 manat məbləğində məhkəmə xərcinin cavabdehlərdən müştərək tutularaq Banka ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, borclu kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, əsas və faiz borcunu vaxtında ödəməmişdir. Buna görə də, ona və zaminə münasibətdə əsas və faiz borcu iddia tələbinə uyğun təmin edilməlidir.
8. Eyni zamanda, kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 8208, 53 manat məbləğində əsa s borca 147,03 cərimə borcunun hesablanmasını əsaslı hesab etməyərək, tələb olunan dəbbə pulunu 100 manat məbləğində müəyyən etmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 421.2, 427.3, 442.1, 462.1, 463.1, 465.2, 467, 470.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat
10. Borclu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə üzrə yaranmış borcu yalnız Bankın məhkəməyə təqdim etmiş olduğu sənədlər əsasında müəyyən etmişdir. Halbuki, borc məbləğini özündə əks etdirən həmin sənədlər həqiqəti əks etdirmir. Borclu tərəf indən Banka müvafiq ödənişlər edilmiş, lakin sonuncu həmin ödənişləri faiz borcuna hesablamışdır. Bundan əlavə, Bank tərəfindən borclunun etdiyi ödənişlərə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş sübutlar birtərəfli və qərəzli olduğu üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Borclunun məhkəmə iclasında iştirakı təmin edilməmiş, bu səbəbdən sübutların təqdim edilməsi mümkün olmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5981/2023 nömrəli, 16oktyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Kreditin təminatı olaraq Bank ilə zamin arasında zaminlik müqaviləsi bağlanmışdır.
14. Məhkəmə apellyasiya şikayətinin cavabdehin etdiyi ödənişlərin araşdırılmaması, onun məhkəmə iclasında iştirakının təmin olunmadan qətnamənin qəbul edilməsi barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına (həmin ünvan apellyasiya şikayətində də yazışmaların aparılmasının istənildiyi ünvan kimi qeyd olunmuşdur) məhkəmə iclasları ilə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, göndərişə dair reyestrlər iş materiallarına əlavə edilmişdir.
15. Həmçinin apellyasiya şikayətində Cavabdeh2 qeyd etmişdir ki, kredit borcundan ödənişlər etmişdir.
16. Apellyasiya şikayətinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə cəmi altı dəfə gecikmələrlə ödənişlər həyata keçirilmiş, ödənilən məbləğlərin bir qismi bank tərəfindən gecikmiş faiz üzrə borca və dəbbə puluna yönəldilmişdir. Belə olan halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur.
17. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 421.1, 421.2, 424.5, 425.1, 442, 445.1, 448.1, 448.2, 462.1, 467, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadl a əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmamışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)
21. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
22. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqd a və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
23. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlər i pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya instansiya məhkəmələrinin baxışında cavabdehin istinad etmədiyi yeni hallarla bağlıdır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5981/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.