Məhkəmə qərarları › İş №2(102)-6579/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6579/2019

24.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6579/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-1450/2018, hakim Ş.Z.Abdullayev) ləğvetmə prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdn iddiaçının xeyrinə 04 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17000 ABÇ dolları əsası borc, müqavilə müddətinin bitdiyi tarixə kimi 3525 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış illik 5 % uçot dərəcəsi nəzərə alınmaqla 1190 ABŞ dolları faiz borcu, cəmi 21.715 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2488/2019, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelly asiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 04.09.2015-ci tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 24 faiz olmaqla, 12 ay müddətinə 45.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 02 mart 2018-ci il tarixdə ləğvetmə prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditin alınmasından sonra şərait əhəmiyyətli dərəcədə dəyişmiş, ölkədə baş vermiş ağır devalvasiya ilə əlaqədar cavabdehin maddi vəziyyəti ciddi şəkildə ağırlaşmış, bu da öz növbə sində kredit məbləğinin qaytarılmasında çətinlik yaratmışdır. Cavabdeh bununla bağlı banka müraciət edərək kredit ödənişlərini həyata keçirmək üçün müəyyən güzəştlərin edilməsini xahiş etmiş, lakin bank tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir. Bundan başqa bankla bağlanmış kredit müqaviləsində faizlərin ayda bir dəfə ödənilməsinin nəzərdə tutulması qanuna ziddir. Cavabdehin ödədiyi faizlər kredit məbləği üzrə əsas borc hesabına tutulmalı, hazırki borc azaldılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun tutulması təşkil edir. Apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim edilmiş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı, 11.10.2018-ci il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741 və 445.7-ci maddələrinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, kreditin və faizlərin qaytarılması şərtləri tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə razılaşdırılmışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə mövcud kredit faizlərinin, ikinci növbədə dəbbə pulunun və üçüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bununla bərabər, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad edərək göstərmişdir ki, kredit müqaviləsi xarici valyuta ilə ifadə olunduğundan və müqavilə bağlandıqdan sonra ABŞ dolları kəskin şəkildə qalxdığından müqavilə üzrə öhdəliklərin icrası qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsin i yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar