Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6582/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(103)3311/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən vermiş kassasiya şikayət i üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli, 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində 15.03.2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, 15.03.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 65.000 ABŞ dolları məbləğində, 03.04.2015-ci il tarixli, 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, 03.04.2018-ci il tarixədək, illik 21% ödəmək şərtilə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20 a saylı evin 63 saylı mənz ilini 15.03.2014-cü il tarixli, 275UM/14 saylı kredit müqaviləsinə əsasən ipotekaya qoymuşdur. İkitərəfli razılaşmaya əsasən ipoteka predmetinin dəyəri 74.000 manat məbləğində qiymətləndirilmişdir. 3, Həmçinin borcun təminatı olaraq Cavabdeh1 dövriyyədə olan malların girov qoyulması barədə 15 mart 2014-cü il tarixli müqavilə bağlamışdır. 4. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli sazişə əsasən, kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 19,5 faiz, müddət isə 15.03.2018-ci il tarixədək müəyyən edilmiş, kredit müqaviləsi üzrə 2016-cı ilin aprel və may ayları üzrə güzəşt müddəti verilmiş, kredit müqaviləsi üzrə aylıq ödəniş 900 ABŞ dolları məbləğində müəyyən edilmiş, qalıq borc sonuncu aya keçirilmiş və kredit müqaviləsi üzrə faiz dərəcəsi 17 faiz müəyyən edilmişdir.
5. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20 a saylı evin 63 saylı mənzilində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8, X3 və X5 qeydiyyatdadırlar. 6.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. İddiaçı borcun ipotekaya yönəldilməsi üçün tədbirlərə başlamış və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X6 və X2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 13.03.2014-cü il tarixli, 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 15.03.2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31005,09 ABŞ dolları, faiz borcu üzrə 1485,05 ABŞ dolları olmaqla, cərimə borcu üzrə 936,22 ABŞ dolları, cəmi 33426,36 ABŞ dolları, 03.04.2015-ci il tarixli, 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3,43 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmet i olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə və girov predmeti olan Cavabdeh1 məxsus 6000 manat dəyərində dövriyyədəki mallara yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 15.03.2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə 33426,36 ABŞ dolları, 03.04.2015-ci il tarixli, 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə isə 3,43 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 74.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X4, X1 evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-54/20220 saylı, 04 noyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia qismən təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli, 275UM/14 saylı əsas kredit müqaviləsi əsasında bağlanmış 15.03.2014-cü il tarixli, 275N/14 saylı kredit müqaviləsinə əsasən 31005,09 ABŞ dolları əsas borc, 1284,46 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32389,55 məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi; tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20a saylı evin 63 saylı mənzilinə yönəldilməsi; həmin mənzilin ilkin satış qi yməti 80.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsinin Cavabdeh1 qaytarılması; mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X7, Cavabdeh9, X8 və X1 həmin mənzili tərk etməklə mənzilin boşaldılması qət edilmişdir.
10. Məhkəmə bu nəticəyə gələrkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 9/2621 saylı, 28.09.2020-ci il tarixli rəyinə əsaslanmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, 15.03.2014-cü il tarixli, 275N/14 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsa sən, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 15 mart 2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsinin və 15 mart 2014-cü il tarixli, 275N/14 saylı əlavə kredit müqaviləsi üzrə sonuncu 29 sentyabr 2017-ci il tarixli 8 saylı əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 mart 2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) və 12 iyun 2020-ci il tarixə (maliyyə arayışı tarixinə) "xxxx" KB ASC-yə olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir: 15.03.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) - əsas kredit borcu 31.114,94 ABŞ dolları, faiz borcu 958,99 ABŞ dolları, 12.06.2020-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) - əsas kredit borcu 31.114.94 ABŞ dolları, faiz borcu 3.546,46 ABŞ dolları; Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 12.06.2020-ci il tarixdən sonra 200,59 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 12.06.2020-ci il göstərildiyindən 200,59 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. 03 aprel 2015-ci il tarixli, 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə qeyd edilir ki, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulan ikinci və dördüncü suallarda "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli, 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.04.2015-ci il tarixli, 107G/15 saylı əlavə kr edit müqaviləsinə əsasən həmin əlavə kredit müqaviləsi müddətinin sonuna (dəyişdirilmiş müqavilə müddəti və faiz dərəcələri nəzərə alınmaqla) olan hesablanmış və qaytarılmayan əsas kredit borcunun, həmçinin faiz və cərimə borclarının (faiz və cərimələrin konkret hansı aylar və günlər üzrə nə qədər hesablanması dəqiq göstərilməklə) məbləği nə qədər təşkil edir və "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli, 275UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 03.04.2015-ci il tarixli, 107G/15 saylı əlavə kredit müqaviləsinə əsasən həmin əlavə kredit müqaviləsi müddətinin son tarixdən 12.06.2020-ci il tarixədək olan dövr üçün əsas borc və əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz (faizin konkret hansı aylar və günlər üzrə nə qədər hesablanm ası dəqiq göstərilməklə) borcunun məbləği nə qədər təşkil edir sualları qoyulmuşdur. İş materiallarında və 31 avqust 2020-ci il tarixli məktubla təqdim edilmiş əlavə sənədlərdə 03.04 2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatları mövcud deyildir. Belə olan halda 03.04.2015-ci il tarixli, 107G/15 saylı əlavə kredit müqaviləsi üzrə hesablama aparılması mümkün olmamışdır.
11. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsini nəzərə alaraq və ekspert rəyinə digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, əsas borc iddiaçının iddia tələbində və maliyyə arayışında göstərilən həcmdə, yəni 31005,09 ABŞ dolları məbləğində tutulmalıdır.
12. Məhkəmə iddia tələbinin müqavilə üzrə faiz borcu hissəsi ilə bağlı hesab etmişdir ki, ekspert rəyi ndə 12.06.2020-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) faiz borcu 3.546,46 ABŞ dolları göstərilsə də, cavabdehdən iddia tələbi həddində 12.06.2020-ci il tarixdən sonra 30.07.2020-ci ildə ödədiyi 200,59 ABŞ dolları məbləği nəzərə alınmaqla və bu məbləğ faiz borcundan çıxılmaqla 1284,46 (min iki yüz səksən dörd, ABŞ dolları 46 sent) məbləğində faiz borcu tutulmalıdır.
13. Bundan başqa, məhkəmə iddia tələbinin “936,22 ABŞ dolları cərimə borcunun tutulması” hissəsi ilə bağlı işin hallarını, kredit müqaviləsindən irəli gələn 31005,09 ABŞ dolları əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 936,22 ABŞ dolları cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edərək, həmin dəbbə pulunun azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 317.1, 319, 386.1, 442, 445,448,739.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 39.3-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(103)-3311/2021 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları düzgün qiymətləndirərək, işdə olan sübutları, məhkəmə mühasibatlıq ekspertizasının və müstəqil qiymətəndiricinin rəylərini və iddia tələbinin həcmini nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan borcun məbləğini və ipoteka predmeti olan mənzilin ilkin satışını likvid dəyəri ilə götürməklə düzgün müəyyən etmiş, mülki qanunvericiliyin kredit və zaminliklə bağlı müddəalarını, habelə “İpoteka haqqında” Qanunun müddəalarını düzgün tətbiq etmiş, iddia tələbləri üzrə düzgün qətnamə çıxarmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş iş üçün əhəmiyyəti olan hallar tam sübut olunmamış, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyini və qiymətləndirmə rəyini ona rəsmi qaydada təqdim etməmişdir. Qətnamə qəbul olunarkən məhkəmə baxışı müddətində banka etdiyi ödənişlər nəzərə alınmamışdır. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi i cra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və v əzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarl a və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıq dan sonra da öhdəliyin icra edilməməsi. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək t əşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 24. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə
34. İpoteka predmetinə tutmanın yön əldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi b ağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillə ri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası, cavabdehin kassasiya şikayətinin dəlillərini qəbul etmir. Çünki iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 462 və 317-ci maddələri təşkil edir. İşə baxmış məhkəmələr tərəfindən də iddianın əsasları bu normaların dispozisiya şərtləri əsasında yoxlanmış, cavabdehin kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun yarandığı, müqavilə öhdəliklərini lazımınca icra etmədiyinə görə cərimə hesablandığı müəyyən edilmişdir. Kreditor tərəfindən cavabdehə hesablanmış borc məbləğinin düzgünlüyü məhkəmə tərəfindən ekspert cəlb edilməklə yoxlanmış, ekspertin rəyi mülki işdə olan digər sübutlarla müqayisəli şəkildə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmışdır.
32. Cavabdehin ekspert rəylərinin ona rəsmi təqdim edilmədiyi barədə dəlillərini apellyasiya şikayətində də irəli sürmüşdü və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verərək bildirmişdir ki, «mühasibatlıq ekspertizasının və müstəqil qiymətləndiricinin rəyinin apellyatora göndərilməməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki məhkəmənin həmin rəylərin surətini işdə iştirak edən şəxslərə göndərmək barədə subyektiv vəzifəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək kimi hüquqları var. Buna görə də Cavabdeh1 məhkəməyə müraciət edərək həmin rəylərlə tanış ola və onların surətini ala bilərdi».
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki Azərbaycan Respublikası MPM-nin 134-cü maddəsində məhkəmənin rəsmi qaydada verməli olduğu məhkəmə sənədlərinin siyahısı müəyyən olunmuşdur. Həmin siyahıda ekspertiza rəyləri rəsmi verilməli olan sənəd kimi qeyd olunmamışdır.
34. MPM-nin 134.2-ci maddəsinə görə zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər.
35. Göründüyü kimi bu norma 134.1-ci maddəsində göstərilən siyahıdan xaric hansı sənədlərin rəsmi qaydada verilməli olmasını məhkəmənin mülahizəsinə buraxır və imperativ deyildir. Bundan başqa, MPM-nin ekspertizanın təyin olunması, aparılması və qiymətləndirilməsi məsələlərini tənzimləyən 97-103-cü maddələr ində də ekspert rəyinin rəsmi qaydada verilməsini tələb edən müddəa yoxdur.
36. Qətnamə qəbul olunarkən məhkəmə baxışı müddətində banka etdiyi ödənişlər nəzərə alınmadığı barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatı zamanı ona təqdim olunmuş bütün sübutlar (bankın təqdim etdiyi hesabdan çıxarışlar, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri /1-ci cild səh. 230/) nəzərə alınmışdır.
37. Ekspertiza zamanı ekspert zamanı hesabdan çıxarış məlumatlarından cavabdehin 12.06.2020-ci il tarixdən sonra 200,59 ABŞ dolları məbləğində ödəniş etdiyini müəyyən etmiş, lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 12.06.2020-ci il göstərildiyindən 200,59 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Bu hal həm ekspertin rəyində, həm də aşağı instansiyası məhkəmələrinin aktlarında əksini tapmışdır. Həmin məbləğin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borca aid edilməməsi əsaslandırılmışdır və bu hal o hüquqi nəticə törədir ki, iddiaçının tələb etdiyi dövrdən sonra etdiyi ödəniş(lər) qətnamənin icrası zamanı nəzərə alına bilər. Cavabdehin ödəmiş olduğu 480 ABŞ dolları məbləğdə pulun iki dəfə cəriməyə silinməsi barədə dəlili də iş materiallarından görünmür, cavabdeh bu dəlili mücərrəd qaydada irəli sürmüş, faktı dəqiqliyi ilə (hansı tarixdə ödəməsi, hansı tarixdə cəriməyə silinməsi) izah etməmişdir.
38. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(103)3311/2021 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.