Məhkəmə qərarları › İş №2(102)-6778/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6778/2019

14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6778/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı İKB ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, 2(001)-319/2019) İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 iddiası qismən təmin edilmiş, Cavabdeh1 04.12. 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3484 ABŞ dolları, faiz borcuna görə 428 ABŞ dolları, cəriməyə görə 20 ABŞ dolları olmaqla cəmi 3933 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, V.T.Həsənov, T.S.Səmədov iş 2(103)-7041/2019) İddiaçı İKB ASCnin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hal ları: İddiaçı İKB ASC Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 28 % ödəmək şərti ilə 5.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə İddiaçı İKB ASC ilə Cavabdeh2 qızı və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən onlar Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməsi üçün eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. 26 fevral 2018-ci il tarixdə İddiaçı İKB ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamış və düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə ödənilməli olan borcun borclu və zamindən müştərək qaydada tutulması təşkil edir. İddiaçı bank tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi iddianın zaminlərə aid hissəsində rədd edilməsi hissəsində mübahisələndirilir. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Göründüyü kimi 04 dekabr 2014-cü tarix li kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə zaminlik müqaviləsi də bağlanmışdır. Həmin kredit müqaviləsinin icra müddəti 04 dekabr 2016-cı il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuş, zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtı müvafiq olaraq 04 dekabr 2016-cı il tarixdə başa çatmış, lakin iddiaçı bank 26 fevral 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank müqavilələrin icra müddəti bitdikdən qanunla nəzərdə tutulmuş 1 il müddət ərzində zaminlərə qarşı iddia irəli sürmədiyindən cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu halda apellyasiya məhkəməsi iddianın zaminlərə aid hissədə əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı bankın k redit müqaviləsinin müddətinin uzadılması barədə dəlilinə gəldikdə isə, apellyasiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi müddətin uzadılması zamanı zaminlərin razılığı alınmamışdır, qeyd edilən hal isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsi əsaslarından biri kimi göstərilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar