Məhkəmə qərarları › İş №2(102)-680/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-680/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-680/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-247/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduqları 13891 (on üç min səkkiz yüz doxsan bir) manat məbləğində borc pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13921 (on üç min doqquz yüz iyirmi bir) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(025)-829/2020) iddia qismən təmin edilərək, Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 8430 (səkkiz min dörd yüz otuz) manat məb ləğində pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), G.Abbasov və M.Hüseynov, iş № 2(107)-247/2021) iddiaçı Abduhəlimova Natəvan Soltan qızı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov, iş № 2(107)-247/2021) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(107)-247/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(107)-247/2021 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 13 aprel 2021-ci il tarixli, 2(107)-247/2021 saylı qətnaməsinin surətləri poçt vasitəsilə Cavabdeh yaşadığı ünvana göndərilmiş və 26 aprel 2021-ci il tarixdə sözügedən qətnamənin surəti Cavabdeh tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Qətnamənin surətinin 26 aprel 2021-ci il tarixdə Cavabdeh rəsmi qaydada verilməsi işə əlavə edilmiş reyestrdən və qətnamənin surətinin alınmasına dair xəbərnamə ilə təsdiq olunur. Qanuna əsasən konkret halda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(107)-247/2021 saylı qətnaməsinin surəti 26 aprel 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada verilmiş hesab olunur. Cavabdehin qətnamədən kassasiya şikayəti verə biləcəyi son tarix 28 iyun 2021-ci il tarixi olmuş, lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət 3 aydan da artıq ötürüldükdən sonra verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2021ci il tarixli, 2(107)-247/2021 saylı qərardadının ləğv olunması, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində şikayət verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassa siya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə sübutların olmadığı təqdirdə müddətin bərpası istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təm in olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-247/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar