Məhkəmə qərarları › İş №2(102)-682/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-682/2024

19.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-682/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması barədə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5128/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən daşınmaz əmlak (ümumi sahəsi 2213.5 m2 olan əmlak kompleksi) üzərində mülkiyyət, həmin daşınmaz əmlakın yerləşdiyi, dövlət mülkiyyətində olan 0.4240 ha torpaq sahəsi üzərində icarə hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərə findən təsdiq edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportuna əsasən baş plan “A”, “B”, “C”, “D”, “E” və “G” tikililərinin ayrı-ayrılıqda tərtib edilmiş plan-cizgilərində əsas və köməkçi tikili və qurğuların təyinatı və texniki göstəriciləri qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a)Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən 2.213,5 m2 qeyri-yaşayış sahəsindən istifadəsinə, xüsusən də anbar otağına məhəllə yoluna hissədə qapı açılmasına Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, qeyd edilən ünvanda yerləşən 2.213,5 m2 qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində, sahibliyində olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə hüquqlarına maneəçilik törədilir. Belə ki, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsinin məhəllə yoluna tərəf anbar otağına çıxış üçün açdığı qapı heç bir əsas olmadan cavabdeh tərəfindən sökülərək, mişar daşı ilə hörülmüşdür. Halbuki iddiaçıya məxsus əmlakın cavabdehə heç bir aidiyyəti yoxdur.

5. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaq, cavabdeh qanunsuz hərəkətlərə son qoymayaraq, mütəmadi olaraq iddiaçını əmlakdan istifadəsinə maneçilik törədərək, iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam edir. İddiaçı bununla bağlı polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etsə də, müəyyən araşdırma aparıldıqdan sonra məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

6. İddiaçı tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152-ci maddəsinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən əmlakın yerində müayinəsi zamanı müəyyən etmişdir ki, əsas yoldan mübahisəli tikilinin yerləşdiyi köməkçi yola qalxarkən yolun sağ tərəfində mübahisəli tikili, sol tərəfində isə cavabdehin istifadəsində olan qəbir daşları sexi vardır. Cavabdehin istifadəsində olan obyektin əsas qapısı ilə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi arasında təxminən 10 metrə yaxın avtomobil yolu vardır.

8. Birinci instansiya məhkəməsində yerli baxış zamanı cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, özünə məxsu s olan və hazırda işlətdiyi qəbir daşları sexi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi arasından keçən şose yoluna asfalt örtüyü çəkməklə, öz hesabına külli miqdarda xərc çəkərək həmin yolu yararlı vəziyyətə gətirmişdir. Nəyə görə onun külli miqdarda pul xərcləyib çəkdiyi yoldan iddiaçı istifadə etməlidir? Heç olmasa iddiaçı gəlib ondan “halallıq” almalı idi.

9. Birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiay a etiraz kimi əlavə olaraq bildirmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsindən qapının açılması cavabdeh və digər şəxslər üçün təhlükə mənbəyidir. Belə ki, iddiaçı həmin yeri maşınların təmiri üçün “boks” kimi işlətmək istəyir ki, bu zaman da oraya böyük maşınların giriş-çıxışı ərtafdakılar üçün təhlükəli vəziyyət yarada bilər. Qapının açılmasına dair müvafiq orqan tərəfindən verilmiş icazə qanunsuzdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi.

11. Cavabdehin nümayəndəsi vəsatət verərək, iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş və ekspert qarşısında qoyulacaq sualların dairəsini də göstərmişdir.

12. Birinci instansiya məhkəməsi 17 aprel 2023-cü il tarixli ayrıca qərardadla ekspertiza təyin edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətini təmin etməmişdir.

13. Üçüncü şəxs qismində işə cəlb edilmiş orqanların nümayəndələri birinci instansiya məhkəməsində nümayəndələrinin iştirakını təmin etməmişlər.

14. Suraxanı Rayon Məhkəməsinin 2(010)-777/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının mülkiyyətində olan 2.213,5 m2 əmlak kompleksindən (qeyri-yaşayış sahəsindən) istifadəsinə, anbar otağından məhəllə yoluna qapı açılmasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Səlimə Miriyeva)

15. Birinci instansiya məhkəməsi işdəki sübutlarla və yerli müayinənin nəticəsinə əsasən müəyyən etmişdir ki, tərəflərə məxsus qeyri-yaşayış sahələri bir-birini n qonşuluğunda yerləşmir. Belə ki, bu iki əmlakı bir-birindən avtomobil yolu ayırır. Hansı ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi onun qarşısından keçən həmin avtomobil yolundan kifayət qədər aralı məsafədə yerləşir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yerində müayinə zamanı müşahidə edilənlər əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə avtomobillərin girişçıxışının cavabdeh üçün təhlükə mənbəyi olmaması nəticəsinə bu barədə ekspert rəyi olmadan da gəlmək mümkün olmuşdur.

17. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 76.1 və 97.1-ci maddələrinə istinadən iş üzrə mübahisə predmeti olan məsələyə dair suallara cavab verilməsinin xüsusi bilik tələb etməməsi səbəbindən ekspertizanin keçirilməsinə zərurət olmadığı nəticəsinə gəlmiş və bu zaman məhkəmənin həm də işə baxılması müddətinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq vəzifəsini də nəzərə almışdır.

18. Birinci instansiya məhkəməsi mübahisəli ünvanda yerində müayinənin nəticəsinə əsasən vurğulamışdır ki, cavabdehin işlətdiyi sex iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə paralel olaraq, yolun qarşı tərəfində, 10-15 metr məsafədə yerləşir. Həmçinin həmin əmlakları bir-birindən eni təxminən 14-15 metr olan şose ayırır. Beləliklə, mübahisəli qeyri-yaşayış sahəsindən açılacaq qapının istifadəsi zamanı cavabdeh üçün hər hansı təhlükə yaranmasını müəyyən etmək mümkün olmamışdır.

19. Mübahisəli əmlakdan qapı açılmasının digər şəxslər üçün təhlükə yarada biləcəyi ilə bağlı cavabdehin etirazına münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından cavabdehin d igər şəxslərin hüquqlarının müdafiəsi kimi bir vəzifəsinin olduğu müəyyən olunmamışdır. Ümumiyyətlə, digər şəxslər dedikdə kimin nəzərdə tutulduğu da müəyyən deyil. Belə olan halda, mübahisəli tikilidən qapı açılmasının cavabdeh və digər şəxslər üçün təhlükə mənbəyi ola biləcəyi işin halları ilə sübuta yetirilməmişdir.

20. Digər tərəfdən kifayət qədər geniş və avtomobillərin sərbəst surətdə hər iki istiqamətdə hərəkətini təmin edən yoldan istifadə etməyin ancaq iddiaçıya məxsus qeyriyaşayış sahəsinə avtomobillərin giriş-çıxışı zamanı təhlükə törətməsi barədə cavabdehin irəli sürdüyü dəlillər açıq şəkildə birtərəfli olmaqla həqiqətə uyğun deyildir. Belə ki, cavabdehə məxsus olan qəbir daşlarının düzəldilməsi fəaliyyəti ilə məşğul olan sexin yerləşdiyi əraziyə daxil olmaq üçün də yol tərəfə qapı açılmışdır və həmin qapıdan müxtəlif ölçülü maşınların giriş-çıxışı üçün istifadə edilməsi istisna olunmur. Bu isə məhkəmədə belə bir fikir formalaşdırmağa əsas verir ki, cavabdehin etirazının əsasını təşkil edən hal iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən açılacaq qapının özü və üçüncü şəxslər üçün təhlükə mənbəyi olması deyil, ümumiyyətlə, iddiaçının həmin yoldan istifadəsinin qarşısını almaqdır. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı cavabdeh özü də bu məqsədini dolayı yolla etiraf etmiş, külli miqdarda xərc çəkib abadlaşdırdığı, asfalt çəkdiyi yoldan iddiaçının istifadə etməyə haqqı olmadığını, bunun üçün ən azından ondan “halallıq” alınmalı olduğunu bildirmişdir. “Halallıq” dedikdə, nəyin nəzərdə tutulduğu soruşulduqda iddiaçı tərəf cavabdehin yoldan istifadəyə icazə vermək üçün onlardan pul tələb etdiyini, “halallıq” dedikdə də bunu nəzərdə tutduğunu bildirmişdir.

21. Birinci instansiya məhkəməsi cavabdehin etirazının bu dəlillərinə münasibətdə göstərmişdir ki, cavabdehin xərc çəkib abadlaşdırdığını iddia etdiyi yol dövlət, yaxud bələdiyyə mülkiyyətində olmaqla, ümumi istifadədədir. Həmin yoldan istifadə ilə bağlı qaydaların, eləcə də məhdudiyyətlərin müəyyən edilməsi yalnız müvafiq orqanlarının səlahiyyətinə aiddir. Cavabdehin yoldan istifadəyə mane olması qanunsuz olduğundan yolverilməzdir. Belə ki, bu qanunsuz hərəkətlər iddiaçının öz mülkiyyətində olan qeyriyaşayış sahəsindən istifadə hüququnu pozur.

22. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Göründüyü kimi qanun mülkiyyətçinin özünə məxsus əmlakdan sərbəst istifadəsini iki şərt daxilində məhdudlaşdırır: bunlardan biri əmlakdan istifadənin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması, digəri isə hüquqdan sui - istifadə etməsidir. Hazırkı işin hallarından tərəflər arasında hansısa qonşuluq münasibətinin olması yaxud cavabdehin və başqa şəxslərin mübahisəli əmlaka d air hər hansı hüququnun olması müəyyən edilməmişdir. Bu vəziyyətdə olmayan hüquqların pozulmasından söhbət gedə bilməz.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqdan sui-istifadə dedikdə qanun mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olmasını, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyini nəzərdə tutur İşin hallarından iddiaçı tərəfindən hüquqdan sui-istifadə hesab oluna biləcək hərəkətlərə (qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və s.) yol verildiyi müəyyən edilmir.

25. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının özünə məxsus əmlaka dair sərəncam ver mək, ondan istifadə etmək hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneçilik törədilir. Cavabdeh özü də bunu qəbul etməklə buna haqqı çatdığını iddia edir. Mülkiyyətçinin (iddiaçının) mülkiyyət hüquqlarının həyata keçirməsinə cavabdeh tərəfindən maneə törədildiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 152.6, 157, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.1, 76.1, 77.2 və 97.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat:

27. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

28. Apellya siya şikayətinin dəlilləri: - işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir; - Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçının anbarına olan və nəqliyyat vasitələrinin giriş-çıxışı üçün istifadə olunan darvaza iddiaçıya məxsus həmin qeyriyaşayış sahəsinin hüquq müəyyənedici sənədlərində nəzərdə tutulmamışdır; - cavabdeh tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi və ekspertizaya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin mütəxəssislərinin cəlb edilməsi barədə vəsatət verilsə də, Rayon Məhkəməsi vəsatəti əsassız olaraq təmin etməmişdir;

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 2(103)-5128/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddiaçı yuxarıda qeyd edilən əmlak kompleksinin mülkiyyətçisidir. Həmin əmlak kompleksi daxilində olan qeyri-yaşayış sahəsi avtomobilin təmiri sexi kimi fəaliyyət göstərir. İddiaçı özünə məxsus sexin fəaliyyət göstərməsi üçün obyektdən yola doğru qapı açmaq istəmişdir. Lakin iddiaçının iddia etdiyinə görə həmin qapı cavabdeh tərəfindən sökülərək daş hasar ilə hörülmüşdür. İddiaçı bu hərəkətlərin onun mülkiyyət hüquqlarını pozduğunu, cavabdeh isə həmin qapıdan istifadə olunmasının təhlükəli və qanunsuz olduğunu iddia etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152-ci maddəsinə istinadən hesab etmişdir ki, həmin hüquq normalarının mənasına görə qanunverici mülkiyyətçinin özünə məxsus əmlakdan sərbəst istifadəsini iki şərt daxilində məhdudlaşdırır: bunlardan biri əmlakdan istifadənin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması, digəri isə hüquqdan sui-istifadə etməsidir.

32. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Rayon Məhkəməsi sübutları yerində tədqiq etmək üçün mübahisəli ünvanda yerində müayinə keçirmiş, bu zaman müəyyən edilmişdir ki, tərəflərə məxsus qeyri-yaşayış sahələri bir-birinin qonşuluğunda yerləşmir. Belə ki, bu iki əmlakı bir-birindən avtomobil yolu ayırır. Hansı ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi onun qarşısından keçən həmin avtomobil yolundan kifayət qədər aralı məsafədə yerləşir.

33. Apellyasiya instansiyası məhkəməsi də vurğulamışdır ki, yerində müayinə zamanı müşahidə edilənlər əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə avtomobillərin giriş-çıxışının cavabdeh üçün təhlükə mənbəyi olmaması nəticəsinə bu barədə ekspert rəyi və ya mütəxəssisin iştirakı olmadan da gəlmək mümkün olmuşdur. Çünki yerində müayinə zamanı cavabdehin işlətdiyi sexin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə paralel olaraq, yolun qarşı tərəfində, 10-15 metr məsafədə yerləşdiyi, həmin əmlakları bir-birindən eni təxminən 14-15 metr olan şossenin ayırdığı, beləliklə də, mübahisəli qeyri-yaşayış sahəsindən açılacaq qapının istifadəsi zamanı cavabdeh üçün hər hansı təhlükə yaranmaması müəyyən edilmişdir.

34. Ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət belə olmuşdur ki, cavabdeh mübahisəli əmlakdan qapı açılmasının onun hansısa hüququnun pozulmasına səbəb olmasını əsaslandıra və sübuta yetirə bilməmişdir. Mübahisəli əmlakdan qapı açılmasının digər şəxslər üçün təhlükə yarada biləcəyi ilə bağlı cavabdehin dəlili də əsassız hesab edilməlidir. Çünki cavabdeh digər şəxslərin konkret kim olduğunu qeyd etməmiş və başqa şəxslərin mənafeyinin müdafiəsi üçün iddia qaldırmaq səlahiyyətinin olması iş materialları ilə müəyyən edilməmişdir. Cavabdehin nəzərdə tutduğu yol xüsusi mülkiyyətdə olmadığından, ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Həmin yoldan istifadə ilə bağlı qaydaların, eləcə də məhdudiyyətlərin müəyyən edilməsi yalnız müvafiq orqanların səlahiyyətinə aiddir. Cavabdehin ümumi istifad ədə olan yoldan istifadəyə mane olması üçün heç bir qanuni əsası yoxdur. Cavabdehin yol verdiyi bu qanunsuz hərəkətlər iddiaçının öz mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə hüququnu pozmaqdadır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:

35. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddiaçı anbarın qapısını əslində qapı kimi yox, giriş darvazası kimi nəqliyyat vasitələrinin giriş-çıxışı üçün istifadə etmək niyyətindədir. Həmin qapı eni 3 metr olmaqla, qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşir. Onunla iddiaçının obyektləri arasında yerləşən yol, həmin ərazidə olan əsas yollardan biridir və həmin yolda nəqliyyatın hərək əti intensivdir. Yoldan bilavasitə qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinə giriş ictimai təhlükəsizliyə uyğun deyil; - bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının obyektinə olan mübahisəli giriş qapısı daşınmaz əmlakın hüquq müəyyənedici sənədlərində nəzərdə tutulmamışdır; - məhkəmə mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı normalara istinad etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı iddia etdiyi anbarın qapısını əslində qapı kimi yox, giriş darvazası kimi nəqliyyat vasitələrinin giriş-çıxışı üçün istifadə etmək niyyətindədir. Bu da birbaşa cavabdehə məxsus qeyri-yaşayış sahəsi və ümumi yoldan istifadə üçün bilavasitə təhlükə mənbəyidir. Belə ki, həmin yol əsas yollardan biridir. Nəqliyyatın intensivliyi (yəni gediş-gəliş) böyükdür. İddia edilən kənar yoldan bilavasitə qeyr i-yaşayış sahəsinin 2-ci mərtəbəsinə girişi ictimai təhlükəsizliyə uyğun deyildir; - hazırki iş üzrə məhkəmələr Mülki Məcəllənin 152-ci maddəsini tətbiq edərək, belə bir qənaətə gəlmişdir ki, iddiaçı özünə məxsus əmlaka sərəncam vermək və ondan istifadə etmək hüququna malikdir. Mülkiyyət hüququ qanunla qorunduğundan cavabdeh tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır; - apellyasiya instansiyası məhkəməsi qanunla üzərinə qoyulmuş vəzifəsini icra etmiyərək işin halları üzrə səhv nəticəyə gəmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etirazda şikayətin əsassız olması göstər ilmiş və bu səbəbdən onun təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qa ydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

43. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan q aldırılması barədədir. İddiaçı tələbinin əsası kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən daşınmaz əmlak (ümumi sahəsi 2213.5 m2 olan əmlak kompleksi) üzərində mülkiyyət, həmin daşınmaz əmlakın yerləşdiyi, dövlət mülkiyyətində olan 0.4240 ha torpaq sahəsi üzərində isə icarə hüquqlarının xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmasına, həmin əmlakdan istifadəyə cavabdehin maneə törətməsinə istinad etmişdir.

44. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, qeyd edilən əmlak iddiaçının mülkiyyətində, əmlakın yerləşdiyi torpaq sahəsi isə icarədədir, cavabdehin də istifadəsində qəbir daşları hazırlayan sex var, tərəflərə məxsus qeyri-yaşayış sahələri bir-birinin qonşuluğunda yerləşmir. Hər iki əmlakı bir-birindən avtomobil yolu ayırır. İddiaç ıya məxsus qeyri-yaşayış sahəsi onun qarşısından keçən həmin avtomobil yolundan kifayət qədər aralı məsafədə yerləşir. Cavabdehin işlətdiyi sex iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinə paralel olaraq, yolun qarşı tərəfində, 10-15 metr məsafədə yerləşir. Həmçinin həmin əmlakları bir-birindən eni təxminən 14-15 metr olan şose ayırır. Mübahisəli qeyri-yaşayış sahəsindən açılacaq qapının istifadəsi zamanı cavabdeh üçün hər hansı təhlükə yaranması müəyyən edilmir.

45. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

46. Həmçinin cavabdehin mübahisəli əmlakdan q apı açılmasının digər şəxslər üçün təhlükə yarada biləcəyi ilə bağlı dəlilləri təsdiqini tapmamış, həmin dəlillərə tam qiymət verilmişdir.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – iddiaçının anbarın qapısını əslində qapı kimi yox, giriş darvazası kimi nəqliyyat vasitələrinin giriş-çıxışı üçün istifadə etmək niyyətində olması, həmin qapının eni 3 metr olmaqla, qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşməsi, onunla iddiaçının obyektləri arasında yerləşən yolun həmin ərazidə olan əsas yollardan biri olmaqla, həmin yolda nəqliyyatın hərəkətinin intensiv olması, yoldan bilavasitə qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinə girişin ictimai təhlükəsizliyə uyğun olmaması, məhkəmə mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı normalara istinad etməkdə haqlı olmaması – əsassız sayır. Əvvəla həmin dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin də dəlilləri olmuş, iddiaya etirazın dəlillərinə birinci instansiya məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə də apellyasiya instansiyası məhkəməsi tam qiymət verib.

48. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması barədədir. Mülki Məcəllənin hazırki işə tətbiq edilən 157.4-cü maddəsi də məhz mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması ilə bağlı məsəlləri nizama salır.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5128/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar