Məhkəmə qərarları › İş №2(102)-6862/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6862/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6862/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7568/2019 nömrəli iş üzrə 12 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim İlkin Əliyev) 2(001)-3089/2019 saylı 01 mart 2019-cu il tarixli qətnaməsi i lə iddia qismən təmin edilərək Cavabdeh1 İddiaçı xeyrinə 4000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4000 ABŞ dolları borcun Cavabdeh1, 500 ABŞ dolları borcun Cavabdeh2 alınaraq o na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 ilə rəsmi nikahdadır. Cavabdeh1 isə qayınanasıdır. Cavabdeh2 anasına bankda olan borcunu bağlamaq üçün pul lazım olduğunu bildirmiş, iddiaçı 2015-ci ildə arvadına 4500 ABŞ dolları pul vermişdir ki, anasına versin. Cavabdeh1 borcunu qaytarmasını dedikdə, o bildirmişdir ki, pulu olanda qaytaracaq, daha sonra təkrar pulu istədikdə bildirmişdir ki, ona 4000 ABŞ dolları verilmişdir. Aralarında olan borc münasibətlərini rəsmiləşdirmək üçün 6 saylı notariat kontorunda 12.05.2017-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən Cavabdeh1 ona iddiaçı tərəfindən 4000 ABŞ dolları borc verilməsini etiraf etmiş, borcunu 12.05.2018-ci il tarixədək qaytaracağını göstərmiş, lakin bugünədək borcunu qaytarmamışdır. Buna görə də iddiaçı Cavabdeh1 4000 ABŞ dolları, Cavabdeh2 isə 500 ABŞ dolları pulunun qaytarılmasını tələb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı tərəfindən 4000 ABŞ dolları məbləğində pul vəsaiti ona hədiyyə şəklində verilmişdir. İddiaçı onun keçmiş kürəkənidir. 2012-ci ildə qızı Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Lakin sonradan o, qızına qarşı şərləmə, qarayaxma işlərinə başlamışdır. Qızını birgə nikahlarından olan övladlarına münasibətdə valideynlik hüququndan məhrum etmək istəyimişdir. 2015-ci ildə münasibətləri yaxşı olan vaxtda 4000 ABŞ dolları məbləğində pulu iddiaçı ona hədiyyə vermişdir. Lakin 12 may 2017-ci il tarixdə hədə-qorxu gələrək onu notariusa apararaq müqavilə imzalamağa məcbur etmişdir. O, müqavilənin məzmununu oxumamış, kürəkəni ondan əl çəkməsi üçün müqaviləni imzalamışdır. Hesab edir ki, iddiaçıya heç bir məbləğ qaytarmalı deyil. Tərəflərin izahatları: Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıl masına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı Cavabdeh2 ilə rəsmi nikahdadır. Cavabdeh1 isə iddiaçının qayınanasıdır. 6 saylı notariat kontorunda təsd iq edilmiş 12.05.2017-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən Cavabdeh1 ona iddiaçı tərəfindən 4000 ABŞ dolları borc verilməsini etiraf etmiş, borcunu 12.05.2018-ci il tarixədək qaytaracağını bildirmişdir. Lakin bugünədək borcunu qaytarmamışdır. İddiaçı Cavabdeh1 4000 ABŞ dolları borc verdiyi pulun qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 qarşı təmin edilməsi qəraətinə gəlmişdir. İddia tələbinin rədd edilən hissəsi, yəni Cavabdeh2 500 ABŞ dolları pulunun qaytarılmasının rədd edilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nət icəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanır (740.2). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir (882.5). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkə tlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və lazımi yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1). Apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “4000 ABŞ dolları məbləğində pul vəsaiti ona hədiyyə şəklində verilmişdir” barədə dəlillərinə münasibətdə məhkəmə hesab etmişdir ki, iş materiallarında olan (i.v. 9) 12.05.2017-ci il tarixli borcun etirafı müqaviləsindən görün ür ki, Cavabdeh1 İddiaçı 4000 ABŞ dolları borc aldığını etiraf etmiş və borcu 12.05.2018-ci il tarixədək hissə-hissə qaytaracağını öhdəsinə götürməsinə götürmüşdür. Həmin müqavilə Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Eyni zamanda Cavabdeh1 iddiaçı tərəfindən borcun hədiyyə məqsədilə verilməsini təsdiq edən hər hansı sübutu da nə birinci instansiya, nə də apellyasiya instansiyasına təqdim edilməmişdir. Həmçinin cavabdeh həmin müqavilənin hədə-qorxu altında bağlanmasına dair də hər hansı bir sübut təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7568/2019 nömrəli iş üzrə 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar