Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-693/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işçinin vurduğu ziyana görə maddi məsuliyyət, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 629/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ndən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı və ya MMC) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla, cavabdeh 12 sentyabr 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, 11 noyabr 2017-ci il tarixdə baş satıcı, 07 iyun 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, həmçinin, iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh 27 sentyabr 2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlakına (ticarət mal və maddi ehtiyatlar) vurulmuş ziyana görə 25.520 manat və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iş yerində iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, 07 avqust 2019-cu il tarixdə Oba-Nərimanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin MMC-yə zərər vurması müəyyən edilmişdir. 22 aprel 2019-cu il və 07 avqust 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən cavabdehin iddiaçıya vurduğu ziyan 25.520 manat məbləğindədir. Cavabdehə bununla bağlı dəfələrlə müraciət edilsə də, cavabdeh heç bir ödəniş həyata keçirməmişdir. Cavabde hin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, yaranmış ziyan məbləği malların qiymətinin kəskin artması ilə əlaqədardır. Cavabdeh hər zaman işində məsuliyyətli olmuş və iddiaçıya hər hansı ziyan vurmamışdır. 25.520 manat pulun çatışmazlığında cavabdehin heç bir təqsiri yoxdur. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)1027/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) iddia təmin olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh MMC-də administrator vəzifəsinə təyin edilərək üzərinə tam maddi məsuliyyət barədə öhdəlik götürmüş, cavabdehin administrator işlədiyi müddətdə isə müəssisədə 25.520 manat çatışmazlıq müəyyən edilmişdir. Odur ki, cavabdeh iddiaçıya vurmuş olduğu 25.520 manat miqdar ında zərəri ödəmədiyindən, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 191.1, 194.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Müəssisədə kameralar vasitəsilə hər yer izlənilmiş, nəzarətdə saxlanılmışdır. Həmçinin tez-tez yoxlamalar aparılmış, əskik aşkar edilməmişdir. Yaranmış ziyan məbləği malların qiymətinin kəskin artması ilə əlaqədardır. Cavabdeh hər zaman işində məsuliyyətli olmuş və iddiaçıya hər hansı ziyan vurmamışdır. 25.520 manat pulun çatışmazlığında cavabdehin heç bir təqsiri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh işə götürülən zaman əmək müqaviləsi ilə yanaşı, tam maddi məsuliyyət müqaviləsi də rəsmiləşdirilmiş və həmin müqavilədən irəli gələn tələblər üzrə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə tələblərinə riayət etməmiş, şirkətə xeyli məbləğdə ziyan vurmuşdur. Akt tərtib olunan zaman cavabd eh dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmiş, bununla bağlı ayrıca akt tərtib olunmuşdur. Cavabdeh haqq-hesab cədvəli ilə tanışlığı barədə izahat da yazmışdır. Apellyasiya icraatı zamanı əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 9/3395 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt"larda mallarin inventarizasiyasında olan məlumatların və tərtib olunmuş maliyyə arayışı məlumatlarının düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda cavabdehin 29.05.2018-ci il tarixdən 07.08.2019-cu il tarixədək olan dövrdə MMC-yə olan çatışmazlığı 25.520.11 manat məbləğində müəyyən edilir. Rəyin təsviri hissəsində isə ekspert belə qənaətə gəlmişdir ki, iş materiallarında olan "Aktivlər üzrə inventarizasiya nəticəl ərinə dair yekun Akt"lar Mallarin inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin iş materiallarında Mallarin inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-629/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehdən 200 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər iş materialları ilə öz təsdiqini tapmamışdır. Şikayətin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh MMC-də administrator vəzifəsinə təyin edilərək tam maddi məsuliyyət barədə üzərinə öhdəlik götürmüş, cavabdehin administrator işlədiyi müddətdə isə müəssisədə 25.520 manat çatışmazlıq müəyyən edilmişdir. Təklif olunmasına baxmayaraq, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş sübutları təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdi r. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətdə qeyd etmişdir ki, onun məsuliyyətsizliyi ilə bağlı qarşı tərəfə zərər vurulması və işlədiyi müddətdə zərərin artmasına şərait yaradılması barədə Akt qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır, bu hal ekspert rəyində də öz əksini tapmışdır. Malların inventarizasıyası zamanı akt tərtib edilməmişdir. Məhkəmə isə ekspert rəyində göstərilənlərə düzgün hüquqi qiymət vermədən rəyi iddianın təsdiqi kimi qəbul etmişdir. Həmin ekspert rəyinin nəticə hissəsində "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt"larda mallarin inventarizasiyasında olan məlumatların və tərtib olunmuş maliyyə arayışı məlumatlarının düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda” qeyd olunmaqla həmin halların sübut edilməli olduğu bildirilmiş və düzgünlüyü şübhə altına alınmışdır. Məhkəmə iddianin təmin olunması qənaətinə gələrkən ekspert rəyində göstərilən hissəni araşdırmamış va bunun üstündən sükutla keçmişdir. İşlədiyi müddətdə mal-məhsulları təhvil alanda və təslim edəndə heç bir qaimə və ya təhvil-təslim aktı yazılmayıb, həmin malların sayı və çeşidi şirkət rəhbərliyinin görə biləcəyi kompüter sistemlərində elektron f ormada aparılıb. İşlədiyi dövrdə cəmi 3-4 dəfə şirkətin əməkdaşları tərəfindən yoxlamalar aparılmış, keçən müddətdə onun hesabında çatışmazlıq aşkar olunmamış və bu barədə hər hansı akt tərtib edilməmişdir. İşlədiyi dövrdə iddiaçıya heç bir maddi ziyan vurmamış və bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə isə Mülki Məcəllənin 21.3, 1096.1, 1097.1-ci maddələrini, MPM-in 14.2, 76.2, 77.1, 217.3-cü maddələrini pozmuş, onun ziyan vurması barədə mötəbər sübutlar təqdim olunmamasına baxmayaraq iddianı təmin etmişdir. İşlədiyi obyektdə iş fəaliyyəti daim videokamera ilə izlənilib. Təbii ki, orada o və ya digər əməkdaş, yaxud da müştəri hər hansı mal-məhsulu özbaşına götürsəydi, bu görüntülər kameranın yaddaşında qalardı. Bu barədə apellyasiya şikayətində qeyd etsə də, videokameranın yaddaşında olan görüntülərə baxış keçirilməsini işə baxan məhkəmədən xahiş etsə də, məhkəmə gətirilən mal-məhsulların təhvil-təslim aktı və ya qaimə ilə qəbul olunmaması kimi halları və faktları araşdırmamiş, videoçəkilişə baxış keçirməmiş, bu hallara hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə
191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yar anır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə
192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə
199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə ve rilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə
200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə
203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə
206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (madd ə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (maddə 103.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin imzalamadığı iki inventarizasiya aktına istinad edərək, cavabdehdən maddi zərərə görə 25520 manat pulun tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir və iddiaçıya zərərin vurulmasına hər hansı təqsirinin olmadığını bildirir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərə kəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edi lməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Lakin işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri əmək qanunvericiliyinin sadalanan normalarını mübahisəyə tətbi q etməmiş, işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmadığı barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmamış iki inventarizasiya aktı əsasında belə qənaətə gəlmişlər ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Halbuki Əmək Məcəlləsinin 191-ci maddəsi yalnız işəgötürənin zərərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur. Eyni zamanda, apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmişdir. Bu nunla bağlı verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt"lar Mallarin inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir və iş materiallarında həmin qaydaların tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. Ekspert belə nəticəyə gəlmişdir ki, “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt"larda mallarin inventarizasiyasında olan məlumatların və tərtib olunmuş maliyyə arayışı məlumatlarının düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda cavabdehin 29.05.2018-ci il tarixdən 07.08.2019-cu il tarixədək olan dövrdə MMC-yə olan çatışmazlığı 25.520.11 manat məbləğində müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin “cavabdehin 29.05.2018-ci il tarixdən 07. 08.2019-cu il tarixədək olan dövrdə MMC-yə olan çatışmazlığının 25.520.11 manat məbləğində müəyyən edil”məsi hissəsinə istinadla həmin rəyi cavabdehin iddiaçı qarşısında tələb olunan məbləğdə borcunun yarandığını təsdiq edən mötəbər sübut kimi qəbul etmişdir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları ve rmişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər varsa, MPM-in 175.1-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin bir hissəsini iş üzrə nəticəyə gəlmək üçün sübut kimi qəbul etsə də, iddiaçının təqdim etdiyi sübutların həmin rəyin verilməsi üçün yetərli (mötəbər) olub-olmadığı barədə ekspertin gəldiyi qənaəti, habelə ekspertin gəldiyi yekun nəticənin iddiaçının təqdim etdiyi məlumatların düzgünlüyü müəyyən edildiyi şərtinə bağlı olduğunu nəzərə almamışdır. Məhkəmə bununla bağlı tərəflərlə hər hansı müzakirə aparmamış, ümumiyyətlə ekspert rə yini məhkəmə iclasında tədqiq etməmiş, işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-629/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni ape llyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.