Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6987/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti, borcu etiraf edən hərəkət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dai r Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4627/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) ilə Cavabdeh (bundan sonra – borcalan və ya cavabdeh) arasında bağlanmış 12.02.2015-ci il tarixli YA-427/15 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 24% ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cav abdehdən 4.151,15 manat əsas borc, 117,65 manat faiz borcu, 2.984,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 940,76 manat, cəmi 8.194,16 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə Banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun Banka qaytarılması təmin edilməmişdir. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışında borcalanın Banka 14.08.2020-ci il tarixə 4.151,15 manat əsas borc, 117,65 manat faiz borcu, 2.984,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 940,76 manat borc, cəmi 8.194,16 manat borcunun olması göstərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-224/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, 4.151,15 manat əsas borc, 117,65 manat faiz borcu, 100 manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 940,76 manat, cəmi 5.309,56 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən Bankın xey rinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə Bankdan 5.000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair Bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Ona görə də tələb olunan əsas, faiz borcu, habelə gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ cavabdehdən Bankın xeyrinə tutulmalıdır. Bununla belə, məhkəmə tələb olunan cəriməni əsas tələbə nisbətdə tənasübsüz yüksək hesab etmiş və cəriməni 100 manatadək azaltmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 4 42, 445, 445.7, 448.1, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4627/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şik ayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsində təqdim etdiyi ərizəyə münasibətdə qeyd etmişdir ki, həmin ərizə təmin edilməməlidir. Belə ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada onun yaşadığı və rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilərək çatdırılmışdır. Digər tərəfdən o, 08.10.2018-ci il tarixdə hazırkı kredit borcu üzrə 50 manat ödəniş etmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin lə ğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclasları barədə məlumatı olmamışdır, o, yalnız icra mərhələsində qətnamədən xəbər tutmuşdur. İddiaçının təqdim etdiyi 08.10.2018-ci il tarixli, kredit borcu üzrə 50 manat ödəniş olunması barədə ödəniş qəbzindəki imza cavabdehə məxsus deyildir. İş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət əsassız olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. İddia müddəti Bank tərəfindən ötürüldüyündən iddia ərizəsi rədd edilməlidir. Kredit müqaviləsinin icra müddətinin sonuncu günü 12.02.2016-cı il tarix müəyyən olunmuşdur. İddia ərizəsi isə 15.03.2019-cu il tarixdə imzalanmışdır. Kassasiya şikayətinə görə, məhkəmə ma ddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətin əsası kimi, MPM-in 8.1, 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 217.3, 218.1-ci, Mülki Məcəllənin 372.2, 373.2, 375.2, 377.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Bankın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə Bankın nümayəndəsi nin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassa siya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləs i adlandırılır (maddə 739). MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiya) Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizənin rədd olunmasını cavabdehin iddia müddəti keçmədən borcu etiraf edən hərəkət etməsi – kredit müqaviləsi üzrə ödəniş etməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddia müddətinin ötürüldüyü barədə ərizə apellyasiya baxışı zamanı təqdim edildiyi üçün iddiaçının apellyasiya baxışı zamanı cavabdehin borcu etiraf edən hərəkət etməsini təsdiq edə sübut təqdim etməsi MPM-in 372.2-ci maddəsi baxımından yolverilən olmuşdur. Eyni zamanda həmin ödəniş qəbzinin təqdim edildiyi apellyasiya baxışı iclasında cavabdehin vəkil iştirak etmiş, məbləğin cava bdeh tərəfindən ödənilmədiyi barədə etiraz, yaxud imzanın cavabdehə məxsus olun-olmadığı barədə ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Cavabdeh tərəfindən məhkəmə iclas protokollarına da qeyd verilməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutu mötəbər sübut kimi qəbul edərək işdə olan digər sübutlarla birlikdə qiymətləndirməkdə haqlı olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizəni ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyi barədə dəlilinə ayrıca münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4627/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6987/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6987/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver