Məhkəmə qərarları › İş №2(102)-7258/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7258/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7258/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-104/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Tərəflər arasında borcun qaytarılması ilə əlaqədar mübahisə yaranmış və 2019-cu ilin sonlarında İddiaçı şikayətlə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Polis şöbəsinə ərizə ilə müraciət edərək 2018-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayına qədər müxtəlif vaxtlarda Cavabdeh 109.000 manat məbləğində borc verməsini, sonuncunun həmin məbləğdən 57.150 manatını qaytarsa da qalan 51.850 manatı qaytarmamasını əsas göstərməklə qalan pul məbləğinin Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Polis Şöbəsi təhqiqatçısının 12 dekabr 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncuya müxtəlif vaxtlarda cəmi 1 09.000 manat məbləğində borc verməsini, lakin onun həmin məbləğdən 51.850 manatı ona qaytarmamasını əsas göstərməklə həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-15/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: G.X.Səfərəliyeva) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-104/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.M.Xıdırov (sədrlik edən və məruzəçi), F.M.Abbasov və S.M.Qarayev) apellyasiya şikayəti təmin edilərək Naxçıva n Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-15/2021 saylı qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10. 8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı Cavabdeh 109.000 manat məbləğində borc verməsini, lakin sonuncunun həmin məbləğin 51.850 manat məbləğində hissəsini ona qaytarmamasını iddia edərək göstərilən məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında borc münasibətinin olmasını etiraf etsə də, hazırda ona hər hansı məbləğdə borcunun qalmasını inkar etmişdir. Azərbaycan Respublikası M PM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh ona tələb etdiyi məbləğdə borcunun olması barədə heç bir yazılı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən olunmuşdur ki, tərəflər arasında notariatda təsdiq edilmiş borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi işin göstərilən hallarına və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsaslanaraq iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (108)-104/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar