Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7295/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli 2(103)9940/2019 saylı qətnaməsindən Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.E.Rəhimov, iş № 2(009)-4122/2017) iddiaçı “xxxx” ASC- nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 bankın xeyrinə cəmi 19.243,13 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, tutmanın Cavabdeh1 məxsus fərdi yaşayış evinin 1/8 hissəsinə yönəldilməsi, evin 1/8 hissəsinin ilkin satış qiymətinin 32.000 manat müəyyən olunması, evin satışından əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və E.Y.Şamayev) bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 21 may 2015-ci il tarixdə bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik istifadə dərəcəsi 22 faiz olmaqla 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi yaşayış evinin ona məxsus olan 1/8 hissəsi ipoteka ilə yüklü edilmişdir. 2017-ci ilin avqust ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca icra etməməsi səbəbindən Cavabdeh1 12 iyun 2017-ci il tarixədək banka cəmi 20.043,13 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borcludan tu tulması və tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmeti olan evin 1/8 hissəsinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, cavabdehlərin ev satıldıqdan 1 ay sonra evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1 -ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. İş materiallarından görünür ki, tərəflər kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin müəyyən olunmuşdur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca təmin etməmiş, götürdüyü krediti ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada banka qaytarmamışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya laz ımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra olunmaması üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Kollegiyası tərəfindən müəyyən olunmuşdır ki, öhdəliyini lazımınca icra etməməsi səbəbindən Cavabdeh1 banka əsas kredit, faiz və cəriməyə görə 19.243,13 ABŞ dolları məbləğində borcu yaranmışdır. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 bankla ipoteka müqaviləsi bağlamaqla öhdəliyin icra edilməməsi halı üçün tutmanın ipo teka predmetinə yönəldilməsi barədə üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İşin göstərilən halları kredit borcunun, faizlərin və cərimələrin cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmış və cavabdehdən tutulması qət edilən borcun məbləği düzgün müəyyən olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7295/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7295/2019
27.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver