Məhkəmə qərarları › İş №2(102)-73/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-73/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-73/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi üzrə öhdəliklər, mirası qəbul etmiş vərəsələrin öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-712/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə X8 qardaş olmuşlar. İddiaçı Rusiya Federasiyasında yaşayır və işləyir.

2. Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) X3 arvadı və qızıdır. Sonuncu 03 iyun 2019-cu il tarixdə vəfat etmişdir.

3. İddiaçı Rusiya Federasiyasından X3 adına Azərbaycan Respublikasına xx.xx.2014-xx.xx.2018-ci il tarixlərində hissə-hissə olmaqla, ümumilikdə 12467.67 manat pul göndərmişdir.

4. X3 mülkiyyətində olmuş Yevlax rayonu, Ağqıraq və Balçılı kəndlərində yerləşən torpaq sahələri, o cümlədən 10.4069 ha olan torpaq sahəsi və 2004-cü il buraxılışlı “Nissan X-Trail” minik markalı, **-ET-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi vərəsəlik hüququ ilə cavab dehlərin mülkiyyətinə keçmişdir.

5. Hazırkı iş üzrə cavabdehlərin X4, X5 və X1 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və əmlak tələbinə dair iddia ərizəsi 02 sentyabr 2022-ci il tarixli qərardadla Yevlax Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 manat məbləğində pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia onunla əsaslandırılmışdır ki, əcnəbi olduğu üçün Azərbaycan Respublikasında öz adına torpaq sahəsi ala bilmədiyindən müxtəlif dövrlərdə mərhum qardaşına pul göndərmiş, son ucu isə öz adına rəsmiləşdirməklə torpaq sahələri almışdır. Torpaq almaqda məqsədi müəyyən dövrdə sonra Azərbaycana qayıdıb, təsərrüfat yaratmaq olmuşdur. Qardaşının sağlığında bununla bağlı heç bir mübahisə olmasa da, onun ölümündən sonra cavabdehlər vərəsəlik qaydasında torpaq sahələrini öz mülkiyyətlərinə keçirmiş, onun mərhum qardaşının digər ailə üzvlərinə qarşı torpaqdan çıxarmaq barədə iddia qaldırmışlar. Bundan sonra ona məlum olmuşdur ki, cavabdehlərin torpağı onun adına keçirmək və ya pulunu ödəmək fikirləri yoxdur.

16. Cavabdehlər məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.

17. Cavabdehlərin nümayəndəsi izahatında iddiaçının göndərdiyi pulların iddiaçıya məxsus evin tikilməsi üçün sərf olunduğunu, ona görə iddianın əsassız olduğunu, habelə iddia müddəti keçdiyindən iddianın rədd olunmasını xahiş etmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının qardaşı oğlu, Cavabdeh1 oğlu və Cavabdeh2 qardaşı X9 bildirmişdir ki, atası 10.5 ha torpaq sahəsini əmisinin göndərdiyi pulla əmisi üçün almışdır.

19. Digər şahid, iddiaçının qardası X10 oxşar məzmunlu ifadə vermişdir.

20. İşə baxılarkən "xxxx" MMC tərəfindən təqdim edilmiş 15 mart 2023-cü il tarixli məktub əsasında müəyyən edilmişdir ki, Yevlax rayonu, Balçılı kəndi ərazisində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiyməti 6500-7000 manat, Ağqıraq kəndi ərazisində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiyməti 5000-5500 manat təşkil edir.

21. Yevlax Rayon Məhkəm əsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-124/2023 nömrəli, 14 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakim X7), iddia qismən təmin edilmiş və cavabdehlərdən 12467.67 manat pul və 127.40 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər tələb olunan pulların iddiaçıya məxsus evin tikilməsi üçün sərf oluduğunu bildirsələr də, buna dair məhkəməyə sübut təqdim etməmişlər. Həmçinin iddiaçı torpaq sahələrini cavabdehlərin ona qaytarmayacaqlarını sonuncular məhkəməyə müraciət etdikdən sonra, yəni 02 sentyabr 2022-ci il tarixdə bildiyindən iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçı hüququnun pozulmasını 2022-ci ildə bilmiş, yəni onun cav abdehdən pul tələb etmək hüququ həmin dövrdə yaranmışdır. Bundan başqa iddiaçı cavabdehlərdən 18000 manat pulun tutulmasını xahiş etsə də, məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı X6 cəmi 12467.67 manat pul göndərmişdir. Ona görə də iddia qismən təmin edilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 372.2, 373.1, 373.3, 374.1, 374.2, 375.1, 375.2, 377.1, 425.1, 427.2, 777.1, 777.2, 1133.1, 1133.3, 1134.1, 1243.2, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli və 03 iyun 2013-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-712/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), G.Cavadova, M.Əsədli), apellyasiya şikayəti qismən təmin edilmiş və qətnamə qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh1 və Cavabdeh2 161,05 (bir yüz altmış bir manat 05 qəpik) manatın alınıb İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və iddia tələbi “Cavabdeh1 və Cavabdeh2 161,05 (bir yüz altmış bir man at 05 qəpik) manatın alınıb İddiaçı ödənilməsi” hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2014-2018-ci illər ərzində X6 Rusiya Federasiyasından pul vəsaitləri göndərmişdir. İddiaçıya məxsus bu pul vəsaitləri torpaq sahələrinin alınması, torpaq sahələrinin icarə haqqının ödənilməsi, fermanın tikilməsi və rəsmiləşdirilmə, vergilər və tikinti ilə bağlı digər xərclərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Bu obyektlərin İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmadığına görə İddiaçı ilə X8 arasındakı razılığa əsasən yuxarıda göstərilən daşınmaz əmlak obyektləri sonuncunun adına rəsmiləşdirilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismin də dindirilən X9 ifadəsində göstərmişdir ki, torpaqların alınması üçün pulu atasına əmisi olan iddiaçı göndərmişdir. Torpaq 10.5 ha olmuş və başqa kənddən alınmışdır. Torpaqların qiymətini əmisi sahibləri ilə razılaşmışdır. Torpaqlar atasının adına alınsa da, əmisi Azərbaycana qayıdanda ona qaytarılmalı idi. Həmin vaxta kimi də torpaqları atası istifadə edəcəkdi. Göründüyü kimi iddiaçı ilə X8 arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanmış, mərhum X8 iddiaçının pul vəsaitləri hesabına torpaq sahələri almışdır. Lakin sonuncu vəfat etdiyindən, tapşırığın icrası öhdəliyi ondan mirası qəbul etmiş vərəsələri olan iş üzrə cavabdehlərə keçmişdir. X8 vəfat etdikdən sonra onun vərəsələri olan cavabdehlər mirası qəbul etmişlər.

27. Məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəl illəri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir. Belə ki, baxılan iş üzrə iddianın qanuni əsası kimi Mülki Məcəlləsinin tapşırıq müqaviləsi və tapşırığın qəsdən kifayət qədər vicdanla icra edilməməsi nəticəsində vurulmuş zərərlə bağlı normalar əsas götürülməlidir. Birinci instansiya məhkəməsi də Mülki Məcəllənin həmin normalarına istinad etmiş, mübahisənin maddi və prosessual hüquqi əsasların düzgün müəyyən etmiş, işin faktiki hallarını araşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin sübutların tam araşdırılmaması barədə dəlili ilə qismən razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələb edilən 12467.67 manat pu l vəsaitindən 161,05 manatın da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasında səhv nəticəyə gəlmişdir. İddiaçı həmin məbləği X6 göndərdiyini sübut edə bilməmişdir.

29. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, X3 mirasını qəbul etmiş cavabdehlər iddiaçı ilə X8 arasında bağlanmış şifahi tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini davam etdirmək vəzifəsini daşıyırlar. Lakin cavabdehlərin torpaq sahələrini vərəsəlik qaydasında adlarına sənədləşdirmələrindən sonra tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini davam etdirmə qayğısına qalmamaları, tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməmələri iddiaçıya zərər vurulması ilə nəticələnmişdir.

30. İşdə olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarında cavabdeh tərəfin vəkilinin izahatı i lə məhkəmə qətnaməsində olan izahatı eynilik təşkil edir, işdə iştirak edən şəxslər məhkəmə iclas protokoluna qeydlər verməmişlər.

31. Məhkəmə apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının hüququnun pozulduğunu baxılan iş üzrə cavabdehlər X9, X10 və X2 qarşı torpaq sahəsindən çıxarması və əmlak tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etdikdən sonra bilmiş, qeyd olunan mülki işlə bağlı məhkəmə bildirişi həmin iş üzrə cavabdehlərə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. İş üzrə iddiaçının öz hüquqlarının 2 sentyabr 2022-ci il tarixdən əvvəl pozulmasını bilməsi və yaxud da bilməli olması, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı iddia müddətinin ötürülməsi halları müəyyən edilməmişdir.

32. Məhkəmə apellyasiya şikayətini n iddiaçının göndərdiyi pulla onun üçün yaşayış evi (villa) tikilməsi, həmin pulların onun evinə xərclənməsi, torpaqların alınma tarixlərinin araşdırılmaması, alqı-satqıya dair müqavilələrin istənilməməsi, alınmış torpaqların dəyərinin ödənilmə mexanizminin müəyyən edilməməsinə dair dəlillərini də əsassız hesab etmiş və qeyd etmişdir ki, X6 pul vəsaitinin köçürülməsi/göndərilməsi bank sənədləri ilə, torpaqların alınması üçün pulu atasına iddiaçı olan əmisi tərəfindən göndərməsi şahid Mirzə Hüseynovun ifadəsi ilə təsdiq edilmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinə həmin halları təkzib edəcək hər hansı sübutlar (dəlillər) təqdim etməmişlər.

33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəlləsinin 21.1, 21.2, 372.1, 373.1, 375.2, 386.1, 777.1, 777.2, 778.1, 779.1, 786. 1, 786.2, 786.3, 1096.1, 1097.1, 1133.1, 1151.1, 1159.1.1, 1306.1-ci maddələrinə, MPM-in 77.1, 76.1, 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər.

35. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına istinadla əsaslandırılmışdır. Qətnamə qəbul olunarkən həm maddi, həm də prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayətini təmin edilməməlidir. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnamalik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtləki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 3 72.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

40. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

41. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

42. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

43. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelə rini müdafiə etməlidir

44. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

45. Maddə 786.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa və ya tapşırığın xarakterindən ayrı şərt irəli gəlmirsə, vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq müqaviləsinə xitam verilir.

46. Maddə 786.3. Əgər tapşırıq müqaviləsinin qüvvəsinə bu Məcəllənin 786.2-ci maddəsinə əsasən xitam verilməsi nəticəsində və ya vəkalət verənin təqsiri olmadan müqavilənin vəkalət alan tərəfindən ləğv edilməsi nəticəsində vəkalət verənin mənafelərinin müdafiəsi təhlükəyə məruz qalarsa, vəkalət alan, onun vərəsəsi və ya onun nümayəndəsi vəkalət verənin, onun vərəsəsinin və ya onun nümayəndəsinin tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini davam etdirməyə qadir olmasınadək bu münasibətlərin davam etməsi qayğısına qalmalıdırlar.

47. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllə

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı icraa t üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehlərin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-712/2023 nömrəli, 25 iyul 2023-cü il t arixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar