Məhkəmə qərarları › İş №2(102)-7335/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7335/2019

05.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7335/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(063)391/2019, hakim H.İ.Xəlilov) İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiası r ədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2367/2018, hakimlər İ.H.Şükürov, M.M.Hüseynov, R.Ə.Əliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-1702/2019, hakimlər Ə.Ə.Əliyev, A.K.Kalbalıyev, V.Ə.İbayev) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2367/2018, hakimlər E.Ş.Hüseynov, A.A.Mahmudov, V.İ.Məlikov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 07 mart 2013-cü ildə notarial qaydada təsdiqlənməklə bağlanmış borc müqaviləsinə görə İddiaçı 150.000 manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin məbləği 05 may 2013-cü il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. 23 iyun 2017-ci il tarixdə İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 146900 manat borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasi ya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə video diskə baxış keçirərək sübut kimi qəbul etmədiyini göstərsə də, sübut kimi qəbul etmiş, onun tərəfindən dəvət edilmiş 3 nəfər şahidin ifadəsinin qeyri-mötəbər sübut olması qənaətinə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 07 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş öhdəliklər üzrə son icra müddəti 05 may 2013-cü il tarixi müəyyən olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə 23 iyun 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasənbaşqa şəxsdən hər hansı hərəkəti yerinə yetir məyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsində deyilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013cü il tarixli qərarında da göstərmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin iş üzrə kassasiya instansiya məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instans iyası məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etsə də, iddiaçı verdiyi apellyasiya şikayətində cavabdehin ona 150.000 manatdan 3.100 manat qaytardığını, bu pulun 100 manatının o həbsdə olduğu vaxt cavabdeh tərəfindən qızına verildiyini göstərsə də, bununla bağlı hər hansı bir araşdırma aparmadan iddia müddətinin başlandığı günü müəyyən etmişdir. Halbuki, Mülki Məcəllənin 380-ci maddəsinin tələblərinə görə iddiaçının irəli sürdüyü həmin dəlilləri araşdırmadan iddia müddətinin axımının başlandığı günü müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin gö stərişlərinə riayət edilərək iddiaçının irəli sürdüyü həmin dəlillər araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 3.100 manat məbləğində pulun iddiaçıya qaytarılması sübut edilməmişdir. Bu halda, cavabdeh tərəfindən borcun bir hissəsinin qaytarıldığı barədə iddiaçının dəlilləri təsdiq edilmədiyi üçün iddia müddətinin axımı 05 may 2013-cü ildən başlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin tələblərinə görə iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar