Məhkəmə qərarları › İş №2(102)-753/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-753/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-753/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(106)-1342/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Həmin qətnaməyə əsasən, İddiaçı Cavabdeh qarşı 7000 manat məbləğində borc pulun, mənəvi zərərə görə 1000 manat komp ensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair iş üzrə cavabdehdən iddiaçının xeyrinə alınmalı məbləğ 4000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunan maddədə kassasiya şikayətinin mümkünlüyünün iddianın qiyməti ilə məhdudlaşdırılması yalnız əmlak xarakterli iddialar üzrə qətnamələrə aid olduğundan, həmin normanın məhdudlaşdırıcı şərtləri bir qayda olaraq qeyri-əmlak xarakterli iddialar (o cümlədən, vurulmuş mənəvi ziyana görə pul tələbləri) üzrə qətnamələrə şamil olunmur. Buna görə də, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən yalnız əmlak xarakterli iddianın qiyməti nəzərə alınmalıdır. Eyni zamanda, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda tələblərdən biri (yaxud bir neçəsi) qiymətləndirilməyən, digəri (yaxud digərləri) isə qiymətləndirilən olduğu, lakin onların həlli biri-birindən asılı olmadığı hallarda, qətnamənin qiymətləndirilən iddia tələbi ilə bağlı hissəsindən verilən kassasiya şikayətinin mümkünlüyünə dair məsələ müstəqil həll edilməlidir. Lakin əmlak xarakterli tələblərlə yanaşı irəli sürülən mənəvi ziyanın ödənilməsi barədə tələb (qeyri-əmlak xarakterli tələb) müstəqil əsaslarla deyil, məhz əmlak xarakterli tələblə əlaqədar irəli sürülərsə və (və ya) mənəvi zərər tələbinin təmin olunması əmlak xarakterli əsas tələbin təmin edilməsindən asılı olarsa, onda mübahisələndirilən hissədə iddianın qiyməti mənəvi ziyana görə tələb olunan pulun məbləği nəzərə alınmadan əmlak xarakterli tələb əsasında müəyyən edilməlidir. Baxılan iş üzrə iddiaçının mənəvi zərər tələbi əmlak xarakterli tələbdən irəli gəldiyi və iddiaçının maddi itkilərə məruz qalması ilə üzvi bağlı olduğundan mübahisələndirilən hissədə iddianın qiyməti əmlak xarakterli tələb (borc tələbi) əsasında müəyyən edilməlidir. Beləliklə, iddiaçının borc tələbinin təmin olunmaması üzrə mübahisələndirdiyi hissə (3000 manat) qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən (5000 manat) az olduğundan, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(106)-1342/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar